Əslində, hər doğulan şeir, ölüm ayağının şeiri kimi yazılmalıdı
Tahir Talıblı
Tahir Talıblınım paylaşımı məni dərindən təsirləndirdi, təkrar-təkrar oxudum. Şair ölüm anı ilə yaradıcılıq arasındakı dərin psixoloji gərginliyi ifadə edir.
O, bir ömür boyu şair kimi yaşadığını, amma “ölüm ayağında yazacağı” son şeir haqqında qorxu hissini və məsuliyyətin ağırlığını dərk edir…
Çox doğma fikirlərdir. (Elə bil ki, nə vaxtsa mən də belə düşünüb “Misraların xətmi” adlı bir bənd yazmışdım.)
Bəzən insan bir ömür boyu yazdığı bütün misraları, söylədiyi bütün sözləri unudub, yalnız bir son cümlənin məsuliyyəti ilə yaşayır. Tahir müəllimin bu poetik fikrini düşündükcə görürük ki, həyatımız boyunca yazdıqlarımız bizi ölüm ayağında yazacağımız o son şeirə hazırlayır.
Və mən Tahir Talıblının düz 40 il əvvəl yazdığı şeirlə 20 il əvvəl yazdığı şeirin ahəngini, ruhunu bu gün paylaşdığı “ölüm ayağı” adlandırdığım cümlələrində duydum, hiss etdim və bu qənaətə gəldim:
1972-ci ildə yazdığı bir şeirdə deyir:
Nə tez ötüşmüşdü illər, təəssüf
İçim ağrılıydı, əzablar ayıq.
Dalana dirəndi yollar, təəssüf
Bir də ayıldım ki, son kursdayıq.
Bu bənd məndə tam əminlik yaratdı ki, şairin ədəbi yaradıcılıq yolunun bir süjet xətti olub: təəssüf, peşmançılıq və son vaxtlar bir az da qorxu hissi… Bu isə məsuliyyətdən doğan bir hissdir.
Hələ gənclik çağlarından “Ölüm ayağı” şeirinin zərrələri səpələnib hər misrasına…
Əksər şeirləri nostalji və peşmanlıq duyğuları üzərində qurulub.
Şair illərin necə tez keçdiyinə, zamanın necə sürətlə ötüb getdiyinə təəssüf edir.
Tahir Talıblı özü hiss etmədən zaman-zaman “ölüm ayağı” şeirlərə müraciət edib.
1989-cu ildə yazdığı şeirin ilk bəndində deyir:
İşim düz gətirmir,
əllərim yalın…
Özümə dərd anı,
qəm saatıyam…
Eynimə almıram bu olan-qalan –
Ömrümü üyüdən qum saatıyam.
Çox yığcam, amma məna dolu, poetik və duyğu yüklüdür.
Şair burada sanki ümumi həyatın uğursuzluğunu, həyatın əlverişsizliyini bildirir və özünü həm zaman ölçüsü kimi, həm də kədərin simvolu kimi təqdim edir. Burada “saat” obrazı həyatın keçiciliyinə işarədir.
“Eynimə almıram” deyərək zahirən laqeyd görünən şairin əslində içində fırtına yaşandığı misralardan aydın hiss olunur.
Tahir Talıblı özünü qum saatına bənzətməklə ömrünün necə axdığını, tükənməsini, taleyin insanı yavaş-yavaş yeyib bitirməsini çox gözəl təsvir edir.
Və bu gün, 40 il əvvəlki fikirlərinin təsdiqi kimi, indi daha müdrikcəsinə deyir:
– Hər yazdığımız ölüm ayağının şeiri kimi yazılmalıdır…
Bu, bir müdrik insanın, dünya görüşlü bir söz adamının oxucularına, ətrafındakılara tövsiyəsidir.
Amma bir anlıq hiss edirik ki, bu deyimin yükü ağır, çəkisi çəkilməz, mahiyyəti isə tam başqa imiş…
Onun adı qorxudur, xofdur…
Bu xof bizimlə yol yoldaşı olub – ilk misramızdan son nəfəsimizə qədər.
O nə qədər uzaq görünürdüsə, bir o qədər də yaxın idi. Hər doğulan gün, hər bitən gecə, hər yazılan misra bizi ona tərəf aparırdı…
Və indi düşünürəm ki: o şeir heç vaxt yazılmayacaq.
Bəlkə də heç yazılmalı da deyil…
Çünki insanın bütün həyatı onsuz da o şeirin cümlələrindən ibarətdir…
Hər gülüş bir bənd, hər ağrı bir qafiyə, və ən böyük misra – vidalaşmaq…
Sonluq isə lap elə bədahətən gələn təb kimi olsun… ilahi nəfəs kimi olsun, gül qoxulu olsun…
Əfşan Yusifqızı
AYB üzvü
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin