Heyvanlara, xüsusən də ev heyvanlarına diqqətli olmaq, qayğı göstərmək insanlıq borcumuzdur. Bəziləri heyvanlara işgəncə verir, onları incidir. Bu həm dinimizə görə günah həm də sosial, insani baxımdan insana yaraşmayan hərəkətdir.
Sumqayıtda bir şəxsin pişiklərin dilini kəsdiyi haqda məlumatlar yayılıb. Bu çox təəssüf yaradan hadisədir. Heyvanlar Allahın dilsiz bəndələridir. Onlara əzab vermək daha böyük qəbahətdir. Çünki onun cavab vermək, şikayət etmək, haqqını tələb etmək imkanı yoxdur. Heyvanları hətta küçədə, yolda gördükdə mümkün qədər onlara diqqət göstərib qayğısına qalmalıyıq.
El adətimizə görə də heyvana su, yemək verməyi nənələrimiz savab hesab ediblər. İncildə belə bir hadisə qeyd olunur ki, günahkar bir qadını, səhrada susuzluqdan ölmək üzrə olan itə su verdiyinə görə Allah bağışlayıb. Hətta o qadın qab olmadığına görə öz ayaqqabısına ip bağlayıb su quyusuna salaraq oradan su çəkib. Yəni heyvanlar həyatımızın bir hissəsi, təbiətin yaralıdırlar. Təsəvvür etsək ki, dünyada heç bir heyvan yoxdur, necə də bədbin görüntü yaranar.
Heyvana işgəncə verən, əziyyət edən adamların özündə adətən problem olur. Bu məsələyə qarşı aidiyyəti qurumlar da gərək diqqətli olsunlar. Bəzən küçələrdə sahibsiz itlərlə rastlaşırıq ki, onlara heç bir diqqət göstərilmir, yem verilmir, dərman, peyvənd olunmurlar.
Aidiyyəti qurumlar nədənsə onları toplayıb normal yer düzəldib ora yerləşdirmirlər. Çox acınacaqlı halda küçədə balalayıb artıb çoxalır, avtomobillərin arası ilə şütüyürlər. Bəzən insanlara hücum edənləri də olur, dişlədiyi də olur. Əti yeyilən heyvanları hətta kəsərkən onlara əziyyət vermək olmaz. Digər ev heyvanlarına da sahibləri, əgər yoxdursa aidiyyəti qurumlar qayğı göstərməlidirlər ki, xəstələnib insanlara əziyyət verməsinlər.
Heyvanların qayğısına qalmaq, onlara əlimizdən gəldiyi qədər diqqət göstərmək insanlıq borcumuzdur.
Sədaqət Əliyeva
Sosioloq
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin