Tanınmışların İnstaqramda reklam qiymətləri ilə bağlı süjeti izlədim. İzlədiyim sujetdə bəzi tanınmış simaların bir İnstaqram paylaşımı üçün istədiyi məbləğlər məni təəccübləndirdi. Onların təklif etdiyi qiymətlər real bazar qiymətlərindən çox-çox yuxarıdır. Yəni 1500–2500 manat arası olan bu məbləğlərə orta hesabla çox az maaş alan insanlara rast gəlmək olar.
Mənə çox maraqlıdır: onların auditoriyası, yəni izləyici kütləsi, nə dərəcədə alış-veriş potensialına malikdir? Reklam verən üçün internetdə vaxt keçirən insanlar doğrudanmı bu qədər önəmlidir?
Təəssüf ki, bir çox hallarda bu sualın cavabı “xeyr”dir. Çünki sosial şəbəkələrdə “like” yığan, gündəmdə qalmaq üçün hər hoqqaya gedənlər şirkətlər və məhsullar üçün real müştəri deyil.
Sadəcə vizual effektdir . Sarışın ,marketinqin görünməyən aysberqidir. Lakin bəzi sahibkarlar bu “reklam sehrinə” aldanır. Onlar düşünür ki, məşhur bir simanın paylaşımı satışın sürətlə artması deməkdir. Halbuki, “məşhurların” təbliğ etdiyi məhsul bir neçə saatdan və gündən sonra unudulur.
Ən ağrılısı isə odur ki, cəmiyyət də bu mənasızlığa doğru gedir. İctimai dəyərlər yavaş-yavaş zəhmət və intellekt əvəzinə boş şou və mənasız davranışlara uduzur. İnsanı təəssüfləndirən isə budur ki, oxuyan, yazan, düşünən – lap belə dəqiq desək – əziyyət çəkən insanlar sosial mediada bu qədər görünmür, amma mənasız sözlər danışanlar, soyunanlar, ərini-arvadını efirdə təhqir edənlər sonradan “fenomen” kimi tanınır.
Axı nə zamandan bəri məşhurluq elm- təhsillə yox, görüntü ilə qazanılır? Bu suala cavab olaraq demək olar ki, indiki məşhurluq əməllə, savadla olmur. İndiki məşhurluq – bir daha qeyd edirəm soyunmaqla, tullanmaqla, ərini-arvadını efirdə müzakirə etməklə qazanılır.
Dəyərlər o qədər sürətlə dəyişdi ki, bizlər də bunu cəmiyyət olaraq çox normal qarşıladıq. İnternet bizə imkan verdi, bəs biz bu imkanı niyə mənasızlığa sərf etdik?
Görəsən, min “like” bir mənəvi dəyəri əvəz edə bilərmi? Etməz.
Elə ona görə də əsl nümunə ola biləcək insanlar arxa planda qaldı. İndi heç bir sahibkar gəlib Cəlil Məmmədquluzadə və ya Anarın adına açılmış səhifədə reklam verməz. Əgər reklam verməli olsa, demək ki, hələ haradasa yaşamağa dəyər.
Və nəhayət: bu “reytinq” həqiqətən kimə lazımdır?
Savalan Talıblı
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin