Son illərdə Azərbaycanda “ictimai nəzarət” adı altında çoxsaylı qurumlar meydana çıxıb. Onlar özlərini xalqla dövlət arasında “körpü” kimi təqdim edir, vətəndaşların rifahı uğrunda çalışdıqlarını bəyan edirlər. Lakin bu iddiaların arxasında hansı real fəaliyyət dayanır? Bu təşkilatların səlahiyyətini kim verib və onlar indiyə qədər xalq üçün hansı işləri görüb?
İctimai təşkilatların yaranması qanunla mümkündür. Ancaq xalqın adından danışmaq, cəmiyyətin maraqlarını təmsil etdiyini iddia etmək üçün legitimlik lazımdır. Seçilməmiş, ictimai etimad qazanılmamış qurumların “biz xalqı təmsil edirik” deməsi suallar doğurur. Əslində, bu səlahiyyəti onlara nə xalq, nə də dövlət verib – sadəcə özlərini bu rolda görmək istəyirlər.
Mövcud reallıq göstərir ki, bu təşkilatlar daha çox formal addımlarla məşğuldur. Onlar rayonlarda və Bakının müxtəlif yerlərində şöbələr açdıqlarını elan edir, insanlara “üzvlük” adı altında vəsiqələr paylayır, “ictimai nəzarətçi” statusu verir. Bu vəsiqələr isə nə hüquqi əsasa, nə də ictimai çəkisinə malikdir.
Əksinə, vəsiqələrin paylanması daha çox görüntü yaratmaq məqsədini daşıyır. İnsanlar təşkilata üzv olmağa təşviq edilir, amma onların üzv olması ilə real hüquqlar və ya təsir gücü qazanılmır. Beləliklə, təşkilatlar özünü geniş şəbəkəyə malik kimi göstərir, amma bu şəbəkənin fəaliyyətinin faydası xalqa çatmır.
Təəssüf ki, bir çox belə qurumların rəhbərləri şəxsi maraqlarını ictimai maraqların önünə qoyur. Onlar ictimai nəzarət adı altında vətəndaşlardan üzvlük haqqı toplamaq, müxtəlif vədlərlə insanları aldadaraq şəxsi mənfəət əldə etmək halları ilə məşğuldur.
Məsələn, bəzi sədrlər “biz dövlət orqanları ilə xüsusi əlaqələrə malikik, sizin müraciətinizi birbaşa rəhbərliyə çatdıracağıq” kimi vədlər verir. Reallıqda isə bu vədlər ya yerinə yetirilmir, ya da formal sənəd xarakteri daşıyır. İnsanlar isə gözlənilən fayda əvəzinə, həm vaxtını, həm də müəyyən vəsaitini itirmiş olur.
Belə işbazlıq yalnız maliyyə məsələləri ilə məhdudlaşmır; bəzi hallarda sədrlər ictimai nüfuzdan istifadə edərək şəxsi tanışlarını və yaxınlarını müxtəlif layihələrə daxil edir, və ya təşkilatın imicini öz kommersiya maraqlarına yönəldir. Bu isə xalqın inamını sarsıdır və ictimai nəzarətin mahiyyətini məhv edir.
Həqiqi ictimai nəzarət – problemləri obyektiv araşdırmaq, dövlət qurumlarından hesabat tələb etmək, şəffaflıq uğrunda mübarizə aparmaqdır. İctimai təşkilatlar yalnız formal nəzarətçi yox, həm də təşəbbüskar olmalıdır. Xalq üçün sosial layihələr həyata keçirmək, maarifləndirmə işləri aparmaq, cəmiyyətin səsini dövlətə çatdırmaq onların əsas vəzifəsidir.
Bugünkü mənzərə göstərir ki, “ictimai nəzarət” adı ilə fəaliyyət göstərən çoxlu təşkilatların fəaliyyəti daha çox formal xarakter daşıyır. Onlar nə real ictimai təsir gücünə malikdir, nə də xalqın maraqlarını əsl mənada müdafiə edirlər. Əksinə, bəzi təşkilat rəhbərlərinin işbaz və dələduzluğu, vəsiqə paylama və formal şəbəkə təsiri göstərmə cəhdləri ictimai etimadı sarsıdır.
Əgər bu qurumlar sadəcə vitrin üçündürsə, onların “xalqla dövlət arasında körpü” olmaq iddiası yalnız bir illüziyadır. Əsl körpünü yalnız şəffaflıq, hesabatlılıq və vətəndaşın sözünün dəyər qazanması qura bilər.
Sədaqət Əliyeva
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

