Həzrət Muhəmmədin xristian və yəhudi xanımları – hicabı qəbul etməyən Reyhanə…
Reyhanə bint Şimon Şimali Ərəbistandan
Bəni Qurayza qəbiləsindən olan yəhudi qadındır. Təxminən 612-ci ildə doğulub, 631 – ci ildə, yəni Həzrət Muhəmməddən 1 il əvvəl vəfat edib, Mədinədə dəfn olunub.
Tarixçi İbn İshaqa görə, Muhəmməd Peyğəmbər savaşda əsir düşdüyü üçün ona İslamı qəbul edib arvadı olmasını təklif edir, fəqət o bu istəyi qəbul etmir. Bəzi qaynaqlara görə isə Reyhanə sonradan müsəlman olub, ancaq azad müsəlman qadınlar kimi başını örtməyi rədd edərək cariyə statusunda qalıb. Muhəmməd Həmidullaha görə isə o, Peyğəmbərə: “Məni nigahlamaqdansa, cariyən olaraq mühafizə et! Mən bir cariyə qadın olaraq qalmaq istəyirəm, çünki azad müsəlman qadınlar kimi başıma örtük və üzümə niqab taxmaq istəmirəm.” – dediyi bəzi mənbələrdə qeyd edilir. Yenə eyni mənbələrdə Reyhanənin “qadın kölələr tərzində örtünmək istədiyi” ifadəsi yer alır. Məşhur mühəddis İbn Hacər əl Əsqəlaniyə görə də Reyhanənin başını örtməyi rədd etməsi Həzrət Muhəmməd ilə aralarında gərginliyə səbəb olub, lakin daha sonra bu anlaşmazlıq aradan qalxıb.
Nəticə budur ki, Reyhanə öz dinində qalıb, Peyğəmbərin də həyat yoldaşı olub. Sadəcə yeni yaranmış İslam icmasında çalxantı yaranmasın deyə ona cariyə statusu veriblər. Ona görə ki, cariyələrə başını örtmək əmr olunmurdu.
Safiyyə bint Huyey bint Ahtab (əsl adı Zeynəbdir) Mədinə yaxınlığındakı yəhudi məntəqəsi olan Xeybər əhalisinin öncüllərindən, Bəni Nadir qəbiləsindən birinin qızı idi. Əvvəllər bir neçə tanınmış şəxsin həyat yoldaşı olmuşdu. O şəxslərdən şair olan birincisi ilə boşanmış, ikincisi isə döyüşdə həlak olmuşdu. Xeybər fəth ediləndən sonra könüllü olaraq Peyğəmbər ilə evlənməsi yəhudilər ilə müsəlmanlar arasında qohumluq bağlarının inkişafına yol açdı. 610-ci ildə doğulub, 670-ci ildə vəfat edib, məşhur Bəqi məzarlığında dəfn olunub. Bəzi şərhlərə görə bu evlilik və qohumluq sayəsində yəhudilərin İslamla daha geniş tanışlığına geniş imkan yaranmışdır. Habelə onların davranışı və planları haqqında əvvəlcədən məlumat ala bilmişdir…
Mariyyə əl Qibtiyyə, Misir xristianlarındandır. Hicrətin 7-ci ilində Həzrət Muhəmməd Bizansın İskəndəriyyə valisi Muqavqisə dəvət məktubu göndərdi. O, İslamı qəbul etməsə də Peyğəmbərə hörmət əlaməti olaraq bahalı libaslar, miniklər və iki gözəl xanım hədiyyə etdi. Bu xanımlardan biri Sirin ilə şair Həssan bin Sabit, digəri Mariyya (Məryəm) ilə də Peyğəmbər evləndi. Mariya Peyğəmbərdən İbrahim adlı övlad dünyaya gətirib, lakin o kiçik yaşda dünyasını dəyişib. Mariya isə 627-ci ildə vəfat edib.
Qurana görə xristian və yəhudilər Kitab əhli olaraq özləri də yeməkləri də, kəsdikləri də pak sayılır. Kitab əhlindən evlənmək də halaldır. Bəzi azsaylı məzhəbçi təəssübkeş müctəhidlər bunu uyğun görməsə də ümumislam üləması Kitab əhli ilə daimi evliliyə rəy verir.
Bunun ilk nümunəsini Həzrət Muhəmməd öz timsalında həyata keçirib ki, sonra ümmət arasında heç bir anlaşmazlıq qalmasın. Peyğəmbərin bir çox davranışları, evlilikləri zövq, nəfsi istək yox, insanlara əyani nümunə göstərmək xarakteri daşıyıb.
Tural İrfan
Dinşünas – yazar
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

