Davos İqtisadi Forumunda dövlət və hökumət başçıları, eləcə də dünyanın aparıcı transmilli şirkətlərinin rəhbərlərinin Prezident cənab İlham Əliyevlə görüşməyə təşəbbüs göstərmələri və baş tutan görüşlərdə müzakirə olunan məsələlər deməyə əsas verir ki, Azərbaycan qlobal gündəmdə önəmli və mühüm rol oynayan ölkə hesab olunur. Davos İqtisadi Forumu siyasi və iqtisadi sənədlərin imzalanmadığı bir platforma olmasına baxmayaraq təsir gücünə malik bir təşkilatdır. Prezident cənab İlham Əliyevin Forumda iştirakı və səsləndirdiyi fikirlər bir daha sübut edir ki, Azərbaycan qlobal proseslərdə aktiv iştirak edir. Azərbaycan Avrasiyanın enerji təhlükəsizliyi, o cümlədən nəqliyyat-loqistika məsələlərində öndə gedən dövlətlərdəndir. Artıq Azərbaycan enerji ixrac edən dövlət olmaqla yanaşı, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat marşrutları üzərində yerləşən çox önəmli tranzit ölkə kimi çıxış edir. Bu gün Azərbaycan həqiqətən də Şərqlə Qərbi birləşdirən və dövlətlərarası iqtisadi əlaqələrin yaranmasına böyük töhfə verən bir dövlətdir.
Ölkə başçımız çıxışında bir daha vurğuladı ki, Azərbaycan regionda yeni reallıqlar yaratmışdır. Dövlətimiz hərbi, siyasi, diplomatik yolla Cənubi Qafqaz regionunda stabillik, əmin-amanlıq yaratdı, əbədi sülhü bərpa etdi. Artıq Ermənistan rəhbərliyi də Azərbaycanın yaratdığı bu reallığı qəbul edir və regionun inkişafı və tərəqqisi üçün ən optimal variant olduğunu təsdiqləyir.
Prezident cənab İlham Əliyev “Euronews” müsahibəsində dünyada baş verən iqtisadi problemlərlə bağlı münasibətini də bildirdi. Ölkə başçımız açıq şəkildə müasir dünyada güc amilinin beynəlxalq hüququ üstələdiyini qeyd etdi. Azərbaycan torpaqlarının 30 il işğalda qaldığı zaman biz bunun şahidi olmuşuq. BMT TŞ-nın 4 qətnaməsinin olmasına baxmayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisini tərk etmirdilər. Azərbaycan beynəlxalq hüququn prinsiplərini əsas götürərək hərbi bə siyasi yolla torpaqlarını işğaldan azad etdi. Bu gün Azərbaycan regionda güclü və nüfuz sahibi olmasına baxmayaraq hər zaman beynəlxalq hüquqa sadiqlik nümayiş etdirir. Ölkəmiz Cənubi Qafqazda siyasi, iqtisadi, hərbi cəhətdən güclü bir dövlət olmasına rəğmən hər zaman sülhün tərəfdarı olmuşdur. Ölkə başçımız Zəngəzur dəhlizinin açılmasının Avrasiya məkanına böyük töhfələr verəcəyini xüsusi vurğuladı. 30 il Azərbaycanla müharibə aparan Ermənistan da Zəngəzur dəhlizi açıldıqdan sonra böyük mənfəət əldə edəcək. Müsahibəsində Prezident cənab İlham Əliyev Azərbaycanın bir sıra dövlətlərin enerji təhlükəsizliyinə böyük töhfə verdiyini xüsusi qeyd etdi. Bu gün Azərbaycan 16 dövlətə təbii qaz ixrac edir ki, bunlardan 10-u Avropa ölkəsidir. Bununla da Azərbaycan həm regional, həm də qlobal səviyyədə enerji sahəsində lider dövlət olduğunu təsdiqləyir. Bütün bunlara rəğmən Avropa Parlamenti və AŞPA Azərbaycana qarşı qeyri-konstruktiv mövqe nümayiş etdirir. Ölkə başçımız bu qurumların Azərbaycana qarşı neqativ mövqe nümayiş etdirmələrinə diplomatik formada layiq olduqları cavabı verdi. Prezident cənab İlham Əliyev Davos İqtisadi Forumunda bir daha qlobal iqtisadi arenada Azərbaycanın lider dövlət olduğunu nümayiş etdirdi.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin
kafedra müdiri, professor
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

