Qüdrət Zeynallı Beynəlxalq Riyaziyyat Olimpiadasında bürünc medal qazandı
Bir müddət əvvəl keçirilən beynəlxalq olimpiadada Qüdrət Zeynallının bacısı Zəhra Zeynallı gümüş medal qazanmışdı. Bu dəfə isə uğur növbəsi Qüdrətin özünə çatıb.
Bakı şəhəri H.Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Liseyin 6-cı sinif şagirdi Qüdrət Zeynallı Beynəlxalq Riyaziyyat Olimpiadasında bürünc medal qazanıb.
Qüdrət Zeynallı “SASMO” – Singapore and Asian Schools Math Olympiad beynəlxalq riyaziyyat olimpiadasında uğurla çıxış edərək bürünc medal və diplomla təltif olunub.
Yüzlərlə məktəblinin iştirak etdiyi bilik yarışında şagirdlər riyazi bilik və bacarıqlarını təxminən 3 saat davam edən imtahan zamanı nümayiş etdiriblər.
Beynəlxalq olimpiadalarda yüksək nəticə göstərmək heç də asan deyil. Bu uğurun əldə olunmasında şagirdin zəhməti ilə yanaşı, valideyn və müəllimlərin də böyük əməyi var.
Qeyd edək ki, bu, Qüdrət Zeynallının ilk uğuru deyil. O, müxtəlif sınaq, yarış və olimpiadalarda iştirak edərək yüksək nəticələr göstərib və bir sıra nailiyyətlər əldə edib.
Qüdrət Zeynallını bu uğuru münasibətilə təbrik edir, ona gələcək yarışlarda da yeni qələbələr arzulayırıq.

© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin





