investisiyalar 265 milyon manatı ötür
İqtisadiyyat Nazirliyində müvafiq dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı ilə əczaçılıq sənayesinin inkişaf perspektivlərinə həsr olunmuş görüş keçirilib.Görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, səhiyyə nazirinin müavini Rasim İsmayılov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, həmçinin dərman vasitələrinin istehsalı ilə məşğul olan şirkətlərin təmsilçiləri iştirak ediblər.
Tədbirdə bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə aparılan iqtisadi islahatlar və əlverişli biznes mühitinin formalaşdırılması qeyri-neft sektorunun, o cümlədən əczaçılıq sənayesinin inkişafına geniş imkanlar yaradır. Bu sahədə həyata keçirilən investisiya layihələri və yerli istehsalın təşkili ölkənin dərman təminatının gücləndirilməsinə xidmət edir.
Qeyd olunub ki, əczaçılıq məhsullarının istehsalı üzrə ixtisaslaşmış Pirallahı Sənaye Parkı rəqabətqabiliyyətli istehsal və emal müəssisələrinin yaradılması üçün əlverişli infrastrukturla təmin olunub. Parkda formalaşan investisiya portfeli təxminən 130 milyon manat təşkil edir. Burada “Diamed Co”, “R-Pharm” kimi şirkətlər artıq istehsal fəaliyyətini həyata keçirir, “Falck”, “Supreme Pharmatech” və digər şirkətlər isə istehsala başlamağı planlaşdırır.
Bununla yanaşı, sənaye parklarından kənarda da əczaçılıq sahəsində iri layihələrin icra edildiyi vurğulanıb. “Scandens Pharmaceutical Industries LTD” tərəfindən inşa olunan və bu ilin noyabrında dövlət başçısının iştirakı ilə açılışı baş tutan yeni zavodun müasir texnologiyalarla istehsal potensialını artırdığı bildirilib. Ələt azad iqtisadi zonasında reallaşdırılan “BioPharmax” layihəsi isə ölkədə müxtəlif tibbi məhsulların istehsalının genişləndirilməsini nəzərdə tutur.
Məlumat verilib ki, əczaçılıq sənayesində fəaliyyət göstərən və tikilməkdə olan müəssisələr üzrə ümumi investisiyaların həcmi 265 milyon manatdan artıqdır. Qarşıdakı əsas hədəflər sırasında yerli istehsalın genişləndirilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılması və idxaldan asılılığın azaldılması xüsusi qeyd olunub.
Görüşdə əczaçılıq sahəsində mövcud çağırışlar və inkişaf istiqamətləri ətrafında geniş müzakirələr aparılıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

