Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı sosial mediada ailə üzvləri ilə bağlı yayılan iddialara münasibət bildirib. Deputat yayılan görüntülərin saxta olduğunu və siyasi məqsədlərlə hazırlanmış qara-piar kampaniyasının bir hissəsi kimi ictimailəşdirildiyini açıqlayıb.
Günay Ağamalının sözlərinə görə, videoda yer alan şəxsin onun övladı ilə heç bir əlaqəsi yoxdur:
“Paylaşılan videodakı qız mənim övladım deyil. Bu, ailəmə və fəaliyyətimə kölgə salmaq məqsədi daşıyan sifarişli təxribat materialıdır. Videodakı şəxsin qızıma bənzərliyi olsa da, bu görüntülərin ailə üzvlərimə heç bir aidiyyəti yoxdur”.
Deputat bu cür cəhdləri həm hüquqi, həm də mənəvi baxımdan yolverilməz adlandırıb və şəxsi həyata müdaxilə ilə bağlı Konstitusiyanın təmin etdiyi toxunulmazlıq hüququna diqqət çəkib.
Günay Ağamalı bildirib ki, bu kampaniyalar onun fəaliyyətini dayanmağa məcbur edə bilməz:
“Bizi yolumuzdan heç kim çəkindirə bilməz. Atdığımız hər addım, gördüyümüz hər iş dövlətimizin və xalqımızın mənafeyinə xidmət edir və bundan sonra da belə olacaq”.
O, media qurumlarını və cəmiyyətə yanlış məlumat yayan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

