Misir deyəndə ilk olaraq ağla möcüzələr diyarı gəlir. Uşaqlıqdan eşitdiyim “Dünya üzükdür, Misir isə onun qaşı” ifadəsinə aşiq olmuş, bu ölkəyə qarşı xüsusi maraq bəsləmişəm. “Yusif və Züleyxa” sevgisinin abidəsini görmək də həmişə arzum idi.
Lakin bu gün Misir keçmişdəki zənginliyi, təhsili və səliqəsi ilə seçilən ölkə təsəvvüründən uzaqdır. Qahirə bir zamanlar bənzəri olmayan gözəlliyi ilə məşhur olsa da, hazırda olduqca acınacaqlı vəziyyətdədir. Nil çayının keçdiyi ərazilər yaşıllığı ilə göz oxşayır, amma təhsil səviyyəsi demək olar ki, yox dərəcəsindədir. Əhali uşaqlarını təhsilə deyil, xalçaçılıq kimi əl sənətlərinə yönləndirir. Maraqlıdır ki, oxuma-yazma bilməyənlər belə bəzən bir neçə dildə danışa bilirlər. Bütün bunları gördükdə məyus oldum deməsəm, yalan olar.
Buna baxmayaraq, dövlət abadlıq işlərinə müəyyən qədər önəm verir. Xüsusilə mərkəzi yolların geniş və səliqəli saxlanması, əhalinin çoxluğunu nəzərə alaraq tıxacların azaldılması istiqamətində tədbirlər görülür.
GİZA – PİRAMİDALAR DÜNYASI
Giza Misirin ən möcüzəvi guşələrindən biridir. Piramidalar öz möhtəşəmliyi, hündürlüyü və incə işlənməsi ilə insanı valeh edir. Onların üzərindəki işarələrin fironlara aid olduğu deyilsə də, bəzi müasir nəzəriyyələrdə bu simvollar insan orqanları ilə müqayisə edilir.
Piramidalar qədim dünyanın ən təsirli abidələri, Misirin qüdrətinin və mühəndislik dahisinin simvoludur. Əsasən fironlar və zadəganlar üçün axirət həyatı məqsədilə tikilmiş bu “əbədi evlər”, qədim misirlilərin ruhun ölümdən sonra yaşadığına olan inamını əks etdirirdi.
Gizadakı üç böyük piramida – Xufu (Xeops), Xafre və Menkaure eramızdan əvvəl 2550–2490-cu illərdə, Dördüncü Sülalə dövründə inşa edilmişdir. Xufu Piramidası ilkin olaraq 147 metr hündürlükdə olub və minilliklər boyu dünyanın ən hündür tikilisi sayılıb. Böyük Xeops Piramidası qədim dünyanın Yeddi Möcüzəsindən biridir.
Piramidaların necə inşa olunması bu gün də tam məlum deyil – düz və ya spiral rampalar, rıçaq sistemləri kimi fərziyyələr mövcuddur. Hətta bəzi nəzəriyyələrə görə, üç piramidanın düzülüşü Orion bürcü ilə əlaqəlidir.
Son illərdə aparılan “ScanPyramids” layihəsi çərçivəsində Cheops piramidasının əsas girişinin üstündə, təxminən 9 metr uzunluğunda gizli dəhliz aşkarlanıb. Məqsədi hələ də sirr olaraq qalır. Yeni radar tomoqrafiyası tədqiqatları Xafre və Menkaure piramidalarının altında kamera və dəhlizləri olan potensial “yeraltı şəhər” ehtimalını irəli sürsə də, bu tapıntılar hələ mübahisəlidir.
Kompleksin yanında Böyük Misir Muzeyi (GEM) inşa olunur. Mən gördüyümdə hələ tamamlanmamışdı. Bildirilir ki, bu muzey dünyanın ən böyük arxeoloji muzeyi olacaq və 2025-ci ilin sonunda açılacaq. Burada Tutanxamonun kolleksiyası və 1954-cü ildə piramida yaxınlığında tapılmış məşhur Xeops günəş gəmisi sərgilənəcək.
Giza həm qədim mühəndislik möcüzələrinin, həm də müasir arxeoloji nailiyyətlərin mərkəzi olmaqla yanaşı, kütləvi turizmin yaratdığı problemlərlə üz-üzədir.
ŞARM ƏL-ŞEYX – QIRMIZI DƏNİZİN İNCİSİ
Şarm əl-Şeyx Misirin Sinay yarımadasının cənubunda yerləşən müasir turizm şəhəridir. Qırmızı dənizin sahilində yerləşən bu məkan sualtı gözəlliyi, dalğıc və şnorkel imkanları ilə məşhurdur. Ətrafındakı mərcan qayaları rəngarəng balıqlar və dəniz canlıları üçün əvəzolunmaz yaşayış yeridir.
Şəhərin yaxınlığında yerləşən Ras Məhəmməd Milli Parkı – Misirin ilk milli parkı – 1983-cü ildə yaradılıb. 480 km² ərazini əhatə edən park həm quru, həm də dəniz ekosistemlərini qoruyur. Burada 220 növdən çox mərcan, 1000-dən çox balıq, yüzlərlə xərçəngkimilər və nəsli kəsilməkdə olan yaşıl və şahin dəniz tısbağaları yaşayır.
Ras Məhəmməd Milli Parkı UNESCO-nun ilkin Ümumdünya İrs Siyahısına daxildir. Lakin artan turizm və tikinti təzyiqləri onun təbii tarazlığına təhlükə yaradır. Bu səbəbdən ziyarətçilərin ekoloji qaydalara riayət etməsi xüsusi əhəmiyyət daşıyır.
Süheyyə Məhərrəmova
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin