Ölkədə sosial rifahın artırılması və qeyri-neft sektorunda rəsmi məşğulluğun təşviqi məqsədilə gəlir vergisi üzrə yeni güzəştlər tətbiq ediləcək. 2019-cu ildən qüvvədə olan 7 illik vergi güzəştlərinin müddəti bu ilin sonunda başa çatdığından, 2026-cı ildən qeyri-neft-qaz sektorunun özəl bölməsində fiziki şəxslər üçün yeni, mərhələli vergi mexanizmi qüvvəyə minəcək.
Yeni sistem sahibkarların vergi yükünü azaltmaq, iqtisadi fəallığı artırmaq və yeni iş yerlərinin yaradılmasına stimul vermək məqsədi daşıyır. Təklif olunan mexanizmə əsasən:
2500 manatadək aylıq gəlirlər 2026-cı ildən 3%, 2027-ci ildən 5%, sonrakı illərdə isə 7% dərəcə ilə vergiyə cəlb olunacaq;
2500–8000 manat arası gəlirlər 10%
8000 manatdan yuxarı gəlirlər 14% vergi ilə hesablanacaq.
Bu aralıqda 2500 manatadək gəlirin 200 manatlıq hissəsinə vergi tətbiq olunmaması güzəşti də qalacaq.
Sosial sığorta dərəcələrində dəyişiklik
2026-cı ildən muzdlu iş üzrə aylıq gəliri 8000 manatadək olan işçilər üçün sosial sığorta ödənişləri hazırkı qaydada saxlanılacaq. 8000 manatdan yuxarı hissəyə görə isə dərəcə 25%-dən 21%-ə endiriləcək (işçi 10%, işəgötürən 11%).
İcbari tibbi sığorta haqları da yenilənir
Hazırda əməkhaqqının 8000 manatadək hissəsindən 2%, yuxarı hissəsindən 0,5% tutulurdusa,
2026-cı ildən:
2500 manatadək hissəyə — 2%
2500 manatdan yuxarı hissəyə — 0,5% (işçi və işəgötürən üzrə)
Bu dəyişikliklə 2500–8000 manat aralığında tibbi sığorta yükü 4%-dən 1%-ə endiriləcək.
İşsizlikdən sığorta ödənişləri isə əvvəlki qaydada davam edəcək.
Yeni mexanizmlər sosial müdafiə sisteminin dayanıqlığını gücləndirəcək, əmək bazarında yükü balanslaşdıracaq və rəsmi məşğulluğun davamlı olmasına töhfə verəcək. Vergilərin mərhələli tətbiqi həm işçilər, həm də sahibkarlar üçün daha yumşaq keçid yaradacaq, qiymət və əməkhaqqı sabitliyinə dəstək verəcək.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

