Putin, Tramp və Zelenski arasında planlaşdırılan görüş dünya ictimaiyyətində geniş marağa səbəb olub. Ağ Evin təşəbbüsü ilə reallaşması nəzərdə tutulan bu görüş ətrafında artıq müxtəlif ssenarilər müzakirə edilir. Yenifikir.media mövzu ilə bağlı Milli Məclisin deputatı Cavanşir Feyziyevin fikirlərini öyrənib.
Deputat bildirib ki, Trampın Putin və Zelenski ilə eyni masa arxasında əyləşməsi real görünmür. Amma ABŞ prezidentinin hər iki tərəflə ayrıca görüşməsi ehtimalı yüksəkdir. Onun sözlərinə görə, əsas müzakirə mövzusu, təbii ki, müharibənin dayandırılması olacaq. Lakin tərəflər arasındakı dərin fikir ayrılıqları bu istiqamətdə razılaşmanı çətinləşdirir. Rusiya işğal etdiyi Ukrayna vilayətlərinin öz ərazisi kimi tanınmasını və Ukrayna qoşunlarının həmin bölgələrdən çıxarılmasını tələb edir. Zelenski isə Rusiya qoşunlarının geri çəkilməsini və 1991-ci il sərhədlərinin bərpa olunmasını istəyir.
Cavanşir Feyziyev qeyd edir ki, Tramp müəyyən təşəbbüslərlə çıxış edə bilər. Amma bu təşəbbüslər elə formalaşdırılmalıdır ki, hər iki tərəfin əsas mövqeyinə toxunulmasın və müvəqqəti də olsa, razılıq mümkün olsun. Lakin belə bir balans tapmaq asan deyil.
Deputatın fikrincə, ən real nəticə müharibənin bəzi məqamları üzrə texniki razılaşmalar ola bilər. Məsələn, Rusiya pilotsuz uçuş aparatlarının hücumları qarşısında aciz qalır, Ukrayna isə ballistik raketlərdən müdafiə olunmaqda çətinlik çəkir. Qərb ölkələri də Ukraynaya yetərli hava hücumundan müdafiə sistemləri verməyib. Bu səbəbdən, Trampın vasitəçiliyi ilə hər iki tərəfin hava hücumlarına müvəqqəti moratorium tətbiq etməsi mümkün görünür.
Millət vəkili hesab edir ki, belə bir nəticə əldə olunsa, bu, ABŞ üçün, xüsusilə də Prezident Tramp üçün ciddi diplomatik uğur sayıla bilər. Amma ümumi mənzərəyə baxdıqda, yaxın zamanda müharibənin tam dayandırılacağına ümid bəsləməyə əsas yoxdur.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin