Prezident cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfəri tarixi hadisəyə çevrilir. Səfər çərçivəsində ölkə başçımız yeni yaşayış komplekslərinin, istehsal və emal müəssisələrinin açılış və təməlqoymalarında iştirak edir. İşğaldan azad edilmiş torpaqlarımıza “Böyük Qayıdış ” konsepsiyasına uyğun Birinci Dövlət Proqramı 2026-cı ildə yekunlaşır. Proqrama uyğun olaraq şəhər və kəndlərimizin yenidənqurma və bərpa işlərinə 22 milyard manat vəsait ayrılmışdır. Bu sadəcə bir rəqəm deyil, Azərbaycan dövlətinin siyasi iradəsinin, güclü iqtisadiyyatı olan bir dövlətin nümunəsidir. Cənab İlham Əliyevin öz doğma evlərinə dönən sakinlərlə səmimi söhbəti, onların evlərinə qonaq getməsi bir Liderin öz xalqına, hər bir sadə vətəndaşına göstərdiyi sevgi və qayğının bariz nümunəsidir.
Yanvarın 13-də Prezident cənab İlham Əliyevin Ağdərə və Tərtərə səfəri zamanı görülən işlərə, inşası davam etdirilən yaşayış evlərinə, müəssisələrin, sosial obyektlərin tikintisinə şəxsən özünün nəzarət etməsi dövlətimizin bu məsələni bir nömrəli prioritet kimi qəbul etməsinin sübutudur. Ağdərədə Prezidentimizin açılışını etdiyi “Qızılkörpü” Su Elektrik Stansiyası regionun enerjiyə olan tələbatının tam təmin edilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Tərtərdə elektrotexnika zavodunun yenidən fəaliyyətə başlaması, Ağdərədə Xüsusi Əməliyyat Mərkəzinin təməlinin qoyulması ölkəmizin müdafiə və təhlükəsizlik strategiyasının gücləndirilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir. Prezidentimiz Ağdərənin Aşağı Oratağı, Çıldran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşü və burada söylədiyi fikirləri, verdiyi mesajları ilə dünya ictimaiyyətinə bir daha çatdırdı ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib və bu torpaqlar əzəldən də Azərbaycan əraziləri olub. Ölkə başçımızın “bundan sonra müharibə olmayacaq” söyləməsi Azərbaycanın qəti mövqeyini bildirdi, ölkəmizin güclü və güdrətli bir dövlət olaraq regionda sülhün və əmin-amanlığın yaranmasında Lider ölkə olduğunu bəyan etdi. Azərbaycan bölgədə quruculuq və abadlıqla yanaşı sülhün təməlini də inşa edir.
Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək iqtisadi layihələrdən biri də Ağdərədə fəaliyyət göstərən “Dəmirli” Filiz Emalı Kompleksidir. Vaxtilə ermənilər yatağı istismar edib xammalı xaricə satırdılar. Bu yatağın fəaliyyətə başlaması ölkəmizin iqtisadiyyatına böyük fayda verməklə yanaşı 1000-ə qədər insanın işlə təmin edilməsinə də zəmin yaradacaq. Ölkə başçımızın tapşırığına əsasən burada çalışanların böyük hissəsini yerli sakinlər təşkil edəcək.
Ağdərənin Baş Planının təsdiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Baş Planda 20 illik prespektivlikdə 14 min nəfərlik əhali hədəfinin müəyyən edilməsi Ağdərənin dinamik inkişafına hesablanmış bir layihədir. Görülən və planlaşdırılan işlər Ağdərəni iqtisadi və sosial baxımdan çəlbedici bir şəhərə çevirəcək.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

