Son illərdə qəzetlərə marağın azalması diqqətdən yayınmır. İnsanlar xəbərlərə daha sürətli və rahat çatmaq üçün onlayn mediaya yönəlir. Lakin Türkiyə və Avropa təcrübəsi göstərir ki, qəzet hələ də öz oxucu kütləsini qoruyur və etibarlı informasiya mənbəyi olaraq qalır.

Sabiq millət vəkili Etibar Əliyev yenifikir.media-ya açıqlamasında bildirir ki, informasiya texnologiyaları oxucuların gündəlik vərdişlərini dəyişib, amma qəzetin dəyəri hələ də müəyyən auditoriya üçün önəmlidir. Onun sözlərinə görə, qəzetin yoxa çıxması yaxşı hal deyil. Azərbaycanda qəzetlərin sayı çox azdır, onlar köşklərdə kiçik guşələrdə yerləşdirilir və çox vaxt siqaret, içki kimi məhsullar üstünlük təşkil edir. Dünyanın bir çox ölkəsində milyon tirajla çıxan qəzetlər geniş oxucu kütləsinə sahibdir. Bizdə isə qəzetlər kiçik tirajla nəşr olunur, alıcı tapa bilmir və çoxu geri qaytarılır. Qəzet — arxivdir, yazılı mətbuatdır.

O, əlavə edir ki, Azərbaycanda alimlər və tədqiqatçılar arxivlərdə qəzetlərlə işləyərək elmi dərəcələr alıblar. Buna görə də qəzetin bərpası vacibdir. Lakin çıxan qəzetlərin çoxu oxşardır, eyni məlumatlar dərc olunur və intellektual yük çox aşağıdır. Bu isə oxucunu cəlb etmir. Metroda qəzet oxuyan insanları görmək artıq çətinləşib. Oxucular əsasən xəbər saytlarına yönəlir və saytların böyük əksəriyyəti yalnız xəbərləri tirajlayır, analitik yazılara isə az rast gəlinir.

Qəzet isə bir neçə səhifədən ibarət olduğuna görə oxucu həm informasiyaları, həm analitik yazıları, həm köşə yazılarını, həm də müsahibələri oxuya bilirdi. Bu baxımdan qəzet saytlara nisbətən daha rahat və zəngin bir oxu təcrübəsi təqdim edirdi.

Dünyada vəziyyət tam fərqlidir. Məsələn, Yaponiyada beş qəzet çıxır və ümumi tiraj təxminən qırx milyon nəfərdir. İqtisadiyyat qəzeti böyük tirajla çıxır və oxucu kütləsi genişdir. Vaxtilə insanlar evlərində qəzet arxivləri saxlayır, müəyyən müddət sonra onları makulatura kimi təhvil verərək əvəzində kitab alırdılar. İndi isə bu vərdişlər demək olar ki, yoxa çıxıb. Qəzetin yoxa çıxması intellektual sferanın daralmasına səbəb olur.

Qardaş Türkiyədə milyonlarla tirajla qəzetlər çıxır. Rusiyada “Аргументы и Факты” bir milyon tirajla, “Коммерсант” isə təxminən eyni tirajla çap olunur. Cəmiyyət qəzetin üstünlüyünə böyük dəyər verir. Etibar Əliyev hesab edir ki, qəzetin bərpası üçün xüsusi proqram hazırlanmalı və təbliğatı gücləndirilməlidir.

Əvvəllər televiziyalarda qəzet materiallarının şərhi və xülasəsi verilsə də, indi bu da yoxa çıxıb. Nəticədə biz qəzetsiz qalmışıq, bu isə yaxşı hal deyil. O, əlavə edir ki, dünya xalqları arasında kitab oxumaqda biz ən az oxuyan xalqlardanıq. Kitab mağazalarına baxsaq, əsasən gəncləri görərik və onlar da daha çox detektiv əsərlər və müəlliflərin təbliğ etdiyi kitabları axtarırlar.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir