Prezident cənab İlham Əliyevin hər ilin ilk günlərində yerli televiziya kanallarına geniş müsahibə verməsi artıq ənənəyə çevrilib. Ənənəyə uyğun olaraq 2026-cı il yanvarın 5-də ölkə başçımız yerli televiziya kanallarına üç dildə ötən 2025-ci ildə Azərbaycanın xarici siyasətdə qazandığı uğurlar, ölkə iqtisadiyyatının davamlı, dinamik inkişafı, ölkəmizin qlobal və regional müstəvilərdə iqtisadi, böyük nəqliyyat-loqistika layihələrə imza atması barədə, eləcə də beynəlxalq aləmdə baş verən geosiyasi hadisələrlə bağlı öz fikirlərini bildirdi.
Həqiqətən də 2025-ci il Azərbaycanın diplomatiyasının, xarici siyasətinin böyük uğur qazandığı tarixi il oldu. Azərbaycan 2020-ci il Vətən müharibəsində və 2023-cü il antiterror əməliyyatları zamanı döyüş meydanında əldə etdiyi tarixi Qələbəyə siyasi müstəvidə də öz möhürünü vurdu. 2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh sazışı paraflandı. Əminliklə demək olar ki, artıq Azərbaycan xalqı bundan sonra sülh şəraitində yaşayacaq.
2025-ci il Azərbaycan – Amerika münasibətləri baxımından tarixi il oldu. İki dövlət tərəfindən strateji tərəfdaşlıq hədəflərinə doğru böyük addımlar atıldı. Amerika ilə Azərbaycan arasında strateji işçi qrupu yaradıldı ki, bu işçi qrupu strateji xartiyanı hazırlayacaq.
Prezident cənab İlham Əliyev Vətən müharibəsindən sonra dəfələrlə vurğulamışdır ki, Zəngəzur dəhlizi mütləq açılacaq və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolla əlaqə yaranacaq. Vaşinqton görüşlərində Zəngəzur dəhlizinin açılması ABŞ Prezidenti tərəfindən də təsdiqləndi.
Prezident cənab İlham Əliyev 1992-ci ildə ABŞ tərəfindən qəbul edilən 907-ci düzəliş barədə də öz fikirlərini bildirdi. Bu bədnam düzəliş Amerikadakı erməni lobbisinin təsiri ilə qəbul edilmişdir. Əlbəttə ki, 907-ci düzəlişin qəbul edilməsində o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün də yarıtmaz, səriştəsiz siyasəti az rol oynamamışdır. Naşı, siyasətdən uzaq olan, hakimiyyəti zorla ələ keçirən o vaxtki rəhbər şəxslər bu düzəlişin qəbul edilməməsi üçün heç bir səy göstərmədilər. Məhz Prezident cənab İlham Əliyevin yüksək siyasi, diplomatik bacarığı sayəsində ABŞ Prezidenti Donald Tramp 907-ci düzəlişin ləğv edilməsi barədə qərar verdi və əminəm ki, ABŞ Konqresi də bu qərarı təsdiqləyəcək. Hazırda ABŞda hakimiyyətdə olanlar və konqresmenlər çox gözəl anlayırlar ki, Azərbaycan regionda güclü və nüfuzlu bir dövlətdir. Azərbaycanla əməkdaşlıq ABŞ-ın xarici siyasətinə də böyük uğur qazandıra bilər.
Prezident cənab İlham Əliyevin böyük siyasətçi və diplomat olmasını sübut edən məqamlardan biri də ölkə başçımızın bütün dövlətlərlə balanslaşdırılmış və müstəqil siyasət aparmaq bacarığıdır. Sirr deyil ki, bu gün Çin Xalq Respublikası iqtisadi, siyasi, hərbi cəhətdən dünyada aparıcı dövlətlərdən biridir. Onu da vurğulamaq lazımdır ki, Çinlə Amerika arasında münasibətlər o qədər də ürəkaçan deyil. Prezident cənab İlham Əliyev həm ABŞ, həm də Çin ilə bütün sahələrdə yüksək səviyyədə əməkdaşlıq əlaqələri qurmuşdur. Ötən il cənab İlham Əliyevin Çinə rəsmi səfəri zamanı iki dövlət arasında Hərtərəfli Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu gün Azərbaycanla Çin arasında geniş miqyasda iqtisadi əməkdaşlıqla yanaşı hərbi sahədə də əməkdaşlıq inkişaf etdirilir.
2025-ci ildə Azərbaycanın siyasi uğurlarından biri də ölkəmizin D-8 təşkilata üzv olmasıdır. Yarandığı 30 il ərzində Azərbaycan yeganə dövlətdir ki, bu təşkilata üzv qəbul edilmişdir. Ötən il Azərbaycan həmçinin Mərkəzi Asiya Məşvərət Şurasına tam hüquqlu üzv seçilmişdir. Bunlar da onu deməyə əsas verir ki, Azərbaycanın tək regionda deyil, beynəlxalq aləmdə nüfuzu getdikcə artmaqdadır. Prezident cənab İlham Əliyev Azərbaycanda şaxələndirilmiş nəqliyyat-loqistika infrastrukturunun yaradılması və bu şəbəkənin Şimal-Cənub, Şərq-Qərb nəqliyyat sisteminin əsasının təşkil olunması barədə də bir sıra vacib məsələlərə toxundu. Ölkə başçımız çıxışında Azərbaycan elminin inkişaf etdirilməsi və dünya səviyyəsinə qaldırılması istiqamətində görülən işlər barədə də fikirlərini söylədi. Elm, təhsil sahəsində ölkə başçımız bir sıra mühüm fərman və sərəncamlar imzalamışdır və bu sahədə struktur dəyişikliklər aparılmışdır. Elm və Təhsil Nazirliyinin yaradılması elm və təhsilimizin inkişaf etdirilməsinə xidmət edən addımlardan biridir. Şübhəsiz ki, Elmlər Akademiyası Azərbaycanda elmin inkişaf etdirilməsinə həmişə böyük töhfələr vermişdir. Elmlər Akademiyasında da struktur dəyişikliklər həyata keçirilmiş, bir çox elmi-tədqiqat institutları birləşdirilmişdir. Struktur dəyişiklikləri ilə paralel kadr islahatları da həyata keçirilir. Gənc, savadlı kadrlar önə çəkilir. Təhsilin inkişaf etdirilməsi sahəsində də ölkəmizdə böyük işlər görülür. Son 20 ildə Azərbaycanda 10 yeni ali təhsil müəssisəsi yaradılmışdır ki, bunlardan da 5-i xarici dövlətlərlə birlikdə yaradılmışdır. Bu da təhsilimizin dünya təhsil sisteminə inteqrasiya etməsi istiqamətində atılan çox mütərəqqi addımdır. Prezidentimiz dünyada baş verən geosiyasi vəziyyəti, Azərbaycanın bu məsələdə mövqeyini açıq şəkildə bildirdi, bir sıra siyasi mesajlar da verdi. Bütün bunlarla yanaşı cənab İlham Əliyev ana dilimiz olan Azərbaycan dilinin qorunması və bu istiqamətdə hər birimizə örnək olan mesajlar da verdi. Prezidentimizin bir neçə xarici dili bilməsinin şahidi olmuşuq. Bununla belə Prezident cənab İlham Əliyevin Azərbaycan dilində olduqca səlist, qüsursuz danışması və heç bir xarici sözlərdən istifadə etməməsi onun dilimizə olan hörmət və sevgisindən irəli gəlir. Cənab İlham Əliyev bəzi televiziya kanallarında jurnalist və aparıcıların tez-tez xarici sözlərdən istifadə etmələrinə də öz iradını bildirdi. Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Şübhəsiz ki, onlar da Azərbaycan dilinin yaşatması üçün məsuliyyət daşıyırlar və öz övladlarına da ana dilimizdə danışmağı öyrətməlidirlər.
Hər il Azərbaycan siyasi, iqtisadi sahələrdə sürətlə irəliləyir. Qarşıdan gələn illərdə də Azərbaycan dövləti və xalqı daha böyük uğurlar qazanacaq, çünki bu məmləkətin dövlətini, xalqını, torpağını sevən İlham Əliyev kimi lideri var.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

