Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev uzun illərdir rayona rəhbərlik edir. Düz 2011-ci ildən. Amma bu illər ərzində Alı müəllimin füzulilərin dərdinə necə şərik olması, qaçqınlıq həyatı yaşayan insanlara xeyir-şərdə necə iştirak etməsi barədə yazmaq fikrimiz yoxdur. Bu barədə internetdə, füzulilərin dilində nə qədər desən hekayə var.Sözün düzü, Alı Alıyev haqqında yazsaq mürəkkəbimiz də bitər.Amma yazmaq istədiyimiz mövzu icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazovun sosial şəbəkədə içkili halda yayılan videosu ilə bağlıdır.
Yayılan videoda məmur xanımın “sürücü” həyat yoldaşı araqdan içib şirə dönüb. Gözünü yumub, ağzını açıb. Habil Eyvazov şadlığına şıllaq atan Allahın o bəndələrindəndir ki, özü də “seçilmiş bəndələrindən” biridir – bu həyatda bəxti gətirib. Evinə ayın axırı sözsüz-söhbətsiz yaxşı məvacib daxil olur, bütün ehtiyacları ödənir, əlini ağdan-qaraya vurmur. Necə deyərlər, toyuğu da, xoruzu da yumurtalayır.

Bu şərait olandan sonra niyə də söyməsin?
Bir daha deyirik: əlini ağdan-qaraya vurmayan, rayon icra hakimiyyətində adı olub özü olmayan sürücünün zatən başqa işi-peşəsi də elə bu qədər bekarçılıq və əyyaşlıq olmalıdır.

Ortada yeyib, qıraqda gəzən Habil Eyvazova izah etmək lazımdır ki, dini, Allahı qəbul etməyə bilər, amma İslam dininin daşıyıcıları olan Azərbaycan xalqını, bu dinə inananları sözlə təhqir etməyə ixtiyarı yoxdur. Canlı yayım açaraq dinə, peyğəmbərlərə, namaza və dəstəmaza istehzalı münasibət göstərir. Hansı ki, bu görüntülər təkcə dindarları yox, ümumilikdə sağlam düşünən hər kəsi narahat etməyə kifayətdir.

Məsələ təkcə bir nəfərin sərxoş olub dili-ağzı dolaşdırması deyil. Burada daha dərin problem var: dövlət strukturlarında ad qazanan, maaş alan, vəzifə dadan adamların məsuliyyət hissini araqda “həll etməsi”.
Habil Eyvazov elə bil TikTok-u məscid bilib, canlı açıb moizə yox, məzə oxuyur. Fərq ondadır ki, məzə gülüş doğurur, bu isə ümumilikdə cəmiyyətin əsəblərini tara çəkir. Bir az araq, bir az kamera, bir az da boş baş – və ortaya “əlifba bilməyən professor” çıxır.

Habil Eyvazov düşünmür ki, onun dediklərinə təkcə dindarlar yox, övladına tərbiyə verən valideynlər, öz bacı-qardaşları, rayon ağsaqqalları, müəllimlər, şəhid ailələri – ümumilikdə bu cəmiyyət baxır. Toxun acdan xəbəri olmadığı kimi, Habil Eyvazovun da sadaladıqlarımızdan xəbəri yoxdur və heç zaman da olmayacaq. Dövlət qulluqçusunun həyat yoldaşı olmaq o demək deyil ki, sən TikTok-da Allahla “zarafat masasına” oturasan.

Əgər içki içib danışmaq istəyi gəlirsə, adam ən azı güzgünün qarşısında danışar, telefonu açıb millətin əsəbləri ilə oynamaz.
Bu gün bir məmurun ailə üzvü dinə gülürsə, sabah başqasınınkı bayrağa güləcək, o biri gün isə şəhid adına. Belə şeylər vaxtında dayandırılmasa, sonra gec olur.
Ona görə də məsələ bir video yox, mədəniyyət problemidir.

Məmur olmaq tək maaş almaq deyil, məsuliyyət daşımaqdır. Vəzifə dadan adamın ailəsi də bilməlidir ki, onların hərəkəti artıq şəxsi yox, ictimai məsələdir. Bir sözlə, Habil Eyvazovun videosu sadəcə sərxoşluq deyil — vəzifə kölgəsində baş gicəllənməsidir.

Əldə etdiyimiz məlumata görə, Alı Alıyev bu videodan sonra Gülbahar Eyvazovanı vəzifəsindən azad edib. Necə deyərlər, Habil Eyvazovun videosu onun xanımını işsiz qoydu.yenifikir.media
Fikrət

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir