CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 90

Əfsanəvi qəhrəman Mehdi Hüseynzadə cəmi 26 il ömür yaşayıb, çox qısa bir ömür sürüb. 1918-ci ilin 22 dekabrında – ilin ən uzun gecəsi dünyaya göz açıb. Ezoterik elm onun həyatındakı rəqəmlərdən ayrıca bir tale yaradıb. Bu barədə ilahiyyatçı Hacı Soltan Əlizadə ilə söhbətimiz zamanı çox maraqlı məqamlar ortaya çıxdı.

Yeri gəlmişkən, Mehdi Hüseynzadənin xatirəsini yaşatmaq üçün böyük işlər görmüş Hacı Soltan təkcə dini xütbələr deyil, sənət və tarix xütbələri ilə də insanları maarifləndirməklə məşğuldur. O, Mehdi Hüseynzadənin adını daşıyan Mehdiabad qəsəbəsində onun büstünün qoyulması, adına küçə verilməsi üçün rəsmi orqanlara müraciət edib və müsbət cavab alıb.

Abşeron Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev Hacı Soltanı qəbul edərək onun təşəbbüsünü müsbət qarşılayıb və lazımi göstərişlər verib.

Mehdi Hüseynzadə 1944-cü il noyabrın 2-də növbəti tapşırıqdan qayıdarkən Vitovlye kəndində həlak olub. 44 rəqəmi və noyabr ayı sənə bir söz demir? Biz 44 günlük savaşı Zəfərlə bitirdik, noyabrda qələbə qazandıq. Bax, Mehdinin də taleyindən bu tarix keçir. Numerologiya deyilən elm var, o, insanın tale rəqəmlərini müəyyənləşdirir. Bu tarixin izinə düşsək, hardasa mistika ilə üzləşəcəyimiz şəksizdir.

Noyabrın 2-də Mehdiabadda – “Qədim şəhər” restoranında bir neçə saatlıq qədim dövrlərə virtual səyahətə çıxdıq. “Qədim şəhər” gəzintisinin şəriksiz qəhrəmanı Mehdi Hüseynzadə idi. Abşeron ağsaqqallarının toplaşdığı o məclisin yuxarı başında Mehdi Hüseynzadənin özü əyləşmişdi. Öz fotosu ilə. Bu fotodakı canlı baxışlar onu göstərir ki, mistik və ya simvolik dirilmə baş vermişdi. Mehdi Hüseynzadə “Uzaq sahillərdə”n öz adını daşıyan qəsəbəyə qayıtmışdı və onun haqqında danışılanları dinləyirdi. Bu, ruhun informativ və həm də mistik-metafizik təcəssümü idi. Reinkarnasiyada buna varlığın ikinci forması deyirlər.

Mehdi rəssam olmaq istəyirdi. Bu məqsədlə1932-ci ildə orta məktəbi bitirərək Bakı Rəssamlıq Məktəbinə daxil olmuşdu. Gözəl rəsmlər çəkirdi. Təhsilini təkmilləşdirmək üçün Leninqrad (indiki Sankt-Peterburq) İncəsənət Akademiyasına daxil olmaq istəyir, lakin qəbul olunmur. Elə bu şəhərdə Xarici Dillər İnstitutunun fransız dili fakultəsinə daxil olur. Sonralar Partizan Hərəkatında çox dil biməyi onun karına gələcəkdi. Mehdi 5 dildə sərbəst danışmağı bacarırdı.

Böyük Vətən Müharibəsinin başlanması Mehdinin bütün arzularının üzərində çalın-çarpaz xətt çəkdi. Tiflis hərbi-piyada məktəbini bitirdikdən sonra 1942-ci ildə Mehdi Hüseynzadəni cəhbəyə göndərdilər. Cəbhədən yolladığı məktublarında birində yazırdı: “Cəbhədən yazıram. Burada qəddar döyüşlər gedir. Faşistlərin qəddarlığını təsvir etmək çətindir. Onlar heç bir alçaq üsuldan çəkinmirlər. Sabah hücuma keçirik. Mən sizə söz verirəm ki, son damla qanıma qədər vuruşacağam!

Sizi əmin edirəm ki, mən qəhrəmancasına döyüşəcəyəm, sizin başınızı ucaldacağam, ölsəm də qəhrəmancasına öləcəyəm! Mənim barəmdə eşidərsiniz, hələlik sağ olun! Bu, mənim son məktubumdur”.
Mehdi qızğın döyüşlərdən birində yaralanır və almanlara əsir düşür. Bundan sonra o, əsirlikdən qaçmağı bacarır və Partizan hərəkatına qoşulur.

Mehdi Hüseynzadənin Yuqoslaviya Xalq Azadlıq Ordusu cərgələrində rolu və fəaliyyəti uzun müddət Sovet İttifaqının geniş ictimaiyyətinə məlum deyildi. 1956-cı ilin 31 mayında “Krasnaya Zvezda” qəzeti Keçmiş Partizan V. Sokolovun xatirələrinə əsaslanaraq Mixaylonun qəhrəmanlığına həsr olunmuş “Partizan igidliyi” məqaləsini dərc etdi. Sonralar, həmin ilin oktyabrında başqa bir keçmiş partizan Q. A. Jilyayev “Mehdi Hüseynzadə (Mixaylo) haqqında xatirələr” kitabını yazdı və əlyazmanı Azərbaycan EA-nın Tarix İnstitutuna verdi.

Tez bir zamanda institut tərəfindən partizanın rəşadəti haqqında əhəmiyyətli miqdarda material toplandı və bununla əlaqədar Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayev Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinə gizli məktubla müraciət etdi. Əvvəlcə aidiyyatı qurumlar leytenant Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi dövründə Yuqoslaviya və İtaliya ərazisində etdiyi qəhrəmanlığı təsdiq edən gizli axtarış aparmağa başladı.

F. Kopılov Azərbaycan SSR MK-ya yazırdı: “SSRİ-nin Yuqoslaviyadakı səfirliyi Hüseynzadənin Yuqoslaviya partizan birliyindəki fəaliyyətini araşdırmaq və sənədləşdirmək üçün Yuqoslaviyanın münasib orqanlarına xahişlərlə müraciət etmişdi”.

Araşdırma Sovet leytenantının rəşadətini təsdiq edən məlumatları almaqla başa çatdı; Yuqoslavlar tərəfindən həm də əlavə sənədlər təqdim edildi. Nəticədə SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 aprel 1957-ci il tarixli əmri ilə Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Mehdi Hüseynzadənin adı tarix kitabına qəhrəman kimi düşdü. Həsən Seyidbəyli və İmran Qasımovun birlikdə yazdıqları “Uzaq sahillərdə” romanı Mixaylonun obrazını ədəbiyyatda əbədiləşdirdi. Bu roman əsasında çəkilmiş eyni adlı film isə Mehdini geniş kütlələrə sevdirdi. “Mixaylo şəhərdədir” ifadəsi bu gün də parol kimi işlənir.  

Əfsanəvi partizan Mixaylonun son döyüşünün və həlak olduğu səhnələrin çəkildiyi ev hələ ki, öz varlığını mühafizə edir. Bu ev Ağsu rayonunun Kövlüc kəndindədir. Hacı Soltan bizimlə söhbətində dedi ki, mən həmin məkana getdim və gördüm ki, ev baxımsız vəziyyətdə olmağına baxmayaraq bura böyük maraq var, xüsusən, turistlər bu tarixi məkana axın edirlər. Hacını bir məsələ narahat edir – Mixaylonun son döyüşdə “sığındığı” bu tarixi məkan tezliklə yer üzündən silinə bilər.  

Çardaq yerində qalır, amma çürüyüb getməkdədir, hər an uçula bilər. Bu tikili tarixi abidə kimi qorunarsa, bu, həm Mehdi Hüseynzadənin ruhuna hörmət və ehtiramımızın ifadəsi, həm də keçmişimizi qorumaq baxımından mühüm bir addım olar. O qədər belə qiymətli nişanələr laqeydliyimiz ucbatından heçliyə qovuşub ki…

Hacı Soltanın təşəbbüsü ilə Mehdiabadda ilk dəfə Mehdi Hüseynzadənin anım günü keçirildi. Qəribədir, onun adını daşıyan bir qəsəbədə ilk dəfə idi ki, Mehdi Hüseynzadə xatırlanırdı. Hacı deyir ki, bu kənddə Mehdinin adına bir küçə yoxdur, orta məktəblərdə Mehdi Hüseynzadə ilə bağlı bir guşəyə rast gəlmədim və bu məni xeyli pəjmürdə etdi.

Hacının gileyi və narahatlığı məni dərin düşüncələrə qərq etdi. Niyə belə olsun? Bu biganəliyi bəlkə insanların mistik şüuraltısında axtaraq? Laqeydlik süjetini bu dəfə dəyişsək, Mehdi Hüseynzadə romanının yeni fəsillərini yazsaq, necə olar? İnsanları himayə edən laməkan qüvvə onun – Mehdinin tərəfindədir.

Bəzən həqiqət axtarışına çıxırsan, bir də görürsən ki, həqiqət özü səni gəlib tapıb. Bax, burda – Mehdiabadda olduğu kimi. Mən bu gün həqiqətlə üzbəüz idim… Fin dilində feilin gələcək zamanı yoxdur. Çünki gələcək qeyri-müəyyəndir. Biz bu gördüyümüz işlərlə gələcək üçün sərmayə yaradırıq. Biz keçmişlə gələcək arasında körpü quranlarıq. Hacı Soltan bu missiyanı könüllü öz üzərinə götürüb.

Milli təəssübkeşlik və vətəndaş qeyrəti onu buna sövq edir. Gəlin, onu bu nəcib işdə tək qoymayaq.

Yaddaşımız radardan itmiş fırtına quşlarına bənzəyir. Bəlkə Mehdi Hüseynzadə haqqında yeni bir filmin çəkilməsinə ehtiyac var?! Adı da belə olsun: Yaxın sahillərdə…
P.S. 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakının görkəmli yerlərindən birində Mehdi Hüseynzadənin tuncdan heykəli ucaldılıb.

Heykəltəraş Fuad Əbdürrəhmanov Mehdi Hüseynzadəni əlində qumbara tutaraq növbəti əməliyyat apardığı anda təsvir etmişdir. Heykəldə partizanın qətiyyətli baxışları, bir-birinə sıxılmış dodaqları və üzünün cizgiləri yüksək sənətkarlıqla işlənmişdir.

Kənan Hacı

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir