Dövlət siyasətinin mahiyyəti fərdi ambisiyalardan deyil, cəmiyyətin təhlükəsizliyinin təmin edilməsindən, suverenliyin qorunmasından və milli birliyin möhkəmləndirilməsindən qaynaqlanır.Azərbaycan Respublikasının siyasi sistemində bütün fəaliyyətlər “Siyasi partiyalar haqqında” qanunla müəyyən edilmiş hüquqi çərçivələr daxilində həyata keçirilməlidir. Hazırda müxtəlif siyasi subyektlərlə bağlı ictimai müzakirələrin intensivləşməsi, o cümlədən AXCP-nin fəaliyyəti ətrafında yaranmış narahatlıqlar təsadüfi xarakter daşımır və mövcud hüquqi faktlara əsaslanır.
Uzun müddətdir müşahidə olunan radikal çağırışlar, konstitusiya quruluşunun zorakı üsullarla dəyişdirilməsi ehtimalını doğuran bəyanatlar, kütləvi itaətsizliyə yönəlmiş ritorika, habelə xarici təsirlərlə paralel fəaliyyət şübhələri bu təşkilatın siyasi mübarizənin qanuni prinsiplərindən uzaqlaşdığını göstərən əsas göstəricilərdir. Qanunun 4.3-cü maddəsi bu cür fəaliyyətləri qəti şəkildə qadağan edir və belə pozuntuların siyasi partiya üçün ən sərt hüquqi nəticələrə səbəb ola biləcəyini açıq şəkildə təsbit edir.
Dövlət siyasəti şəxsi maraqlara deyil, milli təhlükəsizlik amillərinə, dövlətçilik prinsiplərinə və cəmiyyətin ümumi rifahına istiqamətlənmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasi idarəetmə islahatları həm milli təhlükəsizliyin təmin edilməsinə, həm də siyasi institutların məsuliyyətli fəaliyyətinə xidmət edərək dövlətçilik ənənələrinin daha da möhkəmlənməsinə səbəb olmuşdur.
Təəssüf doğuran haldır ki, AXCP rəhbərliyinin uzun illər ərzində nümayiş etdirdiyi davranış xətti siyasi rəqabətdən daha çox destruktiv yanaşmalarla xarakterizə olunur. Dövlətin tarixi qələbələrinə qeyri-konstruktiv münasibət, milli həmrəyliyə zidd çağırışlar və cəmiyyət daxilində qarşıdurma yaratmağa yönəlmiş ritorika nə siyasi mədəniyyətə, nə də demokratik davranış standartlarına uyğundur.
Son günlər istintaqa cəlb olunmuş Ramiz Mehdiyev hadisəsi də təsdiq edir ki, dövlətçilik maraqlarına zidd fəaliyyətlər, siyasi manipulyasiya cəhdləri və cəmiyyətə qarşı yönəlmiş qanunsuz addımlar kim tərəfindən törədilməsindən asılı olmayaraq hüquqi qiymətləndirmədən kənarda qala bilməz. Dövlətin institusional gücü məhz qanunun aliliyinin istisnasız qaydada təmin edilməsində öz əksini tapır.
Hazırda Azərbaycan xalqı tarixinin ən yüksək milli həmrəylik səviyyəsini nümayiş etdirir. Qarabağ Zəfəri ilə formalaşmış milli birlik dövlətçilik maraqlarının müdafiəsini, təhlükəsizlik məsələlərinə prioritet yanaşmanı və sabitliyin qorunmasını daha da gücləndirmişdir. Mövcud ictimai-siyasi reallıqlar radikal qrupların təsir imkanlarını minimuma endirmişdir.
Bu səbəbdən siyasi partiyaların fəaliyyəti yalnız qanunvericilik tələblərinə uyğun şəkildə və milli maraqlar kontekstində həyata keçirilməlidir. Bu prinsiplərin pozulması ilə bağlı hüquqi prosedurların başlanması dövlətçilik baxımından tam əsaslı və zəruri addım hesab olunur.
Azərbaycan Respublikasının gələcəyi qarşıdurma deyil, hüquqi dövlət quruculuğu; xaos deyil, milli həmrəyliyin möhkəmlənməsi üzərində formalaşır. Cari mərhələdə əsas vəzifə milli suverenliyin qorunması, dövlətçilik ənənələrinin davamlılığı və cəmiyyətin siyasi sabitliyinin təmin edilməsidir.
Saila Salahova
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

