30 min ildən çox tarixi olan qədim yaşayış məckənləri, 6 min il yaşı olan qaya təsvirləri, ərazisində qədim türk əlifbası nümunələri aşkar olunan Kəlbəcər tək Azərbaycanda deyil, bütün Qafqazda əsrarəngiz, unikal təbiətə malik olan bir rayondur. 1930-cu ildə Kəlbəcərə rayon statusu verilib. Kəlbəcərin ərazisi 3054 kv.km, işğala qədər əhalisinin sayı 53478 nəfər olmuşdur. Ərazi cəhətdən Azərbaycanın ən böyük rayonlarından olan Kəlbəcər bir şəhər, 1 qəsəbə, 145 kənddən ibarət idi.
2 aprel 1993-cü ildə Kəlbəcər rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamani 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. 27 illik işğal zamanı ermənilər Kəlbəcərin ərazisini viran qoyub, meşələrini qırıb məhv etmişlər. Beynəlxalq hüququn prinsiplərinə zidd olaraq 1999-cu ildə ermənilər Kəlbəcərin bəzi yerlərində qeyri qanuni məskunlaşma həyata keçirmişlər.
BMT TŞ nın 30 aprel 1993 -cü ildə 822 saylı Qətnaməsi qəbul edilib. Qətnamədə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisindən təcili və qeyri-şərtsiz çıxmaları tələb olunur. Lakin Ermənistan bu Qətnaməni də icra etməkdən imtina etmişdir. Beynəlxalq təşkilatlar bununla bağlı Ermənistana heç bir təzyiq göstərmədilər.
27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən Müharibəsində Azərbaycan Ordusu döyüşlərin ilk günlərində Kəlbəcərin şimal hissəsini işğaldan azad etdi. Strateji yüksəklikləri ələ keçirən Azərbaycan Silahlı Qüvvələri Basarkeçər – Kəlbəcər yolunu nəzarətə götürdü və bununla da Ermənistan Ordusunun bu istiqamətdəki silahlı qüvvələri iflic vəziyyətə salındı.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev döyüş meydanında olduğu kimi, siyasi masada da Ermənistanı üzərində tarixi qələbə qazandı. 2020-ci il 10 noyabr Bəyanatına əsasən noyabrın 25-də Kəlbəcər bir güllə atılmadan, şəhid verilmədən Prezident cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycana qaytarıldı. Kəlbəcər rayonu tam olaraq işğaldan azad edildi. 2020-ci il noyabrın 26- da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Prezident cənab İlham Əliyevin sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu ” Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Prezident cənab İlham Əliyevin 31 iyun 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İşğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözü gedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhər günü kimi müəyyən olunub.
Artıq Kəlbəcərdə böyük quruculuq və abadlıq işləri sürətlə davam etdirir. Müasir tələblərə uyğun avtomobil yolları çəkilir, yeni tunellər inşa edilir. Rayonun elektrik enerjisi ilə tam təmin olunması üçün böyük işlər görülür. Su elektrik stansiyalarının tikintisi davam etdirilir, Kəlbəcər yarım stansiyası da artıq istifadəyə verilmişdir. Kəlbəcər rayonunda Baş Plana uyğun olaraq məktəblər, xəstəxanalar, yaşayış binaları inşa ediləcək. Kəlbəcərin Yanşaq kəndinə 421 ailə, Zallar kəndinə 487 ailə, Zar kəndinə 855 ailənin məskunlaşdırılması planlaşdırılır. İşğaldan azad edildikdən sonra Prezident cənab İlham Əliyev 7 dəfə Kəlbəcərə səfər etmişdir. Səfərlər zamanı ölkə başçımız Kəlbəcərdə Azərbaycan bayrağını ucaltmış, bir çox infrastruktur obyektlərin açılışında, o cümlədən, məşhur “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak etmişdir və hal-hazırda burada sürətli şəkildə yenidənqurma işləri davam etdirilir. Ölkə başçımız 2025-ci il avqustun 21-də Kəlbəcərə növbəti səfəri zamanı buraya köçürülmüş 20 ailəyə mənzillərin açarlarını təqdim etdi. Bu vaxta qədər Kəlbəcərə 81 ailə, ümumilikdə 338 nəfər köçürülmüşdür. Yaxın illərdə Kəlbəcər dünyanın ən məhşur sanatoriya və kurort mərkəzinə çevriləcək.

Kamilə Əliyeva,
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir