Qurudulmuş meyvələr nədir?

Qurudulmuş meyvələr – qurutma zamanı tərkibindəki suyun böyük hissəsi çıxarılmış meyvələrdir. Qurutma təbii olaraq günəşdə və ya havada, həmçinin süni qurutma qurğularında həyata keçirilə bilər. Qurutma prosesi vaxt aparsa da, meyvələrin tərkibindəki vitaminlər qorunub saxlanılır. Bu proses vitamin və mineralların böyük hissəsini saxlamağa, eyni zamanda məhsulun saxlanma müddətini uzatmağa imkan verir. Təcrübələr göstərir ki, istənilən meyvəni qurutmaq mümkündür.

Qurudulmuş meyvələr lif, vitamin, kalium, maqnezium və dəmir kimi minerallarla zəngindir. Soyuq havalarda orqanizmi vitaminlərlə təmin edir, bədənin tükənmiş enerjisini bərpa edir. Ürək, qan-damar, mədə-bağırsaq kimi orqanların fəaliyyətinə müsbət təsir göstərir, bəzi xəstəliklərin aradan qaldırılmasına da kömək edir.

Quru meyvələr sağlam qəlyanaltı kimi istifadə oluna, dənli bitkilərə, bişmiş məmulatlara və digər yeməklərə əlavə edilə bilər.

Qurudulmuş meyvələrə şəkərlənmiş meyvələr də daxildir. Belə ki, bu meyvələr əvvəlcə şəkər siropunda qaynadılır, sonra qurudulur. Bu emal nəticəsində məhsul şirin dad və sıx toxuma əldə edir. Ananas, kivi, qaysı və digər sevilən meyvələrin belə qurudulmuş versiyalarını tez-tez görmək mümkündür.

Meyvələri bir neçə üsulla təbii şəkildə qurutmaq olar. Qurudulmuş meyvələrin istehsalında müxtəlif qurutma üsullarından istifadə edilir. Bu üsullar meyvələrin dadını, rəngini, teksturasını və qida dəyərini qoruyur, həm də saxlanma müddətini artırır.

– Açıq havada günəş şüaları altında qurutma: Ucuz və ekoloji cəhətdən təmiz üsuldur, lakin hava şəraitindən asılıdır.

– Kölgədə qurutma: Günəş işığından uzaq, kölgəli yerlərdə aparılır. Bu üsul vitamin və mikroelementləri daha yaxşı qoruyur, lakin daha çox vaxt tələb edir.

– Donduraraq qurutma (liofilizasiya): Meyvələr əvvəlcə dondurulur, sonra isə vakuum şəraitində buzu birbaşa buxara çevrilərək çıxarılır. Bu üsul meyvənin dadını, rəngini və qida dəyərini maksimum dərəcədə saxlayır, lakin avadanlıq və enerji baxımından bahalıdır.

Hər qurutma üsulunun öz üstünlükləri və məhdudiyyətləri var. Seçim meyvənin növü, istənilən məhsul keyfiyyəti və istehsal imkanlarından asılı olaraq dəyişə bilər.

Qurudulmuş meyvələrdə vitamin və minerallar saxlanılır.

Məsələn:

– Quru ərik, şaftalı və yerkökü – A vitamini ilə zəngindir. Bu vitamin sağlam dəri, görmə və immun sistemini dəstəkləyir.

– Banan, kişmiş və zoğal – B vitaminləri ilə zəngindir. Maddələr mübadiləsi və sinir sisteminin fəaliyyəti üçün vacibdir.

– Əncir və zoğal – E vitamini ilə zəngindir. Antioksidant xüsusiyyətə malikdir və hüceyrələri qoruyur.

– Qara gavalı – K vitamini ilə zəngindir. Sümük sağlamlığına və qan laxtalanmasına müsbət təsir göstərir.

Kalori dəyəri

Qurudulmuş meyvələrdə suyun çıxarılması nəticəsində şəkər və kalori miqdarı artır, bu da onları enerji baxımından zəngin edir. Hər 100 qram üçün orta kalori miqdarı:

Kişmiş – 299 kkal

Xurma – 282 kkal

Ərik – 241 kkal

Gavalı – 240 kkal

Banan – 519 kkal

Albalı – 333 kkal

Ananas – 313 kkal

Armud – 262 kkal

Bu göstəricilər qurudulmuş meyvələrin yüksək enerji və şəkər tərkibli olduğunu sübut edir.

Əgər şəkərli diabetiniz varsa, qurudulmuş meyvələrdən istifadə mümkündür, lakin ehtiyatla və məhdud miqdarda. Bu məhsullar orqanizm üçün faydalı olan lif, vitamin və minerallarla zəngindir.

Qurudulmuş meyvələrin əsas faydaları:

– Zəngin lif mənbəyi: Bağırsaq hərəkətliliyini yaxşılaşdırır, qəbizliyin qarşısını alır, mikrofloranı sağlam saxlayır.

– Təbii fermentlər: Əncir və gavalı kimi meyvələrdə həzmi yaxşılaşdıran fermentlər olur.

– Antioksidantlar: Xüsusilə zoğal kimi meyvələr C və E vitaminləri ilə zəngindir, dərini qoruyur, cavan görünüş verir.

– Vitamin və minerallar: A, C, K, B vitaminləri, kalium, maqnezium, dəmir – sağlam dəri, sümüklər və ümumi bədən funksiyaları üçün vacibdir.

Ev şəraitində qurudulmuş meyvələri vakuumlama üsulu ilə uzun müddət saxlamaq mümkündür.

Quru meyvə alarkən nəyə diqqət etməli?

Keyfiyyətli qurudulmuş meyvələr adətən tutqun rəngdə olurlar. Məsələn, ərik qurusu – tünd narıncı və ya qəhvəyi, qara gavalı – mavi-qara rəngdə olur. Təzə meyvə kimi qoxusu olmalıdır.Meyvə alarkən rənginə, qoxusuna və toxumasına xüsusi diqqət yetirmək lazımdır.

Suheyə Maharemova

Yenifikir.media

 

 

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir