Filmlərə baxmağa başlamazdan əvvəl çoxlarımız ilk olaraq ekranda parlayan loqoya diqqət edirik. Bu loqolar təkcə bir brendi deyil, həm də kino tarixinin bir parçasını özündə daşıyır. Bəs bu məşhur kinoşirkətlərin loqolarının arxasında hansı maraqlı hekayələr dayanır? Gəlin birlikdə tanış olaq.
Paramount Pictures – Dağın Zirvəsindəki Ulduzlar
Paramount Pictures-in əsası 1912-ci ildə macar əsilli Adolf Zukor tərəfindən qoyulub. Zukor kinonun yalnız fəhlə təbəqəsinə deyil, həm də orta sinfə xitab etməsi üçün çalışırdı. Famous Players Film Company adlı ilk şirkət daha sonra Paramount ilə birləşdi və ABŞ-ın ilk kinodistribütoru yarandı.
Loqoda təsvir edilən dağ – ABŞ-ın Yuta ştatında yerləşən Ben Lomond dağıdır. İlk loqoda 24 ulduz yer alırdı – hər biri şirkətlə əməkdaşlıq edən aktyoru simvolizə edirdi. Hazırda bu ulduzların sayı 22-dir.
Columbia Pictures – Məşəl Tutmuş Azadlıq Simvolu
Columbia Pictures-in rəsmi yaradılış tarixi 1924-cü ildir, lakin təməli 1919-cu ildə Henry və Jack Cohn qardaşlarının yaratdığı CBC Film Sales Corporation ilə qoyulub. İlk layihələri uğursuz olsa da, ad dəyişikliyi ilə irəli getdilər.
Şirkətin loqosundakı məşəl tutan qadın ABŞ-ın simvolu kimi təsvir edilir. Bu loqo zamanla dəyişsə də, hazırkı versiyası 1993-cü ildə yaradılıb. Model isə sadə bir evdar qadın olub.
DreamWorks – Balıq Tutmaqla Başlayan Yuxu
1994-cü ildə üç dost – Stiven Spilberq, Ceffri Katsenberg (o zaman Disney-in direktoru) və Devid Geffen bir araya gələrək DreamWorks studiyasını yaratdılar. Loqo üçün plan balıq tutan bir kişi idi, lakin rəssam öz oğlunu ilham mənbəyi götürərək balıq tutan bir oğlan təsvir etdi. Bu dəyişiklik Spilberq tərəfindən bəyənildi və beləliklə, loqo formalaşdı.
Metro-Goldwyn-Mayer (MGM) – Nərə Çəkən Şirlər
1924-cü ildə yaranan MGM, üç şirkətin birləşməsi ilə formalaşdı və uzun müddət Hollivudda lider mövqe tutdu. Loqodakı nərə çəkən şir artıq kino tarixinə çevrilib. Əslində bu loqoda zaman-zaman 7-dək müxtəlif şirdən istifadə olunub.
İlk nərə çəkən şirin adı Jackie idi və bu, loqonun fonoqrafla səs yazılmış ilk versiyası idi. 2022-ci ildə MGM, texnologiya nəhəngi Amazon tərəfindən satın alındı.
Walt Disney Company – Nağılların Gerçək İlhamı
1923-cü ildə Disney qardaşları kiçik bir animasiya studiyası yaratdı. Bu studiya zamanla nəhəng bir korporasiyaya çevrildi və 2009-cu ildə Marvel Entertainment şirkətini də öz tərkibinə qatdı.
Loqoda təsvir edilən qəsr Almaniyadakı Neuschwanstein Qəsridir. 2006-cı ildən etibarən isə bu loqo Fransadakı Ussé Qəsrindən ilhamlanaraq yenilənmişdir. Bu qəsr, Zoluşka hekayəsinin vizual ilham mənbəyi olub.
Loqolar, sadəcə estetik görüntülər deyil, kinematoqrafiyanın simvollarıdır. Məsələn, Columbia Pictures-in loqosu Amerika müstəqil ruhunu təmsil edir, Disney-in loqosu isə uşaqların xəyallarını canlandırır. Hər loqo, arxasında dərin bir hekayə daşıyır və filmlərin irsini göstərir.
Növbəti film izlədiyinizdə, loqoya diqqət edin. O, mədəniyyətin və yaradıcılığın bir parçasıdır. Film izləmək, yalnız əyləncə deyil, eyni zamanda keçmişin hekayələrini anlamaq deməkdir.
İLKIN HUSEYNOV
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin