Dünya, aləm özü bir kitabdır. Seyr et – bax, düşün – təfəkkür et. Oxu, öyrən! Əslində Quranın ilk ayəsi olan “Oxu!” kainat kitabını oxumağı əmr edir…
İnsan özü də bir kitabdır. Çox adam minlərlə kitab oxusa da təəssüf ki, özü özünü oxumur, oxuya bilmir, oxumaq istəmir…
İmam Əlinin şeirlərinin birində insanın əslində özünü kiçik görməməsi deyilir. Cismən kiçik olsa da məna – mahiyyət, daxili aləm baxımından kainat qədər böyük olduğu vurğuıanır. Hətta İmam qeyd edir ki, ey insan, sənin daxilində böyük bir aləm gizlənib, çalış onu kəşf et. Peyğəmbər ona görə buyurur ki, özünü tanıyan Rəbbini də tanıyır…
Şair bu yerdə gözəl deyib:
“… Kitablar bir yalan yuxudur, yuxu,
Həyatı həyatın özündən oxu.”
Hansısa yazılı əsər müəyyən bir şəxsin məhdud fikrinin, ağlının məhsuludursa həyat, dünya, aləm isə hüdudsuz Allahın əsəridir. Allahın əsl kitabı kainatdır, aləmdir.
Quranın ilk ayəsinin “Oxu” əmrinin nəyi oxumağı əmr etdiyi sonrakı ayələrdən aşkar olur. Təbii ki, bu əmrdə Quranı oxumağı demirdi. Çünki Quran hələ təzə nazil olurdu, əldə ayə, surə yox idi. Əksər mənbələrə görə də Peyğəmbər “ümmi”, oxumaq – yazmaq bilməyən biri idi. Bəs onda nəyi oxumağı əmr edirdi İlahi?
Təbii ki, həyat, dünya, kainat, insan adlı kitabı oxumağı əmr edirdi Peyğəmbərin timsalında bütün insanlığa…
Quran əslində həyat, insan və kainat kitabının açar sözləridir. Tezisləri, istiqamətidir…
Tural İrfan
İlahiyyatçı – yazar
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin