Laçın Azərbaycanın dilbər guşələrindən olmaqla həm əsrarəngiz təbiəti, həm də strateji mövqeyi ilə xalqımız üçün həmişə xüsusi önəm daşıyıb. Qədim tarixə malik bu diyar əsrlər boyu Azərbaycan mədəniyyətinin, ənənələrinin yaşadıldığı bölgələrdən biri olub. 1923-cü ildə Abdallar kəndinin Laçın adlandırılması, 1930-cu ildə isə rayon statusu alması bu torpağın tarixində mühüm mərhələ kimi yadda qalıb. Özünün zəngin təbii sərvətləri, geniş yaylaqları və sıx meşələri ilə Laçın Azərbaycanın ən gözəl bölgələrindən biri olmaqla yanaşı, həm də ölkəmizin müdafiə və iqtisadi baxımdan strateji dayaqlarından biri hesab olunur. Təəssüf ki, bu qədim diyar 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. İşğal yalnız torpaqlarımızı əlimizdən almaq deyil, həm də xalqımızın yaddaşını, mədəniyy.ətini və ruhunu məhv etməyə yönəlmişdi .Məhz Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanırdı. AXC–Müsavat cütlüyü hakimiyyətə gəlmək naminə xalqın maraqlarını, dövlətin təhlükəsizliyini qurban verdi. Hakimiyyət uğrunda çirkin mübarizə nəticəsində ən qiymətli torpaqlarımız – Şuşa və Laçın düşmənə demək olar ki, təslim edildi. Bu, sadəcə bir rayonun işğalı deyildi, bu, həm də Azərbaycanın strateji baxımdan böyük sınağı və faciəsi idi. Çünki məhz Laçının itirilməsi Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi körpü yaratdı və sonrakı işğalların başlanğıc nöqtəsinə çevrildi. O gün Laçınlılar doğma yurdlarından qovuldular. Əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdü. İnsanların illərlə qurub-yaratdığı evlər, ocaqlar dağıdıldı. Hər kəsin gözündə bir həsrət, qəlbində bir nisgil qaldı. Amma düşmən bununla kifayətlənmədi. İşğalçılar Laçının bütün sərvətlərini taladılar: 217 mədəniyyət ocağı, 101 məktəb, 142 səhiyyə müəssisəsi, yüzlərlə ticarət və rabitə obyekti yerlə-yeksan edildi. Qədim tariximizi yaşadan 54 dünya və 200-dən artıq yerli əhəmiyyətli abidə vandalizmə məruz qaldı. Bu, sadəcə binaların dağıdılması deyildi, bu, bir xalqın ruhunun sındırılması cəhdi idi. Amma faciələr bununla bitmədi. Rəsmi İrəvanın cinayətləri beynəlxalq hüququn bütün normalarını tapdaladı. Ermənistan Cenevrə konvensiyalarına zidd olaraq Laçının coğrafi adlarını dəyişdirdi, təbii sərvətlərimizi talan edərək özünə qazanc mənbəyinə çevirdi. Ən dəhşətlisi isə qeyri-qanuni məskunlaşdırma siyasəti idi: Suriyadan və başqa ölkələrdən gətirilmiş erməni əsilli qaçqınlar bu torpaqlarda yerləşdirildi, Laçının demoqrafik tərkibi zorla dəyişdirildi.

Lakin 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarıldı. Lakin Laçın şəhəri və Zabux, Sus kəndləri müəyyən müddət ermənilərin nəzarətində qaldı. Prezident İlham Əliyevin qətiyyətli siyasəti və ordumuzun gücü sayəsində 2022-ci ilin 26 avqustunda Laçın şəhəri də tam olaraq Azərbaycana qayıtdı. Bununla da Laçın üzərində dövlətimizin suverenliyi bərpa edildi. Bu zəfərin arxasında Azərbaycan Ordusunun igidliyi, xalqımızın birliyi və Müzəffər Ali Baş Komandanın iradəsi dayanır. 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olundu – bu, yalnız döyüşçülərimizin şücaətinə verilmiş mükafat deyil, həm də Azərbaycan tarixində qürur simvoludur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə “şəhər günləri” təsis edildi. Həmin Sərəncama əsasən, 26 avqust “Laçın Şəhəri Günü” kimi qeyd olunur. Dövlət başçısının hər il bu gün münasibətilə laçınlılarla birgə olması xüsusi rəmzi məna daşıyır – xalqımız öz torpaqlarında qalıcıdır və burada yeni həyat qurulur.

31 ildən sonra … laçınlılar doğma yurdlarına qayıtdı. “Böyük Qayıdış” proqramı çərçivəsində minlərlə ailə bərpa edilmiş evlərə köçdü, yeni məktəblər, sosial obyektlər və yollar inşa olundu. Laçın dirçəlir və həyat yenidən canlanır. Laçında inşa edilən beynəlxalq hava limanı bölgənin strateji əhəmiyyətini bir daha göstərir. Füzuli və Zəngilan hava limanlarından sonra Laçında tikilən bu hava limanı həm iqtisadi, həm də turizm baxımından regionun inkişafına böyük töhfə verəcək. 2025-ci ildə Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı elan olundu. Bölgədə inşa edilən beynəlxalq hava limanı isə Laçının strateji və iqtisadi əhəmiyyətini bütün dünyaya nümayiş etdirir. Prezident İlham Əliyevin sözləri ilə desək: “Laçın rayonunda görülən işlərin fonunda dirçələn Azərbaycan reallıqlarını görürük.”

Laçın yalnız tariximizin deyil, həm də gələcəyimizin yazıldığı yerdir. Laçın Şəhəri Günü bizə göstərir ki, Azərbaycan tarixini və gələcəyini özü yazır. Və bu gələcək – azadlıq, qürur və inkişaf üzərində qurulub!

Hüseynova Samirə Adəm qızı.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir