Bu gün Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən tək region üçün deyil dünya üçün önəmli bir dövlətə çevrilmişdir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində Azərbaycanla strateji tərəfdaş olan, ölkəmizi özlərinə dost hesab edən Avropa dövlətlərinin sayı artmaqdadır. Avropa İttifaqının aparıcı dövlətlərindən olan İtaliya Vətən müharibəsində Azərbaycanın tərəfində olduğunu bəyan etmiş və bütün beynəlxalq təşkilatlarda ölkəmizin mövqeyini dəstəkləmişdir. İki dövlət arasında imzalanmış strateji tərəfdaşlıq haqqında müqavilə ölkələrimiz arasında əlaqələri yeni mərhələyə yüksəltmişdir.
İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana bu dəfəki səfəri də Azərbaycanla İtaliya arasında mövcud siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələri daha da genişləndirdi. Prezident cənab İlham Əliyev İtaliya Prezidenti ilə görüşdən sonra mətbuata bəyanatla çıxış etdi. Ölkə başçımız çıxışında Azərbaycanla İtaliya arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu və hər iki dövlətin bu əlaqələrin daha da möhkəmləndirilməsində maraqlı olduğunu vurğuladı.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanla İtaliya arasında iki strateji tərəfdaşlıq haqqında sənəd imzalanmışdır. Birinci sənəd 2015-ci ildə, ikinci sənəd – Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə 2020-ci ildə imzalanmışdır. Dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrimizin genişlənməsinə böyük töhfə verən amillərdən biridir. Siyasi əlaqələrlə yanaşı iqtisadi əlaqələrimiz də hər il artmaqdadır. Azərbaycan İtaliyaya həm neft, həm də qaz ixrac edir ki, bu da İtaliyanın enerji təhlükəsizliyinə töhfə verir. Ümumiyyətlə Azərbaycan bir çox Avropa dövlətlərinin enerji təhlükəsizliyində mühüm rol oynayır. 2020-ci ildən Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan Avropaya təbii qaz ixrac edilir. Artıq 14 ölkəyə Azərbaycan qazı nəql edilir. Boru kəməri ilə ixrac edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycandan neft və qaz alan dövlətlər arasında İtaliya ön sırada yer alır. Belə ki, Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, təbii qazı ikinci yerdədir.
Bu gün artıq Azərbaycan Avropanın elektrik enerjisi ilə təchizatında da mühüm rol oynayır. Azərbaycanda istehsal ediləcək elektrik enerjisi Avropa dövlətlərinə ixrac ediləcək, eyni zamanda Xəzər dənizinin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa dövlətlərinə elektrik enerjisi ötürüləcək.
Humanitar sahədə də Azərbaycan – Italiya əlaqələri sürətlə inkişaf edir. Artıq Azərbaycanda İtaliya- Azərbaycan universiteti fəaliyyətə başlamışdır və yüzlərlə tələbə bu universitetdə təhsil alacaq.
Son dövrlər Azərbaycanla Avropa İttifaqı arasında müsbət istiqamətdə əlaqələr inkişaf etməkdədir. Şübhəsiz ki, bu əlaqələrin yaxşılaşmasında İtaliya dövlətinin böyük rolu var. İtaliya Prezidentinin Azərbaycana bu dəfəki səfəri Azərbaycanla İtaliya arasındakı dostluq, strateji tərəfdaşlığı daha da dərinləşdirəcək.
Kamilə Əliyeva
BDU-nun kafedra müdiri, professor
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin