Laçın mənim üçün yalnız xəritədə adı yazılan bir bölgə deyil. Laçın mənim ata yurdumdu – mənim görmədiyim, amma ruhumda daşıdığım, atamın nəfəsi, babamın izi olan müqəddəs torpaq. Hər dəfə Laçının adını eşidəndə sanki içimdə bir sızıltı yaranır: “Görmədiyim yurd necə olur bu qədər doğma?”

Atamın uşaqlığını keçirdiyi kənd… bir zamanlar həyatı, səsi, qoxusu olan o torpaq illərlə erməni vandalizminin qurbanı oldu. Bizim evlər, bizim həyətlər, bizim izlərimiz dağıdıldı, viran qoyuldu.

Babamın evi – atamın danışdığı o isti ocaq – indi uçuq divarların, yaralı daşların arasında bir xatirə kimi dayanır. O dağıntıların içində addımlayanda elə bil hər daşdan bir kədər, bir ah qalxırdı. Babamın evini dağılmış halda görmək isə ən ağır hiss idi… Sanki bir anlıq zaman dayanır, insan nəfəs belə ala bilmir.

Laçında keçirdiyimiz o qısa zamanda atam illərlə ürəyində yaşatdığı xatirələri mənə göstərdi. O yerlərə baxanda atamın gözlərində həm kədər, həm də qürur vardı – sanki həm uşaqlığını görürdü, həm də yenidən doğulan yurdunu.

Amma Laçın yalnız kədər deyil. Laçın həm də qayıdışın, yenidən doğuluşun adıdır. Illərlə uzaqdan həsrətlə baxdığımız torpaq bugün yenidən nəfəs alır. Bizim yurdumuz yenidən dirçələcək, babalarımızın izləri silinməyəcək, əksinə, daha da dəyərli olacaq.

Bu torpağın yenidən bizə qayıtması uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı sayəsində bugün Laçının yolları işıqlanır, kül olmuş ocaqlar yenidən yaşayır.

Mən Laçını gec gördüm, amma heç vaxt gec sevmədim. Laçın mənim üçün dağıdılmış evlərin deyil, yaşadığımız qürurun adıdır. Bir gün babamın ocağı yenidən qurular, atamın uşaqlığı keçən torpaq yenidən işıqlanar. Çünki Laçın həm tariximiz, həm yarımız, həm də qürurumuzdur.

Saila Salahova

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir