Moskvanın son açıqlamaları bölgədə gərginliyi yenidən artırıb. Rusiya Prezidenti Vladimir Putin, həm Avropaya, həm də Ukraynaya sərt mesajlarla çıxış edərək Qara dənizdə yeni eskalasiya ehtimalını gündəmə gətirib. Putin bəyan edib ki, Rusiya Ukraynanın dəniz ticarət yollarını tamamilə kəsmək niyyətindədir. O, “Ukrayna limanlarına və bu limanlara daxil olan gəmilərə hücumları artıracağıq” deyərək bölgədəki mülki dəniz daşımalarını birbaşa hədəfə alıb.Bu mesaj Qara dənizdə hərəkət edən kommersiya gəmiləri üçün ciddi təhlükə siqnalı kimi qiymətləndirilir.
Putin çıxışında Avropa İttifaqını da hədəf alıb.Onun sözlərinə görə, Avropanın Rusiya ilə bağlı tələbləri “qəbulolunmazdır”.
“Rusiyanın Avropa ilə müharibə planı yoxdur. Amma onlar istəsə, biz buna tam hazırıq” deyə Putin bildirib. O, Avropanı sülh təşəbbüslərini əngəlləməkdə, ABŞ-ın diplomatik cəhdlərini də bloklamaqda ittiham edib. Putin son olaraq Ukrayna rəhbərliyini hədəfə alıb. O iddia edib ki, Kiyev nə cəbhədəki vəziyyətə, nə də ölkənin ağır iqtisadi durumuna diqqət ayırır; yalnız “Qərbdən daha çox yardım toplamaq”la məşğuldur.Putinin bu sərt çıxışından sonra NATO və Avropa ölkələrinin verəcəyi mümkün cavab, eləcə də Qara dənizdə naviqasiya təhlükəsizliyinin necə təmin olunacağı sual altında qalır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

