Xəzərin on beş yaşı var idi, şəhərdə orta məktəbdə oxuyurdu, dərs əlaçısı idi. İndi isə yay tətili başladığı üçün bağa, babasının yanında qalmağa gəlmişdi. Babası Yusif kişi çoxdan təqaüdə çıxmışdı, əsil sənəti də bağban idi. Xəzər bağ evində babasını tapmadı, çünki Yusif baba qonşuluqda təzəlikcə gözoxşayan bir imarəti olan bir hektarlıq bağ almış biznesmen Manafın bağında ağaclara qulluq eləməklə məşğul idi. Yusif babasının burda olduğunu bilən kimi iki metrlik hasardan asanlıqla aşıb babasının yanına gəldi. Yusif baba onu bağrına basıb imtahanları necə verdiyini öyrənəndən sonra ona gövdəsi xeyli iri, budaqları pəhləvan qolları kimi yoğun ağacı göstərib dilləndi:
-Bax oğlum, bu xartut ağacıdır.
Yusif baba əlini xartut ağacının yoğun budaqlarında gəzdirərək hələ kal olan meyvələrinə işarə elədi:
-Görürsən, hələ kaldılar. Amma dəyəndən sonra, məcun olur, məcun, yeyəndə dadından doymaq olmur. Bu ağacın ən azı 250 yaşı var. Əslinə qalanda əcdadlarımız bu ağacları bizə miras qoyublar. Bunun meyvəsinin misli yoxdur. Onu da deyim ki, bu ancaq Abşeron yarımadasında bitir. Xartut susuzluğu yatızdırır, təzyiqi normaya salır, qanı artırır, insanda şən əhval-ruhiyyə əmələ gətirir. Bu ağ tuta nisbətən gec dəyir, yəni inşallah bir aydan sonra dəyəcək. Bunun dadından da doymaq olmur, amma dərəndə qırmızı qan kimi adamın əlinə yayılır. Bunu yetişdirmək çox çətindir, çox..
Yusif baba əlindəki kətmanla ağacın dibində bitən alaq otlarını təmizlədi:
-Deyilənə görə bu ağacın gövdəsində xeyirxah ruhlar yaşayır. Əgər bu ağacı kəsərlərsə, o zaman xeyirxah ruhlar qaçıb gedir və həmin yerdə fəlakətlər baş verir. Əfsuslar olsun ki, indi bu ağacların nəsli kəsilməkdədir.
Yusif baba bunu deyib başını buladı:
-Bu bağın sahibi biznesmendir… Mənə tapşırıb ki, bu ağacın budaqları imarətinin pəncərələri üçün təhlükə yaradır, ona görə də onu kökündən baltalayım. Həm də yerinə xaricdən gətirdiyi dekorativ kollar əkdirmək istəyir.
Xəzər maraq etdi:
-Baba, bəs sən ona demədin ki, bunu kəssəm ailəndə fəlakətlər baş verər?!
Yusif baba köksünü ötürdü:
-Dedim.
-Nə dedi?
-Dedi ki, bunlar hamısı mövhimatdır.
Xəzər xartut ağacını təkrarən seyr etdi:
-İndi neyləyəcəksən baba?
Yusif baba kətmanı ağacın gövdəsinə söykədi:
-Ona dedim ki, qoy bu işi başqası görsün, mən 50 ilin bağbanıyam, ümumiyyətlə indiyə qədər canlı ağac kəsməmişəm, çünki bu ağaclar da bizim kimi canlıdılar, onları da Allah yaradıb.
Yusif baba sözünü bitirər-bitirməz həyət darvazası açıldı və bağın həyətinə son model bir avtomobil daxil oldu. Yusif baba başı ilə avtomobilə işarə elədi:
-Gəldi…
Bağın yiyəsi Manaf avtomobili saxladı və ordan onunla bərabər Cəmşid, Səidə və Xumar düşdü. Manaf dərhal Yusif babaya tərəf gəlib onunla əl tutdu:
-Salamlar, salamlar, Yusif dayı.
Manafın birdən gözü Xəzərə sataşdı:
-Aha, bu pəhləvan kimdi belə?
Yusif baba gülümsədi:
-Nəvəmdir. Yay tətili başladığı üçün gəlib mənim yanımda qalmağa.
Manaf başını tərpətdi:
Lap yaxşı da eləyib.
Sonra o Xəzərə baxıb əlini tərpətdi:
-Yəqin bu bağ işlərində də sənə kömək eləyəcək?!
Yusif baba da öz növbəsində başını tərpətdi:
-Hə.. Şəhər uşağı olmağına baxma, kəndistanı çox sevir, torpağa, təbiətə çox bağlıdır.
Bu vaxt Cəmşid onlar yaxınlaşdı:
-Əla!
Bu zaman Səidə ilə Xumar da onlara yaxın gəldi. Səidə alabəzək çantasından bir bahalı siqaret çıxarıb damağına qoydu:
-Gün aydın!
Xumar da öz növbəsində onun siqaret qutusundan bir siqaret götürdü:
-Hər vaxtınız xeyir olsun!
Yusif baba başını bir qədər aşağı əydi:
-Aqibətiniz xeyir! Xoş gəlmisiz!
Manaf arabasına tərəf baxıb üzünü Yusif babaya tərəf çevirdi:
-Yusif dayı, sənə bir işimiz düşüb axı.
Yusif baba yenə təbəssüm etdi:
-Buyurun, mən sizin qulluğunuzda hazır.
Manaf əlini maşının yük yerinə tərəf uzatdı:
-Maşının yük yerində bir dənə quzu cəmdəyi var. Ondan bizim üçün kabab eləyə bilərsənmi?
Yusif baba əllərini yana açdı:
-Niyə eləmirəm ki..
Manaf yaxınlaşıb avtomobilin yük yerini açdı, Yusif baba gözü ilə işarə elədi, Xəzər dərhal cəmdəyi götürüb yaxındakı kötüyün üstünə qoydu. Yusif baba diqqətlə quzu cəmdəyinə baxdı:
-Siz dörd nəfərsiz, bu quzu cəmdəyi azı 12 kilodur.
Manaf əlini quzu cəmdəyinə vurdu:
-Hə, düz 12 kilodur.
Yusif baba çiyinlərini çəkdi:
-12 kilo quzu kababını ən azı 25 nəfər yeyib əməlli-başlı doyar. Siz bu qədər kababı necə yeyəcəksiz?
Manaf əsnədi:
-Biz hələ üç gün burda olacağıq Yusif dayı, bizim üçün sac qovurması da eləyərsən, hörmətini eləyəcəm narahat olma!
Bu ərəfədə Cəmşid, Səidə və Xumar avtomobilin yük yerindən ərzaqları daşımağa başladılar. Yusif baba kötüyə sancdığı iti baltanı götürüb cəmdəyin boynunu kəsdi:
-Nə deyirəm ki..
Sonra Xəzərə sağ tərəfdəki taxta evciyi göstərdi:
-Xəzər, get ordan iri manqal var onu gətir, sonra da kiçik konestrdə neft, kisədə kömür, onları gətir, bir də bir xeyli odun var, irilərindən yığıb gətirərsən.
Xəzər dərhal evciyə tərəf addımladı:
-Baş üstə baba!
Bir qədər sonra İşə başladılar. Yusif baba əvvəlcə quzunun cəmdəyininin təxminən dörddə birini doğrayıb xırda tikələrə bölüb bir az duz, bir qədər istiot qatıb şişlərə keçirdi, bundan sonra manqalı odunla qalayıb od vurdu, odunlar yanıb qurtarandan sonra, manqala xeyli kömür tökdü. Bundan sonra şişləri manqalın üstünə düzüb kabab çəkməyə başladı. Bu ərəfədə imarətdən Manafın və qonaqlarının qəhqəhəsi gəlirdi. Onlar iri masa arxasında əyləşmişdilər. Süfrədə doğranmış bahalı kolbasa, pendir və şərab var idi, eyni zamanda xarici musiqi sədası eşidilirdi.
Manaf badəsini şərabla doldurub yuxarı qaldırdı:
-İçək dostluğumuzun şərəfinə!
Badə-badəyə vurub içdilərlər, kolbasa yedilər. Manaf ağzındakı yeməyi bitirincə dilləndi:
-Bir azdan kabab da hazır olar.
Cəmşid badəsinə şərab süzdü:
Manaf, bu qocanı hardan tapmısan, lap şaxta babaya oxşayır?!
Manaf da öz badəsinə şərab doldurdu:
-Bu bağı alanda fikirləşdim ki, bağa baxan lazımdır, soraqlaşdım, mənə dedilər ki, bu Yusif dayı, əla bağbandır, özü də çox təmiz adamdır. Hasarın o tayı onun bağıdır, orda bir cahi-cəlal yaradıb ki.. Ona görə də onunla danışdım, həm bağı necə eyərlər bağ eləsin, həm də burda bir gözətçi olsun. Razılaşdı.. Puldan kim qaçar ki.. İndi görürəm ki, doğurdan da işə can yandıran adamdır.
Bu zaman Xumar ayağa qalxıb pəncərədən bağa baxdı:
-Əzizlərim, kabab hazır olana qədər, bəlkə çıxaq bir az bağı gəzək?!
Manaf dərhal ayağa qalxdı:
-Hə, pis olmaz. Görərsiz ki, nə qiyamətdir, verdiyim pula dəyər.
Onlar imarətdən çıxan zaman quzu kababının bihuşedici ətri gəlirdi. Yusif baba isə dayanmadan şişləri çevirirdi.
O, onların imarətdən çıxdığını görüb üzünü Manafa tutdu:
-Təxminən on dəqiqəyə kabab hazır olacaq.
Manaf manqala nəzər salıb dilləndi:
-Sən işində ol Yusif dayı. Biz bir az bağı gəzmək istəyirik, bu xanımların istəyidi.
Yusif baba bir söz deməyib yenə özünəməxsus şəkildə gülümsədi:
Manaf və qonaqları bağın içində gəzməyə başladılar və bir hektarlıq bağın axırına gəlib çıxdılar. Xumar albalı, gilas, əncir, ərik, şaftalı ağaclarına baxıb dilləndi:
-Burda hər şey çox gözəldir.
Sözünü davam etdirmək istərkən birdən gözü ən azı metrə yarım uzunluğunda gürzə ilana sataşdı və ondan özündən asılı olmayaraq inilti qopdu:
-Aaaa, İlan, ilan…
Manaf, Cəmşid və Səidə ilanı görüncə arxalarına baxmadan qaçmağa başladılar. Xumar isə çox qorxduğu üçün ilanın yaxınlığında yıxılıb qaldı. İlan fısıldayıb onun üstünə atılmaq istəyəndə əlində kətman ildrım sürətilə ora qaçan Xəzər özünü yetirib ilanı bir neçə yerə böldü. Yusif baba da arxadan qaça-qaça gəlirdi, lakin 80 yaşı olduğu üçün təbii ki, 15 yaşlı nəvəsi ilə ayaqlaşa bilmirdi. O hadisə yerinə çatanda Xəzər artıq ilanı bir neçə yerə bölmüşdü.
Yusif baba olduqca təngənəfəs halda yaxınlaşıb Xəzərin alnından öpdü:
-Sağ ol Xəzər, sən əsil igidmişsən, şəhid qardaşın Azərdən heç fərqlənmirsən.
Xəzər şəhid qardaşını xatırlayıb özündən biixtiyar ağlamsındı. Yusif baba Xumara yaxınlaşıb ayağa qaldırdı:
-Daha qorxacaq bir şey yox qızım, mənim nəvəm onu parçalara böldü.
Xumar hələ də tir-tir əsirdi:
-Ah, necə qorxdum, necə qorxdum.
Xeyli uzaqda durmuş Manafa və Cəmşidə baxdı:
Qorxaq dovşanlar.. Siz də kişisiz..
Sonra Xəzərə yaxınlaşdı:
-Gəl canım, gəl səni öpüm..
O, b unu deyib Xəzərin üzündən öpdü:
-Sən olmasaydın indi meyid idim. Sənin üçün neyləyə bilərəm canım?!
Xəzər onun qorxudan meyid kimi saralmış çöhrəsinə baxdı:
-Mənim üçün nəsə eləmək istəyirsən?
-Hə!
-Məsələn?
Xumar əlini onun enli çiynində gəzdirdi:
Sənin üçün əla ayaqqabı, kostyum alaram!
Xəzər başını buladı:
-Sağ ol, əla ayaqqabım da, kostyumum da var.
Bu zaman Manaf, Cəmşid, Səidə vahiməli halda ora yaxınlaşdlar. Xumar bu dəfə əlini onun üzünə sürtdü:
-Bəs onda sənin üçün neyləyim?
Xəzər burnunu çəkdi:
-Mənim üçün yox, özün üçün elə!
Xumarın qaşları çatıldı:
-Anlamadım?
Xəzər addım-addım onlara yaxınlaşan Manafa, Cəmşidə, Səidəyə işarə elədi:
-Onlardan uzaq dur, çirkin həyata əlvida de və yeni, saf bir həyata başla!
Yusif babanın sağ qaşı yuxarı qalxdı:
-Xəzər!..
Xəzər bir söz demədən başını aşağı salıb uzaqlaşdı. Manaf, Cəmşid və Səidə həmin yerə çatıb ehtiyatla bir neçə yerə bölünmüş ilana baxırdılar.
Manaf köksünü ötürdü
-Biz də adımızı kişi qoymuşuq.
O, artıq onlardan xeyli uzaqda olan Xəzərə işarə elədi:
-Kişi bax belə olar.
Yusif baba ah çəkdi:
-Onun böyük qardaşı Azər də belə bir igid idi. 44 günlük müharibədə şəhid oldu.
Manaf, Cəmşid, Səidə bir ağızdan dilləndilər:
-Allah rəhmət eləsin!
Bu vaxt Xumar qəfildən hönkürtü ilə ağlamağa başladı. Manaf ona yaxınlaşdı:
-Keçdi əzizim, keçdi, özünü ələ al!
Cəmşid elə jest aldı ki, guya bir qədər bundan qabaq yelmar ilanı görüb arxasına baxmadan qaçan adam deyildi:
-Bağışla Xumar, sənə kömək eləyə bilmədik!
Xumar hıçqırdı:
-Mən ona görə ağlamıram.
Manafın qaşları çatıldı:
-Bəs nəyə görə ağlayırsan?
Xumar ağlaya-ağlaya artıq manqalın yanına çatmış Xəzərə işarə elədi:
-O, mənə elə söz dedi ki, ruhum sarsıldı.
Səidə dodağını büzdü
-Axı o sənə nə dedi?
Xumar yenə hıçqırdı:
-O mənə dedi ki, bu çirkin həyatına son qoy, saf bir həyata başla!
Səidə ironiya ilə dilləndi:
-Deməli biz çirkin bir həyat yaşayırmışıq?! Burnu fırtlıqlı.
Cəmşid lovğa xoruzlar kimi qaqqıldadı:
-Buna deyirləre, bu ilki cücə, bildirkinə cib-cib öyrədir. Südəmər.
Yusif baba qəzəblə dilləndi
-Bura baxın, danışığınıza fikir verin!
Cəmşid yenə xoruzlandı:
-Bura bax şaxta baba, get işinlə məşğul ol!
Yusif babanın qəzəbi bir az da artdı:
-Mən elə işimlə məşğul oluram da..
Cəmşid iyrənc səslə güldü:
-Şaxta baba..
Yusif baba qəzəbdən bir qədər titrədi:
-Dedim danışığına fikir ver, yoxsa..
Cəmşid ıhıldadı:
-Yoxsa nə olacaq?
Yusif baba ona yaxınlaşdı:
-Yoxsa dilini boğazından qopardaram.
Cəmşid dovşan kimi qorxaq olduğu üçün geri çəkildi, lakin yenə dilini saxlaya bilmədi:
-Bah-bah, bu mənim dilimi boğazımdan qopartmaq istəyirmiş.
Manaf Cəmşidə tərəf gəldi:
-Bəsdi yetər Cəmşid! Sən ağsaqqal kişiylə nə cür danışırsan?

Cəmşid bu dəfə qarğa kimi qarıldadı:
-Ağsaqqal həddini bilsin!
Yusif baba orda düşüb qalmış kətməni görürdü:
-Eybi yox, sənə həddimi bildirəcəm!
O, bunu deyib uzaqlaşdı. Xumar isə hələ də göz yaşı tökürdü. O, qoftasının qolu ilə göz yaşlarını sildi:
-Mən özümü yaxşı hiss eləmirəm. Getmək istəyirəm!
Manaf pərişan halda dilləndi:
-Bir az gözlə, kabab yeyək, mən səni apararam!
Xumar başını buladı:
-Yox, yox.. Mən daha burda dura bilmirəm.
Manaf cibindən telefonunu çıxardı:

-Yaxşı, onda taksi çağırım, səni aparsın!

Bu hadisədən təxminən on beş gün keçmiş Manafın ailəsi bağa köçdü. Onun Nargilə adında təxminən 35 yaşında bir arvadı, Sevda adlı 14 yaşında qızı, Teymur adlı 12 yaşında oğlu var idi. Sevda ilə Teymur elə bağa gələn kimi atalarından dənizə getmək istədiklərini bildirdilər. Manaf bir qədər narazı olsa da övladlarının sözünü yerə salmadı. Onların bağından dənizə qədər cəmisi təxminən bir kilometr məsafə var idi. Odur ki, çantalarını yeməklə, mineral su ilə doldurub maşına minib yola düzəldilər. Yola düşməmişdən Manaf bağda babasına kömək eləyən Xəzərə dedi ki, “Gəl sən də bizimlə gedək”.
Xəzər babasına tərəf baxdı. Yusif baba başı ilə razılıq işarəsi verdi.

İyuı ayının isti günləri olduğu üçün dəniz kənarında iynə atsaydın yerə düşməzdi. Teymur maşından düşən kimi necə deyərlər ağına-bozuna baxmadan soyunub suya girdi. Manaf təəsüf hissilə Xəzərə baxıb başını yellədi:
-Bilmirəm bununla neyləyim?! Bu Teymur o qədər dəcəldi ki.. İndi uzağa getsə vay mənim halıma. Özüm də üzə bilmirəm.

Bir qədər sonra Manafın düşündüyü başına gəldi. Teymur sahildən xeyli uzaqlaşmışdı və birdən Manaf onun suda çapaladığını gördü. Nargilə göm-göy göyərmişdi, səsi çıxmırdı. Manafın gözləri kəlləsinə çıxmışdı. Sevdanın naləsindən çimərlikdəki yüzlərlə adam məsələnin nə yerdə olduğunu anlasalar da kimsə özünü təhlükəyə atıb 12 yaşında yeniyetmənin imdadına yetişmirdi. Xəzər isə şəhid, igid qardaşı idi, özü də düz üç il idi ki üzgüçülüyə gedirdi. Sadəcə olaraq yay olduğu üçün hövuz müvəqqəti olaraq bağlanmışdı.

Xəzər özünü suya vurdu, yunus balığı kimi üzdü və özünü artıq yüz faiz boğulmaqda olan Teymura çatdırıb onun qız saçları kimi uzun saçlarından yapışdı və suyun üzərində arxası üstə uzanıb bir əlini çarx kimi fırlada-fırlada sahilə tərəf üzdü.

Teymurun ağzına bir xeyli su getsə də, ürəyi döyünürdü. Ona ilk tibbi yardım göstəriləndən sonra Manaf onu maşına qoyub qəsəbə xəstəxanasına apardı. Orda həkimlər onun qarnına getmiş bütün suyu boşaldıb, iynə vurdular. Teymur təxminən bir saatdan sonra özünə gəldi.

Manaf və ailəsi xəstəxanadan axşam döndülər. Yusif baba da çox nigaran idi. Lakin Teymuru sağ-salamat görüb əllərini göyə qaldırıb Uca Yaradana şükürlər elədi. Maşından düşəndən sonra Manafın Xəzərə ilk sözü bu oldu:
-Maşınımın 100 min manat qiyməti var.

İstəyirsən onu sənə bağışlayım. İstəyirsən lap bu bağı imarətilə birlikdə sənə verim. Oğlumun həyatını xilas etdin.

Xəzər başını tərpətdi:

-Oğlunuzun həyatını mən xilas eləmədim, Allah xilas elədi! Mən sadəcə vasitəçi oldum!
Manafın səsi bu dəfə çox yanıqlı çıxdı:
-Hər halda Xəzər, məndən nəsə istə, yoxsa bağrım çatlayacaq.

Xəzər köksünü ötürüb xartut ağacına baxdı:
-Mənə bağışlamaq istəyirsizsə, onra bu xartut ağacını bağışlayın! Yəni onu kəsdirməyin!

Bax, bu mənə çox qiymətli hədiyyə olar!

Yusif baba göz yaşları içində nəvəsini bağrına basdı. Manafla Nargilə isə 15 yaşlı yeniyetmənin simasında yüksək mənəvi keyfiyyətlərə, nəcib sifətlərə malik əsil insan görürdülər. Odur ki, onlar da özündən biixtiyar göz yaşı tökdülər.

Mövsüm Əhməd

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir