Dinimizdə insan vəfat edərkən yemək süfrələri açmaq buyuruğu yoxdur. Heç bir peyğəmbər vəfat edəndə belə iş görməyiblər. Bircə fakt yoxdur ki, məsələn, Lut, Hud, Saleh, Harun yaxud Musa peyğəmbərlərin vəfatı zamanı ehsan veriblər. Həmçinin Əhli-Beyt nümayəndələri vəfat, şəhid olarkən ehsan verilməyib. Bu, sonradan istismarçı qondarma ruhanilərin öz maraqları üçün dəb saldığı yanlış adətdir. Bundan mütləq qurtulmaq vacibdir. Çünki zərər və ziyanını, əhaliyə verdiyi əziyyətləri illərdir qeyd edirik, təbliğat aparırıq.
Bəzi qondarma mollalar bazarlarının bağlanmasından narahatlıq keçirib dəbdəbəli ehsan məclislərinin ləğvinə birbaşa yaxud dolayı maneələr yaratmağa cəhd edirlər. Bunun da qarşısını rəsmi din xadimləri almalı, əhalini düzgün maarifləndirməlidirlər. Ümumiyyətlə dində yas zamanı yemək vermək, ehsan süfrələri açmaq göstərişi, tövsiyyəsi yoxdur. Heç Həzrət Muhəmməd Peyğəmbər özü vəfat edəndə belə ehsan verilməyib. Kim yasa ölüyə hörmətə görə gəlirsə o başa düşəcək. Yox, kimsə ölünü bəhanə edib yeməyə, boğaz otarmağa gəlirsə eləsinin yasa gəlməyindən gəlməməsi yaxşıdır. Məgər yas, hüzn məclisi qarın doldurmaq yeridir? Kim ki, yemək verilmədiyinə görə yasa getmir, demək o şəxs ora başsağlığı verməyə, ölü sahibinə dəstək olmağa deyil, qarnını otarmağa gedir. Ancaq məsələ belədir ki, dəbdəbəli yas, ehsan süfrələri ləğv ediləndən sonra insanlar rahatlaşıb, əksinə gedib başsağlığı verib qayıdırlar. Əvvəlcə yemək – içmək, boş-boş söhbətlər o qədər olurdu ki, məclis yas məclisi təsiri bağışlamırdı, qonaqlığa oxşayırdı. Amma indi sadə və səmimi şəkildə yola verilir. Ləğv edilən bölgələrdən çoxsaylı təşəkkürlər gəlir ki, bizi bu israfçılıqdan qurtardınız. Düşünmürəm ki, bütün yerlərdə yemək olmadığından camaat yasa getməsin. Ola bilər gəlib başsağlığı verib tez gediblər. Çünki adətən camaat yemək süfrəsinə görə toplaşıb gözləyirdi həmişə. İndi də yemək olmadığına görə çox uzun zaman oturmayıb gediblər. Yas məclisi nə piket, nə aksiyadır, nə də konfrans. Nə də qarın otarmaq yeri. Harda yazılıb ki, yasda mütləq yüzlərlə adam olmalıdır? Hamı bir yerə toplaşmalıdır? Qətiyyən elə şey yoxdur. İnsanlar müxtəlif vaxtlarda da gedib başsağlığı verə bilər. Şərt o deyil ki, eyni vaxtda hamı bir yerə cəmləşə. Xurafatdan, cəhalətdən, dindən sui-istifadədən əl çəkmək lazımdır. Mərhuma rəhmət deyib, yas sahibinə başsağlığı verib, müəyyən qədər də dəstək olub dönüb qayıtmaq lazımdır. İslama uyğun yas belə olmalıdır.
Tural İrfan
İlahiyyatçı – alim
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin