Tarix zaman-zaman mühüm paralellərlə bizə keçmişin davamı olan hadisələri xatırladır. 

24 il əvvəl — 2001-ci ilin aprelində — mərhum Prezident Heydər Əliyev və Ermənistanın o zamankı rəhbəri Robert Köçəryan arasında ABŞ-ın Vaşinqton şəhərində, Ağ Evdə mühüm bir görüş keçirilmişdi. Bu görüş bölgədə sülh və sabitlik naminə atılmış ciddi diplomatik addımlardan biri kimi yadda qaldı.

Bu gün isə, illər sonra, eyni məkanda — Ağ Evdə — Prezident İlham Əliyevin Ermənistanla sülh sazişi imzalayacağı gözlənilir. Tarix təkrarlanırmı?  Bu, bir arzu və məqsədin gerçəkləşməsidir?

Bu sualları Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli Yenifikir.media üçün cavablandırıb.

Əvvəlcə qeyd edim ki, 24 il əvvəl Ümummilli Lider Heydər Əliyevlə R. Koçaryan arasındakı görüş ABŞ-ın Florida ştatına məxsus kiçik bir adada yerləşən Ki-Vest şəhərində, Harri Trumen adına “Kiçik Ağ Ev” adlanan binada baş tutmuşdu.

Ulu Öndər 2001-ci il aprelin 1-dən 14-dək ABŞ-da keçmiş “Dağlıq Qarabağ” münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmaq məqsədilə səfərdə olmuş, aprelin 3-dən 6-dək fasiləsiz olaraq 4 gün ərzində həmin məkanda gərgin müzakirələr keçirmişdi. Bu görüş ABŞ-ın o zamankı dövlət katibi Kolin Pauellin vasitəçiliyi və ATƏT-in bədnam Minsk qrupu həmsədrlərinin iştirakı ilə baş tutmuşdu.  

Görüşdə Minsk qrupu münaqişənin tənzimlənməsi ilə bağlı üç təklif irəli sürmüşdü ki, onların heç biri Azərbaycanın maraqlarına cavab vermirdi. Həmin vaxt Azərbaycan, münaqişənin dinc və sülh yolu ilə həll olunacağı təqdirdə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa ən yüksək dərəcəli özünüidarə statusu verilə biləcəyini bəyan edirdi. Ümumilikdə, 1999-cu ilin aprelində ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda başlanan danışıqlar mərhələsi, tərəflərin dövlət başçıları səviyyəsində birbaşa görüşləri şəklində Cenevrə, Moskva, İstanbul, Paris, Minsk, Davos, Yalta, Azərbaycan-Ermənistan sərhədi və nəhayət Ki-Vestdə keçirilmişdi. 1999-cu ilin sonunda tərəflər kompromis əldə etməyə yaxın olduqları vaxt Ermənistan əldə olunmuş razılaşmalardan geri çəkilmişdi.

Ümummilli Lider Heydər Əliyev Ki-Vest danışıqları zamanı açıq bəyan etmişdi ki:

“Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etdiyinə və danışıqlarda bu üstünlükdən istifadə etdiyinə görə biz Ermənistanla razılığa gələ bilmirik. Ermənistan hər vəchlə Azərbaycanın ərazisinin bir hissəsini qoparmağa, özünə birləşdirməyə və ya Dağlıq Qarabağ üçün müstəqillik statusuna nail olmağa çalışır.”

1994-cü ilin mayında düşmən tərəfi atəşkəsə vadar edilməsinə, Azərbaycanda ordu quruculuğunun yüksək səviyyədə davam etməsinə baxmayaraq, həmin dövrdə ölkəmizin düşmənə qarşı ən güclü silahı məhz Ulu Öndər Heydər Əliyev şəxsiyyəti idi. Bu, faktdır ki, məhz Onun məqsədyönlü fəaliyyəti ermənilərə keçmiş “Dağlıq Qarabağ”la bağlı işğalçı planlarını həyata keçirməyə imkan vermədi.

Həmin dövrdə və ondan sonrakı illər ərzində Ermənistan işğal siyasətini davam etdirdi. Həm Ümummilli Lider Heydər Əliyevin, həm də 2003-cü ildən etibarən ölkəyə rəhbərlik edən Prezident İlham Əliyevin “Azərbaycan öz ərazisində təcavüzkar Ermənistana ikinci erməni dövləti yaratmağa imkan verməyəcəkdir” kimi qətiyyətli bəyanatları Ermənistan tərəfindən daim qulaq ardına vurulurdu.

Lakin uzun illər ərzində müstəqil dövlət quruculuğu sahəsində atılan uğurlu addımlar, beynəlxalq aləmdə yürüdülən diplomatik fəaliyyət öz real nəticəsini verdi. Bədnam Minsk qrupu və digər vasitəçilər “münaqişənin sülhdən başqa həll yolu yoxdur” tezisi ilə əslində Azərbaycanı məğlubiyyətlə barışmağa məcbur etməyə çalışsalar da, bu, baş vermədi. 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan özünün tam hüququ olan alternativ yolla — hərb yolu ilə münaqişəni kökündən həll etdi. Beləliklə, ermənilərin 30 ilə yaxın sürdürdüyü “sülh yolu ilə həll” ideyası iflasa uğradı. Azərbaycan döyüş meydanında düşməni məhv edərək, diz çökdürdü və öz tarixi torpaqlarını geri qaytardı.

Əgər 2001-ci ildə ABŞ-da ermənilərlə keçirilən görüşdə Ermənistan müvəqqəti qalib dövlət ədası ilə iştirak edirdisə, bu gün Vaşinqtonda keçirilən görüşə Azərbaycan dövləti qalib və söz sahibi kimi qatılır. Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi ədaləti bərpa etmiş, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycanın lideri kimi bu görüşdə sülh sazişinin şərtlərini diktə edir.

2025-ci il iyulun 19-da Xankəndidə keçirilmiş 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdə ABŞ-da baş tutacaq üçtərəfli görüşün ilkin siqnalları verilmişdi. Artıq aydındır ki, Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul edib və sülh sazişi üzrə ölkəmizin mövqeyi ilə razılaşmağa məcbur olub. O cümlədən, Minsk qrupunun buraxılması, Ermənistan Konstitusiyasındakı əsassız ərazi iddialarına son qoyulması və Zəngəzur dəhlizinin açılması ilə bağlı konsensus əldə olunub. Xüsusilə qeyd edilməlidir ki, 2025-ci ildə danışıqların sürətlə və uğurla aparılmasında ABŞ Prezidenti Donald Trampın təşəbbüsləri və vasitəçilik səyləri mühüm rol oynayıb. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra ötən beş ilə yaxın müddətdə məhz cənab Trampın təşəbbüsləri real və ədalətli nəticələrə gətirib çıxardı.

30 illik işğala son qoyan müzəffər dövlətimiz artıq 5 illik sülh müqaviləsi üzrə danışıqlar prosesinin əsas mərhələsinin uğurla nəticələnməsinin tarixi anlarını yaşayır. Bu hadisə həm də Ümummilli Lider Heydər Əliyevin arzularının reallaşması deməkdir. Hələ 2003-cü il oktyabrın 1-də prezident seçkilərinə bir neçə gün qalmış etdiyi məşhur müraciətində Ulu Öndər qeyd edirdi ki:

“Yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə hər şeyi, o cümlədən ərazi bütövlüyü və digər məsələləri həll etmək olar. Əminəm ki, bu, məhz belə də olacaq.”

Elman Cəfərli  həmçinin əlavə edir:

“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Bu gün Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun gerçəkləşdiyi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ata vəsiyyətini tam şəkildə yerinə yetirdiyi gündür. Əminik ki, dövlətimiz və xalqımız bundan sonra da tariximizə yalnız böyük zəfərlər yazacaqdır.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir