Sumqayıt və Bərdə şəhərlərindəki orta məktəblərdə Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən növbəti ekoloji maarifləndirici görüşlər təşkil edilib. Tədbirlər Sumqayıt şəhəri 38 saylı, Bərdə şəhəri F.M. Muradov adına 7 nömrəli tam orta məktəb və R.N. Musayev adına gimnaziya məktəblərində keçirilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən görüşlərdə şagirdlərə tullantıların növləri, düzgün çeşidləmə, plastik tullantıların ətraf mühitə təsirinin azaldılması və təkrar emalın əhəmiyyəti barədə ətraflı məlumat verilib. Həmçinin məişət tullantılarının azaldılması yolları və gündəlik həyatda tətbiq oluna biləcək sadə ekoloji vərdişlərin əhəmiyyəti izah olunub.
Tədbirin əsas məqsədi regionlarda əhalinin ekoloji məsuliyyət hissini artırmaq, təbiətin qorunması sahəsində bilik və bacarıqları inkişaf etdirmək və ətraf mühitə həssas yanaşmanı təşviq etməkdir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

