1986-cı il idi. Hər il olduğu kimi bu yazda bizim ferma Dəlidağa yaylağa köçürdü. Mən hər il atama kömək edib köçü aparıb uzun yal deyilən yaylaqda qoyub gəlirdim. Bizim köç altı günə Ergi düzündən gedib Uzunyala. yazdağa çatırdı. Köç müvəqqəti düşərgələrdə gecələyib, səhər yenidən yola düşürdü. Növbəti düşərgələrdən biri Qarabağda yerləşən

Vəng kəndindən yuxarıda Talalar deyilən yerdə idi. Düşdüyümüz yer yaylağa gedən tərəfdə yolun üstündə yuxarıdan qayalıqlarla əhatə olunmuş yastı bir yer idi. Düşərgə yerini elə seçirdilər ki, həm heyvanlar bir-birinə qarışmasın, həm də mühafizəsi asan olsun.

Axşam idi, biz yurd yerinə çatanda bir az çiskinli hava var idi. Bizim köçlə bizimlə bərabər bir neçə ferma da var idi. Bu obalar bir-birinə yaxın düşürdülər ki, həm vəhşi heyvanların hücumundan qorunsunlar, həm də insanlar tərəfindən qənimət qoparmaq üçün hücumları birlikdə dəf etmək üçün bir-birinə kömək etsinlər.

Bizim köç el yolu deyilən yolun üstünə düşmüşdü, bura yuxarıdan kiçik qayalıqlarla əhatə olunmuşdu. Bir tərəfi yol, bir tərəfində yastı yer idi. Mənim getməyimdə məqsəd o idi ki, sürünü sağ-salamat düşərgəyə çatdırmaq, həm

də yolda atama və çobanlara kömək etmək idi. Yazdağda atamı tanıyırdılar, orda bir elə oğurluqlar olmurdu. Atam orta boylu, qarayanız ilk baxışdan qaraqabaq ancaq çox səmimi və sözünün üstündə duran adam idi. Çobanlar növbə ilə mal-qaraya növbə çəkirdilər. Atam dedi: sən yat mən növbə çəkərəm, dedim yox sən dursan heyvanları seçdirəcəksən sən yorulumsan, özüm duracam. Bir qohumumuz da var idi Elxan. O da öz atasına kömək edirdi. Biz ikimiz növbədə durduq qərara aldıq ki, heç o birisi çobanları da növbəyə durquzmayaq, yorğundurlar qoy yatsınlar. Gecə keçdikcə duman bir az da sıxlaşrdı.Elxan məndən bir neçə yaş böyük idi. Dururdu bir yerdə mənə deyirdi sürünü fırlan, mən də sürünü fırlanıb qaydırdım onun yanına. Təxminən gecə saat iki-üç arası olardı ki,

gəldim atama dedim it qayalığa tərəf bərk hürür. Atam dedi ki, Boynağı bağla. Boynaq bizim it idi. Çox qəribə vərdişi vardı, güllə hansı tərəfə atılsa güllənin altı ilə o istiqamətə yürüyürdü. Ona görə dedi ki, iti vurarlar. Alatorana qədər sürünü oğrulardan qoruduq. Bizim köçdən başqa Xanalı dayının ferması bizdən bir az aşağı düşmüşdü. Hərdən külək dumanı dağdanda görürdük ki, onlar ocağın başında yeyib-içirdilər. Onlar dağlara gedən istiqamətdə bizdən sol tərəfdə idilər, biz baxanda onların komalarını görürdük. Elə həmin istiqamətdə sol tərəfdə isə Qiyaslı kəndinin mal ferması düşmüşdü, amma yurdun quruluşu elə idi ki, biz onları görmürdük. Hərdən çobanların səsini və itlərin hürüşməsini eşidirdik. O vaxtı bu köçün adı ferma müdiri Kor Əli deyilən sayılan bir adam adı ilə deyilirdi. Atam gəlib dedi ki, sabah yol gedəcəyik onsuzda səhər açılır bir az da siz dincəlin. Duman çəkilmişdi gözəl bir yaz səhəri açılırdı.  Elə təzəcə alaçığa girib özümə bir balaca yer düzəltmişdim eşitdim ki, ay Boran qardaş evimiz yıxıldı, inəklərimizi apardılar deyə qışqırırdı Rəna xala. Mən tez çölə qaçdım. Atam dedi sürüdən müğayət ol mən gedirəm köməyə. Qonşu Araz kişi də qoşulub atama inəklərin izi ilə dağa tərəf qalxdılar. Çox maraqlı bir mənzərə var idi. Dağın o tərəfi çılpaq idi, yarıdan sonra çox sıx bir meşə görünürdü. Oğrularbu meşəyə girəndən sonra onları tapmaq bir az çətin olurdu, sıx meşə onları və gətirdikləri qənimətləri ətraf mühitdən qoruyurdu. Qayıdandan sonra atam dedi ki, yolda Araz mənə dedi gəl qayıdaq, dedim bu kişilikdən deyil, bir belə yol gəlmişik. Yolumuza davam etdik bir qədər də gedəndən sonra gördük ki, meşənin ortasında bir neçə inək bağlanıb, amma bizim mallar deyildi. Qağam Araz bunlar bizim mallar deyil, bunlar Kor Əlinin fermasından olan mallardır bu sözü demişdim ki, yekə bir palıd ağacının arxasından bir beşaçılan silah görsəndi, arxasından da orta yaşlarında bir cüssəli adam çıxdı. Dönüb Araza baxdım gördüm ki, Arazın alt dodağı dik cırılıb, dedim Araz gəl qayıdaq uşaqlar arxadan gəlirlər silahlıdırlar gələrlər peşmançılıq olar. Bir də baxdıq ki, on-on beş nəfər silahlı adam bizi mühasirəyə alıb. Birinci silahlı adam mənə yaxınlaşıb dedi: sən bayaq nə dedin? Dedim: Arxadan uşaqlar gəlirlər silahlıdırlar gəlirlər peşmançılıq olar. Onu demirəm birinci dediyini, dedin heyvanlar kimindir? Dedim Kor Əlinindir. Dönüb yanındakılardan birinə dedi: a köpək oğlu sənə demədimmi qənimətimizi götürmüşük gəl gedək, tamah səni güc elədi dedin bir toğlu da aparaq. Onlar bizi toğlunu götürəndə gördülər, de al payını Əli mənim əmim oğludu onun mallarında bunların mallarını da aparın yol ayrıcında verin. Belə çıxırdı ki o iri cüssəli adam həmdə dəstənin başçısı idi. Yanındakılar onun dediklərinə əməl edirdilər. Qağam dedi sağ olun bala əgər siz qarovulçu durmasaydınız onlar bizim fermadan aparacaqlarmış, ordakılardan biri deyib ki o növbədə duran iki çoban və o it qoymadı dağın döşündəki obaya yaxınlaşmağa. Məqsədimiz ordan aparmaq idi, ordan apara bilmədiyimizə görə o biri köçdən apardıq. Aradan nə qədər keçdi bilmədim atamgil gəldi. Köç yola düşəndə atam dedi ki, sən və Kamran malı yığın inəkləri gətirəcəklər yol ayrıcına . Yol ayrıcı deyilən yer Sarı yoxuşun ayağı düzəngahın qurtardığı yer idi.Yuxarıdan gələn dağ çayını keçdikdən sonara yol haçalançrdı,bir yol Sarı Yoxuşa o biri yolsa Narışlar kəndinə gedrdi .Yanımızda da bir quzu qoydular dedilər ki malları gətirəndə bu quzunuda onlara verərsiniz. Gözlədik Kamranla. Kamran Xanalı dayının oğlu idi. Gəldilər quzunu verdik inəkləri qaytardılar. Çox-çox sonralar atam mənə dedi ki, orda bizdən soruşdular siz kimsiniz, mən dedim ki Hacıxanlı Bəhrəm kişinin bacısı oğluyam. Bəhrəm kişi də Şəlvə dərəsində hörmətli adamlardan biri idi. Əlində silah olan adam mənə dedi ki, sən Hacıxanlıdan ola bilmərsən əgər sən Hacıxanlıdan olsan bura qədər gəlməzdin, oğruların öz qaydaları var. Onlar qaydaları bilirlər, oğrunun arxasınca düşməzlər. Əslində o silahlı adam düz deyirdi atam Kəbirli elindəndir.

İlqar Boran oğlu

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir