Ötən əsrin 90-cı illərinin əvvəlləri bütün sahələrdə çöküş yaşanırdı. Sovetlərin süqutu ilə birlikdə proqress qatarı da sıradan çıxmışdı. Siyasət bütün sahələri qapsamışdı, məmləkət ağır günlərini yaşayırdı.

Müstəqilliyin ilk illərində ədəbiyyat, incəsənət iflic vəziyyətində idi. Bir formasiyadan digər formasiyaya keçid bu sahələrdə də böhran yaratmışdı. Amma sənət adamları boş dayanmırdı, nələrsə etməyə cəhd edirdilər.

“Mənim ağ şəhərim” filmi məhz həmin ağır dönəmdə – 1992-ci ildə çəkilməyə başladı. Hələ o zaman Qara şəhərin nə vaxtsa Ağ şəhərə çevriləcəyi bir kimsənin ağlına belə gəlmirdi. Bu mənada həmin film futuristik bir hadisə idi.

Dramaturq Akif Həsənoğlunun ssenarisi əsasında Xalq artisti Mərahim Fərzəlibəyovun ekranlaşdırdığı “Mənim ağ şəhərim” filmi müstəqillik dövrünün ilk filmlərindən idi. Mən bu filmi İtalyan neorealizmi kontekstində təhlil etməyin tərəfdarıyam. Film bütün parametrləriylə bu cərəyanın tələblərinə cavab verir.

Kiçik bir şəhərdə kimyəvi zavod səmaya zəhər püskürür, bu şəhərdə ölü uşaqlar doğulur, burada uşaq məzarlığı əmələ gəlir. “Ölü zona” damğası vurulmuş şəhərin başı üzərində qara buludlar dolaşır. Hadisələr məhz bu məkanda cərəyan edir. Rejissor kino sənətinin unikal imkanlarından istifadə edərək gerçək həyatı ekrana gətirir.

İfşa hədəfi şəhəri ekoloji fəlakət zonasına çevirən sovet totalitar sistemi, bu sistemin yaratdığı bürokratik aparat, yuxarıların göstərişi ilə öz işçilərini zəhər istehsal edən zavodda qul kimi işlədən müdirlərdir. Yoldaş Muradov onların ümuləşmiş obrazıdır. Fəhlələrin haqlı etirazlarına məhəl qoymayan Muradovun eyş-işrətdən başı ayılmır. Zavodda vicdanlı mühəndis kimi tanınan Aydın yoldaş Muradovla üz-üzə gəlir, fəhlələrin tələblərini ona çatdırır. Muradov tələblərin yerinə yetiriləcəyinə söz versə də vəziyyət dəyişmir.

Tamaşaçı filmdə nakam sevgi macərası ilə qarşılaşır. Rövşən həmin zavodun işçisidir, Lalə adlı bir qızı sevir. Oğlan Laləni sevsə də anlayır ki, bu sevginin sonu yoxdur. Çünki…

“Lalə, sən çox gözəl bilirsən ki, bizim sexdə hamı mənim kimi xəstədir. O yazıqlar elə bilirlər ki, sağalacaqlar. Daha bilmirlər ki, bu, sağalmaz xəstəlikdir”.

Faciə buradan başlayır. Əməkdar artist Kazım Həsənquliyev Rövşənin psixoloji durumunu, daxili iztirablarını son dərəcə inandırıcı şəkildə tamaşaçıya çatdırır. Onların sevgi dramı filmin ən kədərli kadrlarıdır. Rejissor karddan kadra keçidin effektiv gücünü son dərəcə dəqiq hesablayıb, bir hadisə digər hadisəni şərtləndirir.

Mizan-səhnə, kamera bucağı, işıqlandırma, montaj, xüsusi effektlər… Rejissorun üslubu qabarıq şəkildə özünü göstərir. Mərahim Fərzəlibəyov teatr rejissorudur və Azərbaycan səhnəsində böyük uğurlara imza atmış sənətkardır.

“Mənim ağ şəhərim” filmi onun kinorejissor potensialını aşkarladı. Bu film Azərbaycan kinosunda sözün əsl mənasında hadisədir. Film çox ciddi mesajlar verir. Ekranda biz sovet cəmiyyətinin çürük bir ipdən asılı olduğunu görürük.

Kommunizmə gedən qatarın sürücüsü kordur, (yeri gəlmişkən, Məmmədkamal Kazımov bu rolun öhdəsindən uğurla gəlir) o, insanları ucsuz-bucaqsız bir çöllüyə aparıb çıxarır və burada sosializm şüarları ilə bəzənmiş transparantlar görürük. “Yaşasın böyük oktyabr sosialist inqilabı!” “İşıqlı həyat” bizi burada gözləyir. Sovet rəhbərlərinin ideyaları bu torpaqda çürüyəcək…

Burdan o tərəfə artıq yol yoxdur. Sarkazm və ironiya pik həddədir. Rejissor bu filmdə sovet insanının yaşam tərzini sərgiləyir. Onların düşüncəsini, əxlaqını, insani münasibətlərinin məğzini modelləşdirir.

Bəyan edir ki, bütün toplumsal, ideoloji, ekoloji bəlaların başlanğıcı mənəviyyatsızlıqdır.
Muradov bu zəhərli sexi öz əlləriylə tikib. Özü bunu etiraf edir: “Buranın torpağını, daşını bu əllərimlə daşıyıb gətirmişəm.

Elə düşünürdüm ki, xalqıma xeyir verəcəyəm. Axı hardan biləydim ki, mən xalqıma qəbir qazıyıram?! Burdan çıxan tüstü ciyərlərimizi məhv edir. Suyumuz zəhər, torpağımız zəhər, yediyimizin hamısı zəhər. Uşaq qəbristanlığı şəhəri başına götürüb. Amma bizi hər yerdə tərifləyirlər. Radioda, qəzetdə, ekranda… Moskvadan isə deyirdilər: “davay, plan davay!”

Bu məşum həqiqətləri ekrana gətirmək o zaman böyük cəsarət tələb edirdi. Filmdə obrazlar tamamilə ideologiya və tendensiya qəlibindən çıxır. Biz ekranda azad, amma zavallı, çarəsiz insanları görürük.

Ölü zonanın qurbanları ilk dəfə ekrana gətirilir. Komik aktyor kimi tanıdığımız Arif Quliyevin uşaq məzarları üzərinə konfet düzməsi son dərəcə effektiv işlənib, aktyorun oyunu tamaşaçını sarsıdır.

Əməkdar artist Səmayə Sadıqova filmdə şikəst uşaq doğmuş ananı canlandırır, onun fəryadı qan dondurur. Aktrisa bədbəxt ananın vəziyyətini olduqca inandırıcı təqdim edir, tamaşaçı onun halına acıyır. Biz ekranda yoxsu daxmalarda yaşayan çarəsiz insanların əzablarını görürük.

Onlar ölüm yatağında belə sovet hökümətini alqışlayırlar. “Sağ olsun hökümətimiz! Bizə ev verdi!” Həsən Məmmədovun personajı belə deyir. Təzə evinə ölməyə gedən zavallının bu sözləri acı ironiya hissi doğurur.

Bu filmlə Mərahim Fərzəlibəyov sübut etdi ki, vizual həll baxımından onun üçün əngəllər törədə biləcək bədii mətn yoxdur. Film öz finalına yaxınlaşır. Vicdanlı mühəndisi – Aydını aradan götürürlər. Sovet cəmiyyətində “xaç atası” hesab olunan mafiya başçısının sifarişi ilə…

Mafiya başçısı obrazını görkəmli rejissor Eldar Quliyev canlandırır. Bu obraz rejissorun kinoda canlandırdığı ilk və son obrazdır. Heç bir filmə çəkilməyən sərt xarakterli rejissor yalnız Mərahim Fərzəlibəyovun filmində çəkilməyə razılıq verir. Təbii, ssenari ilə tanış olduqdan sonra. Bu faktın özü filmin ictimai-sosial yükü haqda müəyyən təsəvvür yaradır.

Filmdövrün ruhunu, ovqatını, düşüncəsini özündə əks etdirir. Tamaşaçı o dövrün ( 80-ci illərin) atmosferini, ruhunu hiss edir.
Aydının meyiti ortalıqda qalır. Filmin əvvəlində gördüyümüz lal, xəstə uşaq sonda ağ şəhərin maketini öz arxasınca sürüyür və ölü zonanın xarabalıqları arasından keçərək ucsuz-bucaqsız dənizin sahilinə çıxır, qollarını üfüqdə parlayan günəşə açır.

O günəş sabaha inamı simvolizə edir. Mərahim Fərzəlibəyovun bütün tamaşaları və filmləri (nə qədər tragik olsa belə!) sonda tamaşaçıya işıq vəd edir. Bu, sənətkarın ali missiyasıdır.

Filmin mənəvi hədəfi də budur. Əlbəttə, filmdə məkan adı çəkilməsə də tamaşaçı söhbətin sovet dövründəki Sumqayıtdan getdiyini anlayır. Amma film konkret Sumqayıta fokuslanmayıb, ekoloji fəlakət bəşəri bir bəladır. Bir dəfə Mərahim müəllimlə söhbət əsnasında o, belə bir fikri dilə gətirdi: “Bütün müharibələrin sonu olur, ekoloji müharibələrin isə sonu yoxdur”. Zənnimcə, bu fikirlər “Mənim ağ şəhərim” filminin epiqrafı olmağa layiqdir. Ağ şəhərin maketi də rejissor tərəfindən tapılmış bir kəşfdir, o maket futuristik bir mesajdır. Yəni gələcəkdə bu ölü zona mütləq Ağ şəhərə çevriləcək! Bəli, sənət həmişə uzaq hədəflərə hesablanır.

Sənətkar gələcəkdən xəbər verən münəccimdir, onun intuisiyası bunu ona diktə edir. O, axtarmır, tapır gələcəyi nişan verir. Bu baxımdan, düşünürəm ki, Mərahim Fərzəlibəyovun çəkdiyi “Mənim ağ şəhərim” filmi müstəqillik dövrünün ən uğurlu filmlərindən biri kimi kinoşünaslar tərəfindən təhlilə cəlb edilməlidir.

Filmdə dəyərli sənətkarlarımız, Xalq artistləri Yaşar Nuri, Siyavuş Aslan, Həsən Məmmədov, Amaliya Pənahova, Rafael Dadaşov, Arif Quliyev, Hacı İsmayılov, Firəngiz Mütəllimova, Kübra Əliyeva və digərləri unudulmaz obrazlar yaradıblar.

Bu gün Sumqayıt ekoloji cəhətdən təmiz bir şəhərə çevrilib. Bakının qoynunda Ağ şəhər salınıb. Ssenaristin və rejissorun arzuları çin olub. Bu film ona görə lazımdır ki, biz keçmişlə bu günü müqayisə edə bilək.

Kənan Hacı

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir