“Təməli 2009-cü ildə qoyulan, müasir vizionunu isə 2021-də qazanmış Türk Dövlətləri Təşkilatı qısa zaman kəsiyində regionun ən nüfuzlu siyasi və iqtisadi platformalarından birinə çevrilməyi bacarıb. Uzun illər ərzində dövlətlərin mədəni və tarixi bağlar üzərində qurulan əməkdaşlığı bu gün TDT müstəvisində real siyasi, iqtisadi və təhlükəsizlik mexanizminə çevrilib. Təşkilatın fəaliyyət istiqamətləri təkcə türk dövlətləri arasında əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də yeni dövrün regional inteqrasiya modelinə çevrilmək iddiasını ortaya qoyur”.
Bu fikirləri yenifikir.media saytına açıqlamasında siyasi şərhçi, “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru Pərviz Sadayoğlu deyib. O bildirib ki, TDT artıq regional güc olmaqla yanaşı, qlobal əməkdaşlıq formatlarının formalaşmasında da aktiv rol oynayır. Bu reallıq həm təşkilatın struktur baxımından çevik, həm də siyasi baxımdan dayanıqlı mexanizmlərə malik olduğunu göstərir. “Qəbələdə keçirilən Zirvə toplantısında yeni bir ideya – “TDT+” formatı müzakirə olundu. Bu, artıq təşkilatın yaxın gələcəkdə öz sərhədlərindən kənara çıxma ehtimalını ortaya qoyur, əməkdaşlıq coğrafiyasını genişləndirəcəyinə və qlobal tərəfdaşlıq üçün açıq bir platforma kimi formalaşacağına işarə edir. Bu toplantı türk dünyasının gələcək inteqrasiya modelinə yeni strateji baxış gətirdi. “TDT+” ideyası isə bu baxışın əsas ifadə forması kimi dəyərləndirilə bilər. Qeyd edim ki, beynəlxalq praktikada “+” formatı müəyyən təşkilatın, ittifaqın və ya regional qurumun öz struktur çevrəsini genişləndirmək, digər dövlət və ya birlikləri əməkdaşlıq çərçivəsinə cəlb etmək məqsədilə istifadə etdiyi diplomatik modeldir. Bu, təşkilatın formal üzvlük sistemini pozmadan, onun təsir dairəsini artırmaq və yeni tərəfdaşlıq əlaqələri qurmaq üçün tətbiq olunur”, – deyən siyasi şərhçi qeyd edib ki, “TDT+” formatı da türk dünyasının əməkdaşlıq coğrafiyasını genişləndirmək, iqtisadi və siyasi tərəfdaşlığın hüdudlarını artırmaq məqsədinə xidmət edəcək. Bu, həm də təşkilatın çevik xarakterini, yəni dəyişən beynəlxalq münasibətlər sisteminə uyğunlaşmaq qabiliyyətini nümayiş etdirir: “Vurğulanan viziona keçid mərhələsi isə fərqli konturlarla izah oluna bilər. Ilkin variantda TDT+ formatının genişlənmə imkanlarını bölgəsəl amillərlə əlaqələndirmək olar – türk coğrafiyasına yaxın və tarixi, mədəni, coğrafi bağları olan dövlətlər “+” formatının tərəfinə çevrilə bilər. Başqa bir ehtimal kimi isə, yaxın tərəfdaş ölkələrin bu formata daxil olması perspektivi düşünülə bilər – bu, xüsusilə Gürcüstan, Pakistan, Qətər, Çin, eləcə də Mərkəzi Asiya ilə ticarət əlaqələrinə malik ölkələri əhatə edə bilər. Bu dövlətlər TDT-nin nəqliyyat, enerji və təhlükəsizlik təşəbbüsləri ilə sıx bağlıdırlar. Məsələn, Gürcüstan Orta Dəhlizin mühüm tranzit hissəsidir, Pakistan isə Türkiyə və Azərbaycanla müdafiə əməkdaşlığında iştirak edir. Belə dövlətlərin “TDT+” formatına daxil edilməsi təşkilatın regional və beynəlxalq çəkisini artırar”.
P.Sadayoğlu bildirib ki, yeni formatın tətbiqi artıq dayaqları möhkəmlənməkdə olan TDT-yə bir neçə istiqamətdə ciddi üstünlüklər qazandıra bilər: “Azərbaycan uzun illərdir ki, regionda əməkdaşlıq platformaları yaradır: Mərkəzi Asiya–Qafqaz–Türkiyə üçbucağı, Cənubi Qafqazda sülh platforması, Orta Dəhliz təşəbbüsləri və enerji ittifaqları bunun bariz nümunəsidir. Qəbələ Bəyannaməsində vurğulanan bu ideya Azərbaycanın bütün regionu inteqrasiya edən siyasət yürütməsinin növbəti göstəricisidir. Azərbaycanın dövlət siyasətinin ana xəttini təşkil edən qarşıdurmalardan uzaq, əməkdaşlığa və qarşılıqlı maraqlara əsaslanan siyasət artıq türk dünyasının əsas siyasi fəlsəfəsinə çevrilir. Bu mənada, “TDT+” formatı Azərbaycanın təşəbbüskarlıq modelinin regional deyil, qlobal səviyyəyə daşınması deməkdir”.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

