İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) hüquq və konsaltinq şirkətlərinin nümayəndələri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı mövzusunda onlayn görüş təşkil edib.Görüşdə DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin əməkdaşı Bəhriyyə Məmmədova təqdimatla çıxış edərək biznesə başlama sahəsində həyata keçirilən islahatlar, biznesin qeydiyyatı qaydalarında aparılan təkmilləşdirmələr və qanunvericilikdə edilən dəyişikliklər barədə məlumat verib. Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru üzrə görülən işlər diqqətə çatdırılıb, 2025-ci il üzrə Yol Xəritəsinin yekunlaşmaq üzrə olduğu bildirilib.Qeyd olunub ki, il ərzində xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxslərə aid elektron apostilli sənədlərin distant rəsmiləşdirilməsi, konsul leqallaşdırılması informasiya sisteminin yaradılması, benefisiar mülkiyyətçilərin reyestrinin aparılması və təsisçi dəyişikliyinin proaktiv qeydiyyatı istiqamətində mühüm addımlar atılıb.
Tədbir iştirakçılarına qeydiyyat sahəsində statistik dinamika, elektron qeydiyyatın xüsusi çəkisinin artması, eləcə də xarici investisiyalı müəssisələrin artım göstəriciləri təqdim olunub. Görüş zamanı mövcud çağırışlar və təkmilləşmə imkanları müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

