Kəlbəcər Azərbaycanın yalnız coğrafi xəritəsində yer tutan bir məkan deyil; O, tariximizin, mədəniyyətimizin, milli irsimizin və mübarizə ruhumuzun canlı yadigarıdır.
Qədim türk dillərində “çay üstündə qala” mənasını verən “Kəlbəcər” toponimi bu diyarın həm strateji mövqeyini, həm də minilliklər boyu məskunlaşma mərkəzi olmasını əks etdirir.
Tərtər çayı boyunca sıralanan qədim süni mağaralar, 30 min ildən çox yaşı olan qədim yaşayış yerləri, 6 min illik qayaüstü təsvirlər, çöp şəkilli türk əlifbası nümunələri – bütün bunlar Kəlbəcərin təkcə Azərbaycan yox, bütövlükdə insanlıq üçün mədəni xəzinə olduğunu göstərir. Bu daş kitabələrdə türklüyün izləri, atəşpərəstliyin, xristianlığın və sonralar İslamın qədim abidələri yaşayır.
Azərbaycanın ən yüksək dağ rayonlarından olan Kəlbəcər Camışdağın 3724 metr, Dəlidağın 3616 metr yüksəklikdə ucalan zirvələri ilə sanki səmaya toxunur. Meşələrlə zəngin bu ərazi həm də ölkənin Ermənistanla həmsərhəd strateji bölgələrindən biridir. 1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcər işğala qədər 53 minədək əhaliyə, 1 şəhər, 1 qəsəbə, 145 kəndə və 55 inzibati dairəyə malik idi,
lakin 2 aprel 1993-cü il Kəlbəcərin tarixində qara səhifə kimi qalır. Ermənistan Silahlı Qüvvələri rayonun işğalına nail oldu, yüzlərlə dinc sakin qətlə yetirildi, yüzlərlə insan əsir və itkin düşdü. 56 rayonun 770 yaşayış məntəqəsinə müvəqqəti məskunlaşmağa məcbur olan kəlbəcərlilər üçün uzun illər həsrət və qürbət başladı. Onlarla tarixi abidə, məktəb, xəstəxana, mədəniyyət ocağı, minlərlə ev, saysız avadanlıq və texnika talan edildi, rayonun təbii sərvətləri Ermənistana daşındı.
BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsi Ermənistan qoşunlarının Kəlbəcərdən dərhal çıxarılmasını tələb etsə də, bu sənəd illər boyu kağız üzərində qaldı. Əksinə, 1999-cu ildən başlayaraq rayonun ərazisi qeyri-qanuni olaraq ermənilərlə məskunlaşdırıldı.
2020-ci ildə isə tarix dəyişdi. Vətən müharibəsinin ilk günlərindən Kəlbəcər istiqamətində strateji yüksəkliklərin Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülməsi düşmənin hərəkət imkanlarını iflic etdi.
Prezident İlham Əliyevin dediyi kimi, bu yüksəkliklər Basarkeçər–Kəlbəcər yolunun istifadəsini demək olar ki, mümkünsüz etdi və düşmən yüksək təzyiq altında qaldı. Ordumuzun şanlı Qələbəsi ilə nəticələnən 44 günlük müharibədən sonra imzalanmış 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatına əsasən, 25 noyabr 2020-ci ildə Kəlbəcər bir güllə belə atılmadan Azərbaycana qaytarıldı.
Rayonu tərk edən qeyri-qanuni sakinlərin törətdiyi vandallıq – meşələrin qırılması, evlərin yandırılması, heyvanların öldürülməsi, obyektlərin qəsdən dağıdılması – erməni barbarlığının ən son nümunəsi kimi tarixə düşdü. Lakin bu dağıntılar Azərbaycan xalqının iradəsini sındıra bilmədi. 26 noyabr 2020-ci ildə təsis olunan “Kəlbəcərin azad olunmasına görə” medalı ilə minlərlə hərbi qulluqçu təltif edildi və bu Qələbə artıq milli qəhrəmanlıq dastanına çevrildi.
Qələbədən sonra Kəlbəcər yeni bir mərhələyə– bərpa və yenidən qurulma mərhələsinə qədəm qoydu. 2023-cü ildə 25 noyabrın “Kəlbəcər şəhəri günü” elan olunması bu tarixi rayonun dövlət səviyyəsində əhəmiyyətini bir daha təsdiq etdi. 2024-cü ildə təsdiqlənmiş “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” isə şəhərin yeni simasını formalaşdırır.
Artıq ərazidə müasir yaşayış məhəllələri salınır, təhsil müəssisələri, xəstəxanalar, muzeylər, sosial obyektlər layihələndirilir. Şəhərdə adambaşına 33 m² yaşıllıq nəzərdə tutulur ki, bu göstərici Azərbaycan üzrə orta normanı dəfələrlə üstələyir. Rayonda böyük köç prosesi də sürətlə davam edir. Prezident İlham Əliyev 2025-ci avqustun 21-də Kəlbəcərə səfəri zamanı buraya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim edib.
Bu vaxta qədər Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülüb. Artıq yüzlərlə ailə doğma yurduna qayıdır. Yanşaq, Zallar, Zar kəndlərində də minlərlə sakinin məskunlaşacağı yeni kəndlər salınır, məktəblər, bağçalar, sosial infrastruktur yenidən qurulur. Bu dirçəlişin mühüm hissələrindən biri də yol infrastrukturu və enerji sistemidir. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi dünya səviyyəsində mühəndis layihəsidir.
Murovdağ tunelinin 11,7 kilometrlik uzunluğu onu Avropanın beşinci, MDB ölkələrinin isə ən uzun avtomobil tunelinə çevirir. Kəlbəcərdə yenidən qurulan su elektrik stansiyaları rayonun enerji təminatında mühüm rol oynayır.
İstisu – Kəlbəcərin tacı sayılan termal su mənbəyi – artıq müasir Müalicə-İstirahət Kompleksi və yeni “İstisu” mineral su zavodu ilə dirçəlir. Dünyada nadir hesab olunan yüksək temperaturda çıxan mineral su üçün inşa edilən zavodun illik istehsal gücü 100 milyon şüşədən çoxdur və Kəlbəcərin iqtisadi potensialını daha da artırır.
Bu gün Kəlbəcər yalnız işğaldan azad edilmiş torpaq deyil, həm də böyük dövlətçilik iradəsinin, milli birliyin, yenidənqurmanın və inkişafın rəmzidir. Onun dağlarında əsrlərin səsi, qayalarında tariximizin nəfəsi, sularında şəfalar, torpağında bərəkət var. Kəlbəcər həm keçmişin izlərini daşıyır, həm də Azərbaycanın gələcəyinə açılan parlaq qapıya çevrilir.
Kəlbəcər artıq təkcə həsrətin adı deyil; o, Qələbənin, dirçəlişin və böyük dönüşün simvoludur.
Hüseynova Samirə Adəm qızı
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

