Paytaxtın Nəsimi rayonu, Rəşid Məmmədov 23 ünvanında bir həftədir bina sakinləri kanalizasiya sistemi ilə bağlı yaranan problem səbəbindən ciddi narazılıq yaşayır.
Yaşayış binasında çirkab suların daşması ilə bağlı məsul qurumun hərəkətsizliyi ictimai narazılığı daha da artırıb. Bununla bağlı tanınmış jurnalist Pərvin Abışova “Facebook” səhifəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (Azərsu) ilə bağlı şikayət paylaşıb. Jurnalist mövcud vəziyyətə görə narazılığını ifadə edərək, məsul qurumun məsələyə biganə yanaşdığını bildirib.
Onun sözlərinə görə, “Ayy camaat, bu Azərsu Açıq Səhmdar Cəmiyyəti niyə var? Nəsimi rayon su idarəsinə iki gün ərzində qaynar xətdən düz 4 dəfə xəbərdarlıq edilib ki, bina nəcis içində batır. Ümumi kanalizasiya dolub, evlərə daşır. Heç kim maraqlanmır. Anar Cəbrayıllı vaxtında operativ cavab alırdıq. Ceyhun müəllim zəngləri belə açmır ki, dərdimizi deyək.”
Qeyd edək ki, jurnalistin paylaşımı ilə bağlı adıçəkilən qurumdan münasibət öyrənməyə çalışsaq da, buna nail ola bilmədik. Məsələ ilə bağlı rəsmi qurumun mövqeyi təqdim olunduğu təqdirdə, qarşı tərəfin açıqlamasını dərc etməyə hazırıq.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

