“Qarabağ” Futbol klubu dünənki oyunda olduqca yaxşı, hətta əla oynadı. Hava şəraitinin çətinliyi, azarkeş azlığı və rəqibin İtaliya futbol məktəbinə məxsus sərt üslubu komandamıza əlavə çətinlik yaratsa da, “Qarabağ” meydanda öz oyununu ortaya qoymağı bacardı. Səhvlər olsa belə…
Fiziki baxımdan güclü və sürətli heyəti ilə seçilən “Napoli” geniş meydançalarda böyük təcrübəyə malik olsa da, ilk addımlarını atan Qarabağ qarşısında gözlənildiyimizdən daha zəif təsir bağışladı. Bununla belə, Qarabağ 90+6 dəqiqə ərzində rəqibi çətin durumda saxlamağı bacarırdı.Hətta qaytarılan on bir metrlik cərimə zərbəsinə qədər.
Unutmayaq ki, rəqib bir vaxtlar Maradonanın forma geyindiyi dünya səviyyəli “Napoli”dir . Biz isə az büdcəli, fiziki baxımdan o qədər də güclü olmayan, futbol ölkəsi kimi tanınmayan , milli çempionatı sıfırın altında olan bir ölkənin təmsilçiləriyik. Bütün bu reallıqlara baxmayaraq, Qurban Qurbanovun rəhbərliyi ilə Qarabağ həm ölkədə, həm də Avropada öz sözünü deməyi bacarıb.
Üstəlik, Neftçi ilə İmişliyə belə uduzan Samir Abbasovun yaşadığı bir futbol mühitində yaşayırıq. Bu cür reallıqlarla barışmaq vaxtıdı. Qarabağın qələbəsi arzu olsa da, “Napoli” və digər rəqiblərimiz bütün üstünlükləri sayəsində qələbəyə daha real yanaşır.
Savalan Talıblı
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

