Azərbaycanın beynəlxalq arenada güclənən mövqeyi onun xarici tərəfdaşlarla qurduğu əməkdaşlığın miqyası ilə birbaşa bağlıdır. Bu baxımdan Orta Asiya ölkələri ilə siyasi və iqtisadi əlaqələrin genişlənməsi xüsusi strateji əhəmiyyət daşıyır. Azərbaycanın Xəzər hövzəsində yerləşməsi, enerji resursları, tranzit və logistika imkanları ölkəmizi regionda mühüm qovşaq dövlətə çevirir. Orta Asiya ilə dərinləşən tərəfdaşlıq isə bu mövqeyi daha da gücləndirərək, ölkəmizin həm regional güc kimi təsir imkanlarını artırır, həm də Avrasiya məkanında strateji körpü rolunu möhkəmləndirir.
Mövzu ilə bağlı tanınmış politoloq, sabiq millət vəkili Elşad Mirbəşiroğlu yenifikir.media-ya açıqlama verib. O bildirib ki, istənilən ölkənin beynəlxalq təmasları – istər siyasi, istər iqtisadi əməkdaşlıq əlaqələri – nə qədər sıx olarsa, həmin ölkənin inkişafı və beynəlxalq nüfuzu bir o qədər güclənir.
Ekspertin sözlərinə görə, Azərbaycan müstəqilliyinin ilk illərindən etibarən dünya ilə siyasi və iqtisadi əlaqələr qurmağa xüsusi önəm verib. Dövlətin xarici siyasətində əsas prinsiplərdən biri bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafıdır. Bu istiqamətdə Azərbaycan beynəlxalq əməkdaşlığını davamlı olaraq genişləndirib.
Elşad Mirbəşiroğlu vurğulayıb ki, xüsusilə son illərdə Azərbaycan və Orta Asiya ölkələri arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Siyasi münasibətlər möhkəmlənib, iqtisadi əməkdaşlıq isə diversifikasiya olunub. Nəqliyyat, logistika, energetika, təhlükəsizlik və müdafiə sahələrində birgə layihələrin həyata keçirilməsi, liderlərin intensiv qarşılıqlı səfərləri münasibətlərin inkişafına güclü təkan verib.
Politoloq həmçinin qeyd edib ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq müttəfiqlik xarakteri alıb, Türkmənistanla əlaqələr isə dinamik inkişaf edir. Ölkələri ortaq tarix, mədəniyyət və soykök birləşdirir, bu amillər əməkdaşlığın hərəkətverici qüvvəsinə çevrilir. Orta Asiya ölkələri Azərbaycanın tranzit və logistika imkanlarını yüksək qiymətləndirərək, Avropa və digər böyük bazarlara çıxış üçün bu potensialdan istifadə edirlər.
Ekspertin fikrincə, tərəflər həm də beynəlxalq təhlükələrə qarşı birgə mübarizə imkanlarını müzakirə edir və İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı kimi qurumlar çərçivəsində sıx əməkdaşlıq edirlər.
Onun sözlərinə görə, bütün bunlar göstərir ki, Azərbaycan–Orta Asiya əməkdaşlığı artıq yeni bir siyasi platforma kimi formalaşır və regionda təhlükəsizlik mühitinin yaradılmasına, eləcə də tərəflərin iqtisadi maraqlarına xidmət edir. Bu isə Azərbaycanın beynəlxalq münasibətlərdə rolunu daha da möhkəmləndirir.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

