Prezident cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son illər ölkəmizdə böyük infrastruktur layihələr inşa edilmişdir. Görülən işlər ölkəmizin inkişafına, xalqımızın rifahının yaxşılaşdırılmasına xidmət edir. Son 20 ildə qəbul edilən Dövlət Proqramları Bakı ilə yanaşı bütün regionlarımızı əhatə etmişdir. Qəbul edilmiş bütün Dövlət Proqramları uğurla icra edilmiş və yeni genişmiqyaslı layihələrin icra olunması üçün Dövlət Proqramları qəbul edilir. Prezident cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirildi. Prezident çıxışında Azərbaycanda enerji sahəsində həyata keçirilmiş böyük layihələr, eləcə də Bakı və Abşeron yarımadası ilə yanaşı bölgələrimizin su təchizatının yaxşılaşdırılması üçün görülən tədbirlər və 10 il ərzində həyata keçiriləcək genişmiqyaslı layihələr barədə məlumat verdi. Enerji təchizatı ilə bağlı ölkəmiz yeni mərhələyə qədəm qoymuşdur. Vaxtı ilə Azərbaycan digər ölkələrdən elektrik enerjisi idxal edirdi. Məhz cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində enerji istehsalı sahəsində misli görünməmiş layihələr reallaşdırıldı. Azərbaycanda inşa edilmiş günəş və külək elektrik stansiyalarının tikilib istifadəyə verilməsi nəticəsində generasiya gücümüz tələbatımızdan artıq olmuşdur. Artıq bir neçə ildir ki, Azərbaycandan Avropa ölkələrinə ixrac edilən neft və qaz sayəsində bu dövlətlərin enerji təhlükəsizliyinə böyük töhfələr verilir. Yaxın vaxtlarda Azərbaycan bir sıra Avropa dövlətlərinə də elektrik enerjisi ixrac edəcək.
Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanda içməli su və suvarma layihələrinin icra olunduğunu və bu işlərin daha da genişləndiriləcəyi barədə də məlumat verdi. Son 20 ildə ölkəmizdə 4 böyük su anbarı inşa edilmişdir. “Taxtakörpü” və “Şəmkirçay” su anbarlarının tikilməsi Bakının su təchizatındakı problemlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynadı. Bakı və Abşeron yarımadasının içməli su ilə təchiz olunmasında “Ceyranbatan” su anbarı xüsusi əhəmiyyət kəsb edir. Bu gün su anbarı müasir təmizləyici qurğularla təchiz olunmuşdur.
Ölkə başçımızın tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərimizdə də içməli su və suvarma layihələri icra edilir. Ölkəmizin ən böyük su anbarlarından olan “Sərsəng” və “Suqovuşan” su anbarları yenidən qurulmuşdur. Ermənilərin torpaqlarımızı işğalda saxladığı zaman bu su anbarlarından ölkəmizə qarşı silah kimi istifadə edilirdi. Qışda su anbarlarının suyunu açıb buraxır, yayda isə qarşısını kəsirdilər. “Sərsəng” və “Suqovuşan” su anbarları ilə yanaşı Füzuli rayonunda “Köndələn çay”, Ağdam rayonunda “Xaçınçay” su anbarları da yenidən quraşdırılmışdır.
Prezident cənab İlham Əliyev Bakı şəhəri və qəsəbələrində, Abşeron və Sumqayıt şəhərlərində içməli su təchizatı ilə bağlı görüləcək işlər barədə məlumat və müvafiq qurumlara tapşırıqlar verdi. Görülən işlər, həyata keçirilən bir çox layihələrin icrası nəticəsində Bakı və Abşeron yarımadasında su problemi öz həllini tapmaqdadır. Lakin ölkə başçımızın da vurğuladığı kimi bir sıra problemlər hələ də qalmaqdadır. Dövlət Proqramı bu problemlərin tamamilə həll olunması üçün ölkə başçımızın tapşırığı əsasında hazırlanmışdır. 10 il müddətində icra olunması nəzərdə tutulan bu Proqram icra edildikdən sonra vətəndaşlarımızın 95 faizi içməli su ilə təmin olunacaq. 30-a yaxın yeni su anbarlarının tikilməsi nəzərdə tutulmuşdur və sayğaclaşdırma 100 faizə çatdırılacaq.
Yağış sularının idarə olunması üçün də Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin quraşdırılması nəzərdə tutulub. Son zamanlar güclü yağışlar vaxtı Bakıda nəqliyyat iflic vəziyyətə düşür və bir sıra xoşagəlməz hadisələr yaşanır. Bu kollektorların inşası Bakı şəhərində bu problemi də tamamilə aradan qaldıracaq. Xəzər dənizinin çirkləndirilməsinin qarşısının alınması istiqamətində də tədbirlər həyata keçiriləcək. Belə ki, Hövsanla yanaşı bir neçə qəsəbədə inşa ediləcək su təmizləyici qurğuların modelləşdirilməsi nəticəsində dənizə təmizlənmiş su axıdılacaq. Dövlət Proqramının ən önəmli hissələrindən biri ölkəmizdə duzsuzlaşdlrma zavodunun inşa edilməsi layihəsidir. Xəzər dənizinin suyu duzsuzlaşdırıldıqdan sonra içməli su halına gətiriləcək. Bu zavodun tikilməsində dünyanın ən müasir texnoloji avadanlıqlarından istifadə ediləcək və əhalimiz keyfiyyətli, təmiz su ilə təmin olunacaq. Qeyd olunan Dövlət Proqramının qəbulu və həyata keçiriləcək çoxmilyardlı işlər
ondan xəbər verir ki, dövlətimiz hər zaman vətəndaşının problemsiz, firavan həyat sürməsi üçün bütün tədbirləri həyata keçirmək niyyətindədir.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir