Azərbaycanın müxtəlif bölgələrində ətraf mühit mövzusunda məlumatlılığın artırılması məqsədilə maarifləndirici tədbirlər təşkil olunub. Bu görüşlər Dünya Ekoloji Təhsil Günü çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələri tərəfindən keçirilib.Tədbirlər İsmayıllı və Qəbələ Dövlət Peşə Təhsili Mərkəzlərində, eləcə də Quba rayonu 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyində baş tutub. Görüşlər zamanı iştirakçılara ekoloji təhsilin önəmi, ətraf mühitin qorunması, tullantıların düzgün idarə olunması, iqlim dəyişikliyi, eləcə də flora və fauna növlərinin mühafizəsi barədə geniş məlumat verilib.Tədbirlər interaktiv formada keçirilib, iştirakçıların sualları cavablandırılıb və ekoloji mövzular ətrafında müzakirələr aparılıb.Dünya Ekoloji Təhsil Günü hər il insanların ətraf mühit problemlərinə diqqətini artırmaq, ekoloji məsuliyyət hissini gücləndirmək və planetimizin qorunmasına yönələn qərarlar qəbul etməyə təşviq etmək məqsədilə qeyd olunur.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

