Azərbaycan dövlət müstəqilliyini yenidən qazandıqdan sonra inkişaf strategiyasının mərkəzinə hüquqi, demokratik və insan amilinə əsaslanan dövlət modelini yerləşdirdi. Bu dövrdən etibarən insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması, normativ-hüquqi bazanın yaradılması və qanunvericilik sisteminin müasir tələblərə uyğun təkmilləşdirilməsi istiqamətində ardıcıl, düşünülmüş islahatlar həyata keçirildi. Aparılan siyasətin əsas məqsədi cəmiyyət üçün hər bir fərdin dəyərli olduğunu təsdiqləmək, insanın kənarda qalmasına deyil, onun islah olunaraq yenidən ictimai həyata inteqrasiyasına imkan yaratmaqdır. Məhz bu baxımdan amnistiya aktlarının qəbulu və əfv sərəncamlarının imzalanması dövlət siyasətinin humanist prinsiplər üzərində bərqərar olduğunun ən bariz nümunəsidir. Azərbaycan suveren, demokratik və hüquqi dövlət olaraq insan azadlığını təməl hüquq kimi tanıyır və vətəndaşlarına səhvlərini dərk edib cəmiyyətə faydalı fərd kimi qayıtmaq imkanı yaradır. Bu humanist dövlətçilik ənənələrinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ulu Öndərin siyasi iradəsi və xilaskarlıq missiyası nəticəsində müstəqil Azərbaycan dövləti qurulmuş, hüquqi dövlət modelinin möhkəm təməli yaradılmışdır. Onun rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi əsasını formalaşdırmışdır.
Bu möhkəm təməl üzərində qurulan siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla, qətiyyətlə və müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Prezident İlham Əliyevin dövlət idarəçiliyinin mərkəzində insan amili dayanır. Vətəndaş rifahı, sosial ədalət, mərhəmət və humanizm onun siyasi xəttinin əsas ideoloji dayaqlarıdır. Təsadüfi deyil ki, Azərbaycanda əlamətdar tarixi günlərdə, milli bayramlar və böyük qələbələr ərəfəsində çoxsaylı insanların cəzadan azad edilməsi artıq ənənəyə çevrilib. Minlərlə ailəyə sevinc bəxş edən bu qərarlar insanların ailələrinə qovuşmasına, cəmiyyətə yenidən inteqrasiyasına imkan yaradır. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu baxımdan xüsusi rəmzi məna daşıyır. Dövlət müstəqilliyimizin və suverenliyimizin tam bərpa olunduğu bir dövrdə Prezident İlham Əliyev humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq 15 dekabr 2025-ci il tarixində amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs bir daha sübut edir ki, güclü dövlət olmaqla yanaşı, Azərbaycan mərhəmətli və ədalətli dövlətdir.
Hazırlanan Amnistiya Aktı layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü ilin 19–20 sentyabr tarixlərində keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, həmin əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistanın hərbi təxribatları nəticəsində mülki əhali arasında əlil olmuş şəxslər amnistiyadan yararlana biləcəklər. Eyni zamanda qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar və digər həssas kateqoriyalara aid şəxslərin də cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən, az ağır və ya ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzaları azaldılacaq və ya tamamilə ləğv ediləcək. Proqnozlara görə, bu amnistiya aktı ümumilikdə 20 mindən çox şəxsi əhatə edəcək. 5 mindən artıq məhkum azadlıqdan məhrumetmə cəzasından azad ediləcək, 3 mindən çox şəxsin cəzası azaldılacaq, minlərlə insan isə digər cəza növlərindən və cinayət məsuliyyətindən xilas olacaq.Bu, müstəqil Azərbaycanın tarixində miqyasına görə ən böyük amnistiya olacaq.
Ümumilikdə, 1995-ci ildən bu günədək qəbul edilmiş 12 amnistiya aktı 130 mindən artıq şəxsə şamil olunub. Bu aktlar cinayət siyasətində humanizmin gücləndirilməsinə, cəzaların fərdiləşdirilməsinə və islah məqsədlərinin ön plana çəkilməsinə şərait yaradıb. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə qəbul edilən amnistiya aktı xüsusi əhəmiyyət daşıyır. Həmin amnistiya 17 mindən artıq şəxsi əhatə edərək, tarixi Qələbənin yaratdığı milli birlik və humanizm ruhunun hüquqi müstəvidə təcəssümünə çevrilib. Amnistiya və əfv siyasətinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu olub. 1995–2003-cü illər ərzində onun tərəfindən 32 əfv fərmanı imzalanıb, eyni zamanda 7 amnistiya aktı qəbul edilib. Bu qərarlar ölkədə hüquqi dövlət quruculuğunun və insan amilinə verilən dəyərin göstəricisi kimi qiymətləndirilir. Xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə elan edilən amnistiya aktı 15 minə yaxın şəxsi əhatə etməklə tarixə düşüb. 2003–2025-ci illərdə isə Prezident İlham Əliyev tərəfindən 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. Bu müddət ərzində imzalanmış əfv sərəncamları 7 060 nəfərə şamil olunub və minlərlə ailənin sevincinə səbəb olub. Ümumilikdə, indiyədək imzalanmış 71 əfv fərmanı və sərəncam nəticəsində 10 162 məhkum əfv edilib. Bu rəqəmlər Azərbaycan dövlətinin cəza siyasətində cəzalandırmadan daha çox islah və bağışlama prinsipinə üstünlük verdiyini aydın şəkildə nümayiş etdirir. Milli Məclisin deputatı olduğu dövrdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə müxtəlif illərdə amnistiya aktlarının qəbul edilməsi də bu humanist siyasətin ardıcıl və sistemli xarakter daşıdığını təsdiqləyir. Bu təşəbbüslər sosial ədalətin gücləndirilməsinə və cəmiyyətin rifahına xidmət edib.
Azərbaycanda həyata keçirilən amnistiya və əfv siyasəti dövlətin insan hüquqlarına hörmətini, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna sadiqliyini nümayiş etdirir. Bu siyasət həm milli maraqlara, həm də ümumbəşəri dəyərlərə uyğun olaraq davam etdirilir.

Hüseynova Samirə Adəm qızı.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir