Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Ağ Evin rəhbəri Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılır. Bu barədə tanınmış siyasi şərhçi Orxan Amaşov Vaşinqtonda baş tutacaq görüşlə bağlı yenifikir.media-ya şərh verib.
Onun sözlərinə görə, kommunikasiya xətlərinin açılması ilə bağlı son zamanlar geniş müzakirə olunan, ilk dəfə ABŞ-ın Türkiyədəki səfiri Tom Barak tərəfindən gündəmə gətirilən və Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı Ermənistanın cənubu vasitəsilə birləşdirəcək Zəngəzur dəhlizinə üçüncü tərəfin nəzarət imkanlarının olması barədə yayılan söz-söhbətlər maraq doğurur.
“Azərbaycan Prezidenti Şuşada keçirilən Qlobal Media Forumunda açıq şəkildə bəyan etdi ki, ölkə ərazisində heç bir üçüncü tərəfin nəzarəti olmayacaq. Bu, bizim üçün aydındır. Ermənistan isə özü bilər – dövlət başçısı məhz bu cür ifadə etdi”, – deyə Orxan Amaşov bildirib.
Siyasi şərhçi qeyd edib ki, kommunikasiya xətlərinin açılması ilə bağlı üçüncü tərəfin nəzarətini ehtiva edən konkret bir sənədin qəbul olunması ehtimalı azdır. Bununla belə, bu məsələ niyyət protokolu səviyyəsində sənədlərdə əks oluna bilər.
“Hazırda diqqəti cəlb edən məqamlardan biri də qəbul edilə biləcək sənədlərin sayıdır. Ola bilər ki, üçtərəfli birgə bəyanat qəbul edilsin. Eyni zamanda, bu bəyanatla yanaşı, ikitərəfli memorandum da imzalanması mümkündür. Bu sənədlər bir-birindən ayrı olacaq. Ona görə də hazırda bunlar yalnız mülahizələrdir”, – deyə Orxan Amaşov əlavə edib.
O, həmçinin bildirib ki, əsas məsələ sülh müqaviləsinin imzalanması deyil, onun müddəalarının paraflanması ola bilər:
“Paraflanma sülh müqaviləsinin imzalanmasından fərqlidir. Müddəaları paraflamaq bir məsələdir, müqaviləni imzalamaq isə tamam başqa. Paraflanma baş verə bilər. Eyni zamanda, sülh müqaviləsindən əvvəl tərəflərin öhdəliklərini və baza prinsiplərini əks etdirən bir anlaşma memorandumu da qəbul oluna bilər. Mən daha çox bunu gözləyirəm”.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin