Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın tərəfdaşlığı ilə “Rəqəmsal mühit və mənəvi dəyərlər: İnformasiya təziqlərinə qarşı sağlam yanaşma” mövzusunda tədbir keçirildi.İctimai Şuranın üzvləri olaraq bir sıra mühüm məsələlərə toxunduq, ətraflı fikir mübadiləsi aparıldı, təkliflər səsləndirildi. Universitet tələbələrinin də iştirak etdiyi tədbirdə informasiya təhlükəsizliyi, rəqəmsal mühitdə qarşılaşılan problemlər və onlarla mübarizə yolları, milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyəti mövzusuna da toxunuldu, gənclərin də fikirləri dinlənildi.
Müzakirədə Azərbaycan İlahiyyat İnstitutu da daxil olmaqla müxtəlif universitetləri təmsil edən tələbələrin də iştirak etməsi mövzu ətrafında daha aydın və hərətəfli nəticəyə gəlməyə kömək etdi. Gənc tələbələr onları düşündürən və narahat edən bəzi məsələlər haqda danışdılar. Əsasən sosial şəbəkələrdə qarşılaşdıqları dezinformasiya və saxta xəbərlər, psixoloji manipulyasiya, istehlakçı yönümlü təzyiq, mənəvi dəyərlərə zidd məzmun və sairə problemlərdən söhbət açdılar. Moderator və Şuranın təmsilçiləri, professor heyəti və mütəxəssislər ortaya çıxan problemlərdən çıxış yolları haqda fikirlərini bildirdilər.

Həmçinin Şura üzvü olaraq mən də aşağıdakı məzmunda çıxış etdim:
Qloballaşan dünyada informasiya təzyiqlərinə qarşı duruş gətirmək üçün əsasən gənclərə mənəvi, milli dəyərlərimizi vaxtında düzgün aşılamaq vacibdir. Bunun üçün də məktəblərdə dinin, mənəvi dəyərlərin, dinlər tarixi və ən azı ölkəmizdəki konfessiyalar haqqında ətraflı məlumatın verilməsi lazımdır. Məktəblərdə hansı üsulda bu tədrisin aparılmasının metodu isə təkcə təhsil mütəxəssislərinin deyil, elm adamlarının, sosioloq, psixoloq və din bilginlərindən də ibarət komissiyanın müzakirəsi ilə müəyyən edilməlidir. Çünki orta məktəblərdə bilavasitə dini fənnin salınması bir çox yöndən mənfi nəticəyə də gətirə bilər. Din dövlətdən ayrıdır və ona görə də din haqda fənnin tədrisə salınması qanunla mümkün olmaya bilər. Habelə bütün İslam aləmində olduğu kimi məzhəb fərqi, tam obyektiv kadrların tapılması problemləri də çıxa bilər. Ona görə də üsulun tapılması üçün geniş müzakirə və dinləmələrə, başqa ölkələrin təcrübələrinin öyrənilməsinə ehtiyac var. İnformasiya təsirinə düşərək radikalizmə, xurafata, məzhəbçiliyə yuvarlanan şəxslər əsasən xarici təsirlər vasitəsi ilə yolunu azır. Xaricdə dini təhsilin qarşısı alınsa da informasiya idxalı davam edir. Sosial şəbəkələrdən istifadə ilə bağlı hansısa bir filter funksiyasını həyata keçirən mexanizm olmalıdır. Saxta dini ekspertlər, sosial şəbəkələrdə xarici din modellərini, xalqımızın tarixi şəxsiyyətlərinin adına açılmış profil və səhifələrdə təbliğini aparan mənbələr var. Məlumdur ki, düşmən qüvvələr bütün bu təxribatları milli birliyi pozmaq, dini zəmində nifaq salmaq üçün edirlər. İdeoloji, siyasi institutların işləyib ortaya atdığı bu hücumlar qarşısında gənclər də onların ailələri də aciz qalır. Ona görə bütün məsuliyyəti ailələrin üzərinə atmaq doğru deyil. Bütün bunların qarşısının alınması üçün ölkəmizdə də müvafiq mexanizm hazırlanmalı, institutlar işləməlidir. Gənclərdə milli, mənəvi dəyərlər, dinlərlə bağlı ən azı sağlam informasiya bazası olmalıdır ki, qarşılaşdıqları mənfi təbliğatlara sinə gərib, ən azı təsirə düşməsinlər. Xurafat və mövhumat ümumi mənada tənqid olunur, bu vacibdir. Amma xurafat və xurafatçılığın sərhədləri müəyyən olunmalıdır. Eyni zamanda dəyərlərlə də bağlı bu belədir. Bir inanca görə dəyər olan, digər inanca görə xurafat sayılır. Ona görə dəyər və xurafat məsələsində təkcə bir məzhəbin, bir dinin deyil, bütöv xalqımızın ümumi ehtiyacı nəzərə alınaraq dəyərlər və xurafatlar anlayışı konkretləşməlidir ki, gənclər tərəddüd və çaşqınlığa düşməsin. Dəyər hansıdır, xurafat hansıdır, konkret bilsin. Çünki çox zaman xarici təsirlərə düşənlər xurafatı, cəhalət və mövhumatı guya xalqımızın dəyəriymiş kimi cəmiyyətə aşılayırlar. Xarici təsirlər əsasən dəyər adı verilən xurafat altında ayaq tutur. Din xadimləri də müasir texnologiya, rəqəmsallaşma kimi məsələlərlə bağlı məlumatlı olmalıdır və gənclərin bu vasitə ilə kənar, zərərli təsirlərə düşməsinə qarşı maarifləndirmədə qatqıda bulunmalıdırlar.
Müasirlik və qloballaşma şəraitində milli-mənəvi dəyərlərin qorunması və düzgün təbliği üçün dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti, rəqəmsal mühitdə sağlam və təhlükəsiz informasiya mühitinin formalaşmasının vacibliyi tədbirdə natiqlər tərədindən qeyd edildi. İnformasiya təhlükəsizliyinin təmin olunması və gənclərin bu yöndə hazırlıqlı olmaları vurğulandı.
Tural İRFAN
Dinşünas, DQDK yanında İctimai Şuranın üzvü
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

