Son illərdə Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin bütün sahələrdə, o cümlədən ali təhsil və elm istiqamətində dinamik inkişafı müşahidə olunur. İki ölkənin universitetləri arasında akademik mobillik, müəllim və tələbə mübadiləsi, birgə elmi fəaliyyət, təcrübə mübadiləsi və yeni akademik proqramların hazırlanması istiqamətində əməkdaşlıq genişlənir. Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələri də genişlənərək yeni istiqamətləri əhatə edir.
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynova AZƏRTAC-a müsahibəsində Azərbaycan–Özbəkistan münasibətlərinin təhsil sahəsində inkişaf edən istiqamətlərindən danışıb, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə məlumat verib.
– Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Özbəkistanın ali təhsil müəssisələri arasında hansı ikili diplom proqramları üzrə müqavilələr imzalanıb? Bu proqramların hazırkı icra vəziyyəti necədir?
– Azərbaycan Dövlət Pedaqoji Universitetinin Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlığı son illərdə daha sistemli və çoxşaxəli xarakter alıb. Bir sıra universitetlərlə imzalanmış əməkdaşlıq müqavilələri və memorandumlar tələbə və müəllim mübadiləsini, birgə elmi fəaliyyətləri, akademik proqramlar üzrə təcrübə mübadiləsini, elmi konfrans və seminarların təşkilini əhatə edir.
İkili diplom proqramlarının yaradılması isə əməkdaşlığın perspektiv istiqamətlərindən biri kimi müzakirə olunur. Xüsusilə ADPU-nun Quba filialı ilə Özbəkistanın Asiya Texnologiyaları Universiteti arasında 2026-cı ilin iyununda keçirilən görüşdə ikili diplom proqramlarının perspektivləri nəzərdən keçirilib. Eyni zamanda, 2025-ci ildə keçirilmiş Birinci Azərbaycan–Özbəkistan Rektorlar Forumunda ikili diplom proqramlarının genişləndirilməsi iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi müzakirə olunub. Başqa sözlə, bu istiqamətdə əməkdaşlıq hazırda daha çox hazırlıq, müzakirə və perspektivlərin müəyyənləşdirilməsi mərhələsindədir.
– Universitetdə özbəkistanlı tələbələrin təhsil alması hazırda hansı səviyyədədir?
– Azərbaycan ali təhsilinə Özbəkistandan marağın artması iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinin göstəricilərindən biridir. Prezident İlham Əliyevin 2026-cı il avqustun 21-də Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə də 2025–2026-cı tədris ilində 67 nəfər Özbəkistan vətəndaşının Azərbaycanda təhsil aldığı vurğulanır. ADPU-ya isə Özbəkistan universitetlərindən akademik mobillik çərçivəsində tələbələrin gəlməsi artıq bir neçə tədris ilini əhatə edən əməkdaşlıq istiqamətinə çevrilib. Gələcək illərdə xarici tələbələrimiz arasında da Özbəkistan gənclərini də görəcəyimizə əminik. Yeri gəlmişkən hazırda da əcnəbi tələbələr üçün qəbul davam edir.
– Özbəkistan universitetləri ilə hansı birgə layihələr həyata keçirilir?
– ADPU-nun Özbəkistan ali təhsil müəssisələri ilə əməkdaşlığının mühüm xüsusiyyəti ondan ibarətdir ki, əlaqələr yalnız memorandum və müqavilələrin imzalanması ilə məhdudlaşmır. Müxtəlif istiqamətlər üzrə konkret akademik və elmi-mədəni təşəbbüslər də həyata keçirilir. Məsələn, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ADPU-nun Özbəkistandakı mühüm tərəfdaşlarından biridir. 2022-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsi elmi əlaqələri, akademik və inzibati heyətin, tələbə və doktorantların qarşılıqlı mübadiləsini nəzərdə tutur. Əməkdaşlığın konkret nəticələrindən biri ADPU-nun Quba filialında yaradılmış “Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi”dir. Mərkəzin açılışı 2024-cü ilin mayında ADPU, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə keçirilən elmi-praktik tədbir çərçivəsində keçirilib.
Eyni zamanda, Özbəkistan universitetləri ilə əməkdaşlıq inklüziv təhsil, STEAM texnologiyaları və müasir pedaqoji yanaşmalar üzrə təcrübə mübadiləsi ilə də davam etdirilir. 2026-cı ilin mayında Fərqanə Dövlət Universitetinin səkkiz nəfərlik professor-müəllim heyətinin Quba filialına səfəri zamanı STEAM əsaslı metodologiya, rəqəmsal texnologiyaların tədrisə inteqrasiyası və pedaqoji innovasiyalar üzrə təcrübə mübadiləsinin aparılmasını buna misal göstərmək olar. Beləliklə, mövcud əməkdaşlıq akademik mobillik, müəllim hazırlığı üzrə təcrübə mübadiləsi, STEAM və inklüziv təhsil, elmi tədbirlər və Azərbaycan–Özbəkistan elmi-mədəni əlaqələrinin təşviqi kimi bir neçə istiqaməti əhatə edir.
– Tərəflər arasında hansı birgə elmi-tədqiqat layihələri icra olunur?
– Əlbəttə, elmi-tədqiqat əməkdaşlığı da ADPU ilə Özbəkistan universitetləri arasında imzalanmış müqavilə və memorandumlarda nəzərdə tutulan əsas istiqamətlərdəndir. Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq sənədində elmi əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulur, eyni zamanda Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyalar Universiteti ilə qurulan əməkdaşlıq çərçivəsində də tələbə və müəllim mübadiləsi ilə yanaşı, birgə elmi tədqiqatların aparılması məsələsi gündəmə gətirilib.
2024-cü ildə ADPU nümayəndələrinin Özbəkistan universitetlərində keçirdiyi görüşlər zamanı birgə elmi tədqiqatlar, konfrans və seminarların təşkili, eləcə də akademik əməkdaşlığın digər istiqamətləri müzakirə olunub. Yəni hazırkı mərhələni daha çox elmi əməkdaşlıq üçün institusional bazanın formalaşdırıldığını, ortaq elmi tədbirlərin və tədqiqat əməkdaşlığının inkişaf etdirildiyi mərhələ kimi xarakterizə edə bilərik.
– Müəllim və tələbə mübadiləsi proqramları çərçivəsində hansı işlər görülür və bu proqramlardan neçə nəfər faydalanıb?
– Akademik mobillik ADPU ilə Özbəkistan universitetləri arasında əməkdaşlığın praktik nəticələrinin daha aydın göründüyü sahələrdən biridir. Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin tələbələri 2023–2024-cü tədris ilinin həm payız, həm də yaz semestrlərində ADPU-da akademik mübadilədə iştirak ediblər. Mübadilə çərçivəsində musiqi müəllimliyi, ingilis dili və ədəbiyyatı kimi istiqamətlər üzrə tələbələrin ADPU-da təhsil prosesinə qoşulması təmin olunub.
2024-cü ilin noyabr–dekabr aylarında həmin universitetin tarix istiqaməti üzrə III–IV kurs tələbələri də ADPU-da akademik mübadilədə iştirak ediblər. Müəllimlər arasında qarşılıqlı təcrübə mübadiləsi də genişlənir. Artıq qeyd olunduğu kimi 2026-cı ilin mayında Fərqanə Dövlət Universitetinin 8 nəfərlik professor-müəllim heyəti ADPU-nun Quba filialında olub, dərs və metodik fəaliyyətlərlə tanış olub, STEAM və rəqəmsal pedaqogika üzrə təcrübə mübadiləsi aparıb.
Bununla yanaşı, 2025–2026-cı illər üzrə Azərbaycan–Özbəkistan təhsil əməkdaşlığı Yol Xəritəsində Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə ADPU arasında pedaqoji heyətin mübadiləsinin təşkili ayrıca əməkdaşlıq istiqaməti kimi müəyyənləşdirilib.
– Qarşıdakı dövrdə Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində hansı yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur?
– Qarşıdakı mərhələdə əsas istiqamətlərdən biri mövcud əməkdaşlıq sənədlərinin konkret akademik və elmi təşəbbüslərlə zənginləşdirilməsidir. Bu baxımdan tələbə və müəllim mobilliyinin genişləndirilməsi prioritet istiqamətlərdəndir. Digər istiqamət birgə akademik proqramların hazırlanması və ikili diplom imkanlarının araşdırılmasıdır. Müəllim hazırlığı, STEAM, inklüziv təhsil, rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiyası və müasir pedaqoji metodlar hazırda tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün real əsas yaradan istiqamətlərdir. Bu sahələr üzrə hansı konkret yeni layihələrin icraya başlanacağı isə müvafiq universitetlər arasında razılaşdırılacaq proqram və fəaliyyət planlarından asılı olacaq.
Azərbaycanla Özbəkistan arasında münasibətlərin son illərdə müttəfiqlik səviyyəsinə yüksəlməsi təhsil sahəsində əlaqələrin inkişafı üçün də əlverişli siyasi və institusional zəmin yaradıb. Prezident İlham Əliyevin Özbəkistana növbəti səfəri öncəsi verdiyi müsahibəsində iki ölkə arasındakı münasibətlərin artıq ən yüksək səviyyəyə – müttəfiqlik səviyyəsinə yüksəldiyi xüsusi vurğulanır. Bu ümumi dinamika ali təhsil müəssisələri arasında akademik mobilliyin, birgə elmi fəaliyyətin və yeni təhsil təşəbbüslərinin genişləndirilməsi üçün əlavə imkanlar yaradır.
Müxbir – Xatirə Cəfərova
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

