Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Oğuz Rayon İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Oğuz rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib. Tədbirdə dövlət qurumlarının, özəl maliyyə təşkilatlarının nümayəndələri, fermerlər və sahibkarlar iştirak ediblər.
Panel müzakirədə aqrar sahəyə göstərilən dövlət dəstəyi mexanizmləri, subsidiya və güzəştli kredit imkanları, lizinq, sığorta və investisiya alətləri ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdül-Qədirov çıxışında bildirib ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanda kənd təsərrüfatı dinamik inkişaf edir. Onun sözlərinə görə, aqrar sektorda yüksək nəticələrin əldə olunmasında dövlət dəstək mexanizmləri xüsusi rol oynayır:
“Fermer və sahibkarların maarifləndirilməsi üçün bölgələrdə keçirilən bu cür panel müzakirələri mühüm platformadır,” – deyə icra başçısı vurğulayıb.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, ötən il 14 rayonda keçirilən Aqrar Biznes Festivalları çərçivəsində panel müzakirələr təşkil olunub və bu proses bu il də davam etdiriləcək. Onun sözlərinə görə, 2026-cı il üzrə ilk panel müzakirəyə məhz Oğuz rayonunda start verilib:
“Bu format fermer və sahibkarların dövlət dəstəyi mexanizmləri barədə daha ətraflı məlumat əldə etməsinə və dövlət-özəl tərəfdaşlığının güclənməsinə xidmət edir,” – deyə Anar Cəfərov bildirib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov isə aqrar sahədə sahibkarların dəstəklənməsi və maliyyə savadlılığının artırılmasının prioritet olduğunu vurğulayıb. Onun sözlərinə görə, regionlarda keçirilən tədbirlərə sahibkarların fəal cəlb edilməsi bu əməkdaşlığın real nəticəsidir və bu ildən panel müzakirələrə maraq daha da artırılacaq.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov çıxışında bildirib ki, dövlət dəstəyi yalnız subsidiya və kreditlərlə məhdudlaşmır. O, azad olunmuş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin elan edildiyini xatırladaraq, fermer və sahibkarları bu imkanlardan aktiv istifadə etməyə çağırıb.
Panel müzakirələr çərçivəsində Azərbaycan Biznesinin İnkişafı Fondunun baş direktoru Emin Şirinov Fond tərəfindən layihələrin maliyyələşdirilməsi mexanizmləri barədə məlumat verib. O qeyd edib ki, müraciət prosesi tam elektronlaşdırılıb və fermerlər biznes planlarını regionlardan çıxmadan onlayn şəkildə təqdim edə bilirlər. Bildirilib ki, ötən il Fond tərəfindən 6 mindən çox layihə maliyyələşdirilib.
Tədbir zamanı subsidiya, kredit, lizinq və aqrar sığorta mexanizmlərinə dair təqdimatlar keçirilib. Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, həmçinin “Rabitəbank”, “Unibank”, “Aqrar Kredit” və “FINCA Azerbaijan” nümayəndələri fermerlərin suallarını cavablandırıblar.
Qeyd edək ki, ötən il ölkənin müxtəlif bölgələrində – İmişli, Ağdaş, Zəngilan, Quba, Samux, Şəmkir, Kürdəmir, Xaçmaz, Göygöl, Şamaxı, Qusar, Saatlı rayonlarında, eləcə də Naxçıvan və Xankəndi şəhərlərində ümumilikdə 14 panel müzakirə keçirilib.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir