Türk xalqlarının tarixi atın izi ilə başlayır, atın nəfəsi ilə davam edir. At yalnız minik vasitəsi deyil; azadlığın, gücün və yolun simvolu olub. Bu gün də türk dövlətlərini birləşdirən ortaq dəyərlərdən biri məhz at kultudur.

Azərbaycanla Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmliyi təsadüfi deyil. Eyni dil ailəsinə mənsub, eyni mədəniyyətin daşıyıcıları olan bu iki xalq həm folklorda, həm də gündəlik həyat tərzində bir-birinə çox yaxındır. Ortaq kəlmələrdən tutmuş dastan qəhrəmanlarına qədər hər şey bizi birləşdirir. Və bu ortaq ruhun ən güclü rəmzi – atdır.

 

Türkmənlərin milli qüruru olan “Axıltəkə” atı dünyanın ən qədim cinslərindən biridir. Onun incə bədəni, qızılı parıltılı tükləri və dözümlülüyü yalnız təbiətin möcüzəsi deyil, həm də türkmən mədəniyyətində müqəddəs rəmzdir. Axıltəkə əsrlər boyu türkmənlərin dostu, döyüş yoldaşı və qürur mənbəyi olub. Bu səbəbdən də həmin at Türkmənistan dövlətinin simvollarında əksini tapır və xalqın milli sərvəti hesab olunur.

At sevgisi yalnız türkmənlərlə məhdudlaşmır. Bütün türk xalqlarının folklorunda və dastanlarında at qəhrəmanla birgə çəkilir. Dədə Qorqud dastanından Koroğluya qədər bütün igidlər atları ilə tanınıb. At qəhrəmanın gücünün bir parçası, yol yoldaşı və tale ortağı olub. Bizim xalqımız da igidlərini atlarından ayrı təsəvvür etməyib. “Qırat”ı olmayan Koroğlu, “Dürat”ı olmayan igid – təsəvvürə belə gəlməz.

Məhz bu mədəni dəyərlərin işığında bugün Türkmənistanın Türkmənbaşı şəhərində yaşanan hadisə xüsusi rəmzi məna daşıdı. Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev türkmənlərin milli iftixarı olan “Axıltəkə” atlarına həsr olunmuş tədbirdə iştirak etdilər.

Qonaqlar dünyada şöhrət qazanmış “Galkynysh” atlı qrupunun çıxışını izlədilər. Bu çıxış yalnız atçılıq sənətinin incəliyini deyil, həm də türkmən xalqının əsrlərlə qoruduğu ruhun gücünü nümayiş etdirdi.

Tədbirin ən yaddaqalan anı isə türkmən qonaqpərvərliyinin təntənəsi oldu. Qurbanqulu Berdiməhəmmədov, Prezident Sərdar Berdiməhəmmədovun və bütövlükdə türkmən xalqının adından Prezident İlham Əliyevə nadir nəsil xəttinə mənsub, gözəlliyi ilə seçilən “Taus” ləqəbli “Axıltəkə” atını hədiyyə etdi.

 Bu hədiyyə sadəcə bir at deyil. Ortaq tariximizin, mədəniyyətimizin və türk dünyasını birləşdirən qardaşlığın canlı rəmzidir.

Bugünkü görüş Türkmən torpağında baş verən bu anı dostluq və etimadın ən gözəl nümunəsi kimi tarixə yazdı.

Savalan Talıblı 

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir