Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “A Fairer World Is Possible” (“Daha ədalətli dünya mümkündür”) adlı kitabını oxuduğunu açıqlayıb.
Bu barədə Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, Anna Hakopyanın bu addımı regionda yeni siyasi və ideoloji maraqların formalaşdığını göstərir.
Anna Hakopyan paylaşımında qeyd edib ki, kitabı elmi ədəbiyyatlarla yanaşı oxuduğu üçün bir qədər vaxt aparıb:
“Əminəm ki, Ermənistanda mütəxəssislər bu kitabı çapdan dərhal sonra oxuyacaqlar. Beynəlxalq münasibətlərə marağı olanlar üçün qonşu dövlətin prezidentinin nə yazdığını bilmək vacibdir.”
Hakopyan vurğulayıb ki, əsərdə BMT-nin strukturunda islahatlar, Təhlükəsizlik Şurasının daimi üzvlərinin hüquqları, beynəlxalq təhlükəsizlik və bəşəri problemlər kimi məsələlərdən bəhs olunur. O, Ərdoğanın “Dünya beşdən böyükdür” ifadəsinə istinad edərək, kitabda aclıq, miqrasiya və qaçqınlıq kimi qlobal problemlərin də diqqət mərkəzində olduğunu bildirib.
İsmayıl Tanrıverdi əlavə edib ki, Paşinyanın həyat yoldaşının Ərdoğanın kitabına maraq göstərməsi təsadüfi deyil: “Bu, Ermənistan cəmiyyətində Türkiyə və regionla bağlı düşüncə tərzinin dəyişməkdə olduğunun göstəricisidir.”
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin