Azərbaycanda hər gün yeni restoranlar açılır. Gözoxşayan interyerlər, par-par yanan lövhələr, reklamlar… Amma bu parıltının içində ən vacib şey olan xidmət səviyyəsi yoxdur.

Restorana girirsən və görürsən ki, mətbəxdə qazanın qapağını qaldırıb müştərinin gözü qarşısında baş örtüyü olmadan, maskasız və əlcəksiz yemək haqqında danışan aşpazlar var. Danışa-danışa qazanın üzərinə əyilən adamın ağzından sıçrayan tüpürcək yeməyin üstünə düşür. Sanki gigiyena qaydaları kiminsə kefinə görə tətbiq olunur: istəsə, əməl edir, istəməsə, yox.

Başqa ölkələrdə bu cür davranış müəssisənin bağlanması üçün kifayət edir. Bizdə isə adi hal, hətta “norma” sayılır.

Restoranda oturursan, yarım saat ofisiantı gözləyirsən. Sanki sən müştəri yox, artıq adamsan. Kimə müraciət edəcəyini, kimin sifarişi qəbul edəcəyini bilmirsən. Nəhayət, biri yaxınlaşır, sifarişi götürür. Uzun müddət keçdikdən sonra yeməyi gətirir, amma yol boyu danışa-danışa hər kəsin sualına cavab verir və danışdıqca ağzından sıçrayan tüpürcək yeməyin üstünə düşür. Sonda isə sanki heç bir problem yoxmuş kimi: “Buyurun, yeyin”, — deyir. Bu həm iyrənclikdir, həm də sağlamlıq üçün ciddi təhlükədir.

Bu gün Azərbaycanda ən böyük problemlərdən biri məhz budur: xidmət keyfiyyəti yoxdur. Nə mədəniyyət var, nə məsuliyyət, nə də peşəkarlıq. Xidmət sahəsində çalışanların bir çoxu hələ də anlamır ki, müştəriyə hörmət işin bünövrəsidir. Mətbəxdə gigiyena sağlamlığın zəmanətidir. Davranış müəssisənin simasıdır.

Restoranların sayı hər gün artır, qiymətlər bahadır, yeməklərin keyfiyyəti və xidmətin səviyyəsi aşağıdır. Müştəriyə hörmətin olmadığı yerdə inkişafdan danışmaq mümkün deyil. Xidmət sahəsində çalışanların böyük qismi işini “peşə” yox, sadəcə “məşğuliyyət” kimi görür.

Bu məsuliyyətsizlik həm insanın sağlamlığına, həm cəmiyyətin mədəniyyətinə, həm də ölkənin imicinə zərbə vurur. Vəziyyət həm qanunla, həm təlimlə, həm də nəzarətlə dəyişməlidir. Xidmət edənlər anlamalıdırlar ki, restoran yalnız divar və masadan ibarət deyil. Restoran mədəniyyətdir, münasibətdir, hörmətdir.

Hər gün bu gördüyümüz mənzərəni dəyişməyin vaxtı çoxdan çatıb.

Tural Qoca

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir