Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Təklə kənd qəbiristanlığında Azərbaycan Respublikasının Xalq Artisti İlham Əsgərovun məzarını ziyarət edib, sənətkarın xatirəsini ehtiramla yad edib.
İlham Əsgərov Azərbaycan teatr və kino sənətinin unudulmaz simalarından biridir. O, səhnədə yaratdığı obrazlarla tamaşaçıların qəlbində dərin iz buraxıb. İstedadı, səmimiyyəti və səhnə mədəniyyəti ilə hər kəsin sevimlisinə çevrilən sənətkar eyni zamanda Azərbaycan Radiosunun məşhur “Bulaq” verilişinin aparıcısı kimi də yaddaşlarda iz qoyub.
İlham Əsgərov 28 oktyabr 2000-ci ildə “Əməkdar artist”, 15 may 2006-cı ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Onun sənət fədakarlığı və yaradıcılıq yolu dövlət tərəfindən dəfələrlə yüksək qiymətləndirilib – sənətkar 9 may 2012-ci il, 30 aprel 2014-cü il və 6 may 2015-ci illərdə Prezident Mükafatına layiq görülüb.
İlham Əsgərovun sənət irsi bu gün də tamaşaçıların yaddaşında yaşayır, onun səsi, obrazları və sənətə olan sevgisi Azərbaycan mədəniyyət tarixinin parlaq səhifələrindən biri kimi qalır.
Qeyd edək ki, sevilən aktyorumuz İlham Əsgərov 6 sentyabr 2015- ci ildə dünyasını dəyişib.
Allah rəhmət etsin…
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

