Xəbər verdiyimiz kimi, bu gün Baş nazirin müavini Şahin Mustafayev rəsmi səfərlə İrana gedib. Tehranda İran Prezidenti Məsud Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edib.
Tanınmış politoloq Xəqani Cəfərli Mustafayevin İran görüşünü Yenifikir.media-ya şərh edərək bildirib:
“Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının ‘Əl-Ərəbiyyə’ telekanalına müsahibəsində İran Prezidenti haqqında xoş sözlər deməsi təsadüfi deyil. İran Prezidenti hörmətli Məsud Pezeşkianın Azərbaycana hər iki səfəri yüksək səviyyədə keçdi. Cənab Pezeşkianın Xankəndinə səfəri Azərbaycan və İran prezidentləri arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu göstərir. Bu günə qədər iki ölkə arasında belə yüksək münasibət müşahidə olunmayıb.
Aydın görünür ki, prezidentlər eyni xalqa mənsub olmalarından irəli gələn yaxınlığı dövlətlərarası münasibətlərin üstündə tutmağa çalışırlar ki, bu da çox müsbət haldır. İki ölkə rəhbərləri arasındakı isti münasibət fikir ayrılıqlarının aradan qaldırılması üçün münbit şərait yaradır. Yalnız onu qeyd etmək lazımdır ki, İranda prezidentin səlahiyyətləri məhduddur. Əgər Pezeşkian tam səlahiyyət sahibi olsaydı, bu gün Azərbaycan-İran münasibətləri tamamilə fərqli səviyyədə olardı.”
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin